Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-468/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar, Borclu nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı “evə köçürülmə və əşyaların mühafizə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, Sahə küçəsində yerləşən yaşayış sahəsi 72 kv.m olan 2 otaqlı yaşayış evinə köçürülməsi və həmin tikilidə olan əmlakının mühafizə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar Rasim qızı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hafiz İsrafilov ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icraatına xx.xx.2019-cu il tarixdə başlanılaraq Borclu könüllü icra müddəti təyin edilib bildiriş göndərilmişdir. Təyin edilmiş könüllü icra müddəti ərzində icra vərəqəsi könüllü qaydada icra edilməmişdir. Məcburi icra tədbirləri nəticəsində ünvan 1 ünvanını təyin etmək mümkün olmamışdır. Borclunu şöbəyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2018-ci il tarixli məktubuna və Xəzər rayon İcra Hakimiyyətinin Başçısının Qala qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli məktublarına əsasən ünvan 3 ünvanı yoxdur və qeydiyyata alınmamışdır. Ünvanı təyin etmək mümkün olmadığı üçün icra sənədinin icra etmək mümkün olmamışdır. Bu səbəbdən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı icra vərəqəsinin hansı qaydada icra edilməsi üçün qətnaməyə izah edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 8(003)-201/2019 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hafiz İsrafilovun ərizəsi rədd edilmişdir. Sözügedən qərardaddan Tələbkar tərəfindən şikayət verilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(003)-201/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 8(103)- 752/2019 saylı qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(003)-201/2019 saylı, qərardadı ləğv edilmiş və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(003)- 1445/2018 saylı qətnaməsinə aşağıdakı qaydada izah verilmişdir: Qətnamədə tələbkarın köçürülməsi nəzərdə tutulan ünvan 4 ünvanının -Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən hazırda isə stomoloji kabinet olan (yerində müayinə zamanı müəyyən edilmiş) obyektin sol tərəfində yerləşən dalanla üz-üzə Tələbkar mübahisələndirdiyi və əvvəllər yaşadığı ünvanla eyni olması kimi izah verilsin. Sözügedən qərardaddan Borclu nümayəndəsi və vəkili X3 tərəfindən şikayət verilmiş, Xəzər rayon Məhkəməsinin 8(003)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(103)-202/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin "qətnaməyə izah verilməsi" barədə ərizəsi üzrə Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadı ləğv edilmiş və iş izahla bağlı ərizəyə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(003)-1445/2018 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hafiz İsrafilovun ərizəsinin təmin edilməməsi qərara alınmamışdır. Qərardaddan Tələbkar şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi barədə qanunsuz və əsassız qərardad qəbul edərək, qanuni əsaslar olmadığından, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadına əsaslanmışdır. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası öz qərardadında göstərmişdir ki, məhkəmə qətnamənin izah olunması barədə məsələyə (ərizəyə) ayrıca icraat qaydasında deyil, aid olduğu işin davamı kimi, həmin icraatda baxmalıdır. Mülki işdə olan zəruri sənədlərin surətlərinin əlavə olunmaması prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməklə, ərizə üzrə obyektiv nəticəyə gəlməyə də imkan verməmişdir. Mübahisəli qərardaddan görünür ki, məhkəmə kollegiyasının müəyyən etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə ərizəyə yenə də ayrıca icraatda baxmış, mülki işdə olan sənədlər nəzərə alınmadan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş qətnamənin qət etdi hissəsindən görünür ki, iddiaçı Tələbkar ünvan 4 ünvanında yerləşən evə köçürülməsi müəyyən edilmişdir. Yəni, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Məhkəmə, qətnaməyə deyil, mülki iş materialları arasında olan iddia ərizəsinə diqqət yetirmiş olsaydı, müəyyən etmək olardı ki, iddia ərizəsində iddiaçı sahə küçəsi 5 ünvanına deyil, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə küçəsində yerləşən yaşayış sahəsi 72 kv.m olan 2 otaqlı yaşayış evinə köçürülməsini məhkəmədən xahiş etmişdir. Lakin buna baxmayaraq, məhkəmə qətnamədə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə küçəsi, 5 ünvanında yerləşən evə köçürülməsini qət etmişdir. Bundan başqa, məhkəmə kollegiyası qərardadında ünvanın (stomatoloji kabinet olan obyektin sol tərəfində yerləşən dalanla üz-üzə) özü də qeyri-müəyyən olmaqla, qanuni qüvvədə olan məhkəmə qərarına uyğun konkretləşdirilmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən qaydada izah verilməsi onun icrası zamanı əlavə çətinliklər yaradacaqdır. Məhkəmə qeyri-müəyyənliyi aradan qaldırmaq üçün ünvanı daha da konkretləşdirmək əvəzinə, ərizəni təmin etməməklə, daha asan yol seçmişdir. Bundan başqa, yerində müayinə zamanı Borclu oğlu İslam Əliyev evin X1 məxsus olduğunu və evə dair çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin çıxarışda ünvan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 163F olaraq göstərilmişdir. Hesab edir ki, məhkəmə borclu tərəfindən təqdim olunmuş çıxarışın həmin ünvana aid olub-olmamasını müəyyən etməklə də, ünvanı dəqiqləşdirə bilər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayəti müdafiə edərək, onun təmin edilməsini və Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında borclunun nümayəndəsi və vəkili X3 şikayəti qəbul etməyərək, Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Xəzər rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası tələbkarı və borcunun nümayəndəsini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-1/2020 saylı qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında həmçinin, qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların Səlahiyyətinə xələl gətirməməlidir. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəfindən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra-Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) məhkəmənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək ilə onun dəyişdirilməsinə və yaxud, onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnamə ilə müəyyən edilmişdir ki, qətnamə çıxarılan zaman Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, özbaşına tikili hesab edildiyindən, iddia ərizəsində qeyd olunan sahə “Sahə” küçəsi adı formal xarakter daşıyır. Kollegiya hesab edir ki, qətnamənin məzmununu dəyişdirmədək, birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırma aparılmaqla, qətnaməyə dəqiq izah verilməsi imkanları itirilməmişdir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə prosessual qanunvericiliyin tələbləri pozulmaqla baxıldığından, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş materialları təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən işdə iştirak edən şəxslərin məhkəmədə dinlənilməsi həyata keçirilməklə, prosessual qanunvericiliyin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, təqdimata qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)- 1/2020 saylı qərardadı ləğv edilsin, təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-468/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-468/2020
04.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver