Məhkəmə qərarları › İş №8(103)-467/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-467/2021

08.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-467/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Tələbkar vəkili X1, Borclu vəkili Vəkil1 Nurəli oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4461/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə verilmiş icra sənədinə əsasən, Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd şadlıq sarayının, 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, iki mərtəbəli və 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, üç mərtəbəli qeyri-yaşayış obyektlərinin (Simfoniya şadlıq sarayı) üzərinə həbs qoyulması, habelə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən şadlıq saraylarında olan - 5 ədəd Baymak firmasının istehsalı olan kombi istilik sistemi, 31 ədəd “Mitsubishi” firmasının istehsalı olan kondisionerlərin, müxtəlif dioqnallı 8 ədəd televizorun, 1 ədəd “Teksan” firmasının 400 kilovatlıq genoratorun, çilçıraqlar 192 ədəd - 5 ədəd tavan tipli, 1 ədəd 60 kv.m olan (oval şəklində) oturacağın, 4 ədəd 18 kv.m, buta şəkilli qızılı rəngdə olan oturacağın, 6 ədəd tavan tipli diametri 120 sm, 12 ədəd asma diametri 90 sm olan hündürlüyü 240 sm, 1 ədəd asma tipli hündürlüyü 4 metr, 70 ədəd asma tipli müxtəlif ölçülərdə, 50 ədəd divar tipli qızılı və gümüşü rəngdə çilçıraqların, monitor - 113 kv.m - 4 ədəd, 10 kv.m, 1 ədəd 7 kv.m, 4 ədəd 8,5 kv.m, 1 ədəd 8 kv.m, 4 ədəd 3 kv.m, səhnələrdə hissə-hissə 20 kv.m, 6 ədəd divan, 4 dəst ofis mebeli, 140 ədəd masa - 60 ədəd dairəvi, 80 ədəd düzbucaqlı, 700 ədəd qızılı rəngdə stulların, 500 ədəd gümüşü rəngdə stul, 35 dəst pərdə,150 ədəd masa üçün süfrə, 1.000 nəfərlik qızılı zal üçün, 700 nəfərlik gümüşü zal üçün qab-qacaq dəsti, 2 dəst furşet vitrini, 8 ədəd gümüşü, 12 ədəd qızılı foe masası, 12 ədəd zuum tipli rəngli işıqlar, 36 ədəd BEAM tipli rəngli işıqlar, 32 ədəd Led Pa böyük, 30 ədəd Led Pa kiçik işıqlar, 125 ədəd təhlükəsizlik kamerası, mətbəx əşyaları (4 ədəd stosianar tipli soyuducu, 16 ədəd şkaf tipli soyuducu Özkaya firması, 2 ədəd professional konveyrli qabyuyan maşın, 32 ədəd iş masası Özkaya firması, 1 ədəd 40 lövhəli, 1 ədəd 10 lövhəli, 1 ədəd 20 lövhəli konveksion sobalar Özkaya firması, 4 ədəd qabyumaq dəzgahı, 2 ədəd qazanyuma dəzgah, 2 ədəd təkərli yemək termosu (isti araba), 2 ədəd qazan üçün yer peçi, 2 ədəd 6 gözlü qaz peçi, 2 ədəd 4 gözlü elektrik peçi, 2 ədəd fri hazırlanması üçün avadanlıq (peç), 2 ədəd devrilir tava, 8 ədəd 4 rəfli qab şkafları (ayaqlı), 6 ədəd 2 rəfli qab şkafı (asma tipli), 2 ədəd aspirator Özkaya firması, 2 ədəd buz maşını, 2 ədəd samovar, 24 ədəd ofisiant arabası (mebel), 8 ədəd 3 rəfli servis arabası (metalik), 6 ədəd qab daşıma arabası (plastik), 2 ədəd şokolad fontanı aparatı, 2 ədəd kofe və coppicino aparatı Siman firması, 4 ədəd meyvə sıxan aparat, müxtəlif məxtəx alətləri, 4 dəst dekorasiya və bəzək əşyalarının, 3 dəst bəy - gəlin masası və kreslolarının üzərinə həbs qoyulması, həmin əşyaların siyahıya alınaraq cavabdeh Borclu saxlancına verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədində göstərilən əşyaların üzərinə həbs qoyularkən onlardan istifadəainin də qadağan edilib-edilməməsi məsələsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar tərəf dəfələrlə şöbəyə müraciət edərək icra sənədində göstərilən əşyaların üzərinə həbs qoyulmasının həmin əşyaların istifadəsinin qadağan edilməsini də ehtiva etdiyini bildirərək icra sənədi üzrə icraata xitam verilməsinə etiraz edərək, əşyaların istifadəsinin qadağan edilməsi üçün icranın davam etdirilməsini tələb etmişdir. Odur ki, icra sənədində göstərilən əşyaların üzərinə həbs qoyularkən onlardan istifadəainin də qadağan edilib-edilməməsi məsələsinə izah verilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı ilə (Sədrlik edən hakim Etibar Mustafayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)4461/2021 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ərizəsinin təmin olunmaması qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30.07.202l-ci il tarixli qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi öz qərardadını “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Üzərinə həbs qyulmuş əmlakin saxlanmasi” Qaydasi və Şərtlərinin 1-ci bəndi ilə əsaslandırmışdır. Göründüyü kimi üzərinə həbs qyulmuş əmlakin saxlanmasının şərtləri yuxarıda qeyd olunan Qaydalarda da öz əksini tapmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Üzərinə həbs qyulmuş əmlakın saxlanmasi” Qaydalarına istinad olunmuşdur ki, bu da icra hərəkətlərini çətinləşdirir və məhkəmə qərarının icrasına maneə yaradır. Belə ki, qərardadın icrası ilə bağlı 19.05.2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsinin Böyük icra məmuru Aqil Cəbiyev, borclunun atası, oğlu və qardaşı, tələbkar və tələbkarın nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuş, sözügedən əşyalar siyahıya alınmış, saxlanc üçün həbs qoyularaq Borclu saxlanca verilmişdir. Lakin buna baxmayaraq borclu Rafiq Allahvarov qərardadda göstərilən üzərinə həbs qoyulmuş, istifadəsi qadağan edilmiş və saxlanca verilmiş əşyalardan, həmçinin şadlıq saraylarından qanunsuz olaraq istifadə edir və şadlıq sarayında qərardadın tələblərini pozaraq, toylar keçirmişdir. Sözügedən qərardadda göstərilən əşyalar borclu tərəfindən qanunsuz olaraq istifadə edilməklə, aşınmaya məruz qala, köhnələ və yararsız hala düşə bilir. Simfoniya şadlıq sarayında hər gün toylar keçirilir və bəzi avadanlıqlar artıq yararsız hala salınmış, işlək vəziyyətdə deyildir, avadanlıqlar və əşyalar istifadə nəticəsində köhnəlir. Halbuki, bütün bu əşyalar onun vəsaiti hesabına əldə edilmişdir, ona məxsusdur. Bu isə qətnamənin gələcəkdə icrasına maneələr yarada bilər. Şikayətdə Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ərizəsinin təmin olunması barədə qərardad qəbul qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Tələbkar, Borclu və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Tələbkar vəkili X2 şikayəti müdafiə etdiyini bildirərək şikayətin dəlillərinə uyğun çıxış etdi, verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(001)-4461/2021 saylı icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin ərizəsinin təmin olunması barədə qərardad qəbul qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Borclu vəkili Vəkil1 Nurəli oğlu Tələbkar tərəfindən verilmiş şikayətə qarşı etiraz etdiyini bildirərək, verilmiş şikayətin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)4461/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədinə əsasən, Borclu məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən 0,49905 ha. torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd şadlıq sarayının, 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, iki mərtəbəli və 1 ədəd zirzəmili avtodayanacağın və xidməti otaqların, üç mərtəbəli qeyri-yaşayış obyektlərinin (Simfoniya şadlıq sarayı) üzərinə həbs qoyulması, habelə Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, X5 küçəsi, 13E ünvanında yerləşən şadlıq saraylarında olan avandanlıqlara və digər məişət əşyaların üzərinə həbs qoyulması, həmin əşyaların siyahıya alınaraq cavabdeh Borclu saxlancına verilməsi qərara alınmış və burada qeyd olunan tələblər tam aydın şəkildə ifadə olunmuşdur. Məhkəmə kollegiyası verilmiş şikayətin dəlillərini və işin faktiki halını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Üzərinə həbs qyulmuş əmlakin saxlanmasi” Qaydasi və Şərtlərinin 1-ci bəndinə əsasən, üzərinə həbs qoyulmuş əmlak saxlanması üçün borclunun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcı) təhvil verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı icra məmurunun razılığı ilə həmin əmlakdan istifadə edə bilər. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya onun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən məhdudiyyətlər qoyula bilər. Saxlayıcının bu əmlakı üçüncü şəxslərə verə bilmək imkanı icra məmuru tərəfindən məhdudlaşdırılır. Belə məhdudiyyətlərə əməl olunmaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardadlar qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu baxımdan Tələbkar tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar