Məhkəmə qərarları › İş №8(103)-464/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-464/2021

02.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-464/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadından Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2169/2021 saylı, 29 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ilə birgə nikahda olan X1 adına aşkar olunmuş “Cherry Flaggloud minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2169/2021 saylı, 29 yanvar 2021-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 689 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilsə də, tələb təmin edilməmişdir. “Elektron-icra” sistemində Borclu hesablarında pul vəsaitinin olması aşkar edilməsə də, onunla birgə nikahda olan X1 adına “Cherry Flaggloud minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-250/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. İcra məmuru Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-250/2021 saylı 20.04.2021-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-250/2021 saylı 20.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2169/2021 saylı, 29.01.2021-ci il tarixli icra sənədi üzrə Borclu ilə X1 mülkiyyətində olan “CHERRY FLAGGLOUD” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-250/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən - tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.8-ci bəndinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 224-cü maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, üzərinə həbs qoyulması xahiş olunan “Cherry Flaggloud minik” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, borcluya məxsus əmlakın üzərinə həbs qoyulmasının məqsədi tutmanın həmin əmlaka yönəldilməsi yolu ilə tələbin təmin edilməsidir. Təqdimat isə onunla əsaslandırılmışdır ki, borclunun arvadının adına avtomobil aşkar edilmişdir və ehtimal edilir ki, həmin əmlak ümumi birgə mülkiyyətdədir. Lakin avtomobilin mülkiyyətçisinin borclunun arvadı olması həmin avtomobilin birgə mülkiyyət hesab edilməsi üçün kifayət deyildir. Bu barədə ər-arvadın ümumi mülkiyyətinə dair Mülki Məcəllənin 225-ci maddəsində anlayış verilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, avtomobil onun mülkiyyətçisi ilə borclu şəxsin birgə mülkiyyət hesab edilsə belə, onların əmlakdakı payları müəyyən edilmədən həmin əmlaka tutma yönəldilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-250/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar