Məhkəmə qərarları › İş №8(103)-469/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-469/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-469/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından X1 tərəfindən verilmiş şikayətlə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-637/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv olunması barədə tələbkar tərəfindən verilmiş şikayətlə bağlı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-226/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6372/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, X1 Borclu MMC-yə “Biznes” fakültəsinin dekanı vəzifəsinə bərpa olunmalı və onun qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23 noyabr 2015-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqı hesablanaraq borclu “Azərbaycan Universiteti" MMC-dən tutularaq X1na ödənilməlidir.

2. Borclu tərəfindən 2018-2019-cu illər ərzində hissə-hissə cəmi 76.990 manat məbləğində vəsait tələbkarın təqdim etdiyi bank hesabına köçürülmüşdür.

3. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra işi üzrə icraata xitam verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-6372/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı tələbkarın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6372/2016 nömrəli qərardadı ilə ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat davam etdirilmişdir.

6. İcra icraatı zamanı sənədlərin audit yoxlamasının aparılması “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, audit yoxlamasının qarşısında iddiaçı X2 işləmədiyi bütün dövr ərzində xx.xx.2015-ci ildən başlayaraq işə bərpa olduğu günə qədər (xx.xx.2017-ci ilədək) olan əmək haqqının hesablanması vəzifəsi qoyulmuşdur. Aparılmış audit yoxlamasının nəticəsi olaraq müəyyən edilmişdir ki, X1na işləmədiyi dövr üçün ödəniləcək əmək haqqı 94.916,67 təşkil edir.

7. 06.03.2023-cü il tarixli ödəniş tapşırığına əsasən borclu tərəfindən 17.926,67 manat tələbkarın hesabına köçürülmüşdür.

8. Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. X6 məhkəməyə şikayətlə müraciət edərək, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi və həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılması üzrə icraatın davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, icra üzrə onun işdən azad olunduğu xx.xx.2015-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2017-ci il tarixədək əmək haqqı 125.773,81 manat hesablanıb və bundan ona 94.916,67 manat ödənilib. Hesab edir ki, ona ödənilən 94.916,67 manatdan əlavə, ödənişin gecikdirilməsinə görə faizlər kimi Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 18.860,14 manat da ödəməlidir. Çünki, icra üzrə borclu bu məbləği 2017-ci ildə ödəməli idi. Lakin borclu ödənişləri 2018-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək müxtəlif vaxtlarda 16 hissədə ödəyib. Bundan əlavə, ona hesablanmış əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulmuş məbləğ də qanunsuzdur və bu məbləğ də ona qaytarılmalıdır. Belə ki, o, Borclundən işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək həmin Universitetlə əmək münasibətlərində olmadığından bu Universitetin həmkarlar təşkilatının üzvü olmamışdır. Həmin müddətdə bu təşkilatla heç bir ünsiyyəti və münasibətləri olmayıb və onun fəaliyyətində heç bir iştirakı olmayıb. Ona görə də ona ödəniləcək əmək haqqı məbləğinin 2%-nin həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulması qanunsuzdur. Bu məbləğ də 2017ci ildə ödənilməli olduğundan, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla 3.931,04 manat da ona ödənilməlidir. Beləliklə, hesab edir ki, ona ödənilməli məbləğ tam başa çatdırılmadığından Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-637/2016 nömrəli icra sənədinə xitam verilə bilməzdi.

11. Borclu MMC-nin nümayəndəsi verilmiş şikayətə dair etiraz təqdim edərək qeyd etmişdir ki, icra sənədi tam olaraq icra edilmişdir. Belə ki, Azərbaycan Universiteti tərəfindən bütün ödənişlər xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. Sadəcə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və ƏƏSMN DSMF elektron portalında elektron bəyannamənin keçmiş tarixə bəyan edilməsi texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən Universitet tərəfindən müvafiq qurumlara məktub ünvanlanmışdır. Hesab edir ki, elektron bəyannamə yalnız müvafiq qurumların köməyi ilə təqdim edilə bilər. Bundan başqa, Həmkarlar İttifaqına edilən ödənişlər məhkəmənin qərarı əsasında həyata keçirilmişdir. Burada hər hansı qərəzlilik mövcud deyildir. Tələbkarın müvafiq ödəniş ilə bağlı tələbləri Həmkarlar İttifaqına qarşı yönəlməlidir. Ödənişlər Univerisitet tərəfindən icra şöbəsinin qərarında göstərilən məbləğdə həyata keçirilmişdir. Hesab edir ki, Universitet tərəfindən hər hansı qərəzlilik mövcud olmadığından göstərilən məbləğin indeksasiyası tələbi qanunsuzdur.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 226/2023 nömrəli qərardadı ilə şikayət rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda məhkəmə aktı tam icra edilmişdir, icra hərəkətlərinin davam etdirilməsi zərurəti yoxdur.

14. Məhkəmə “həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılması” ilə bağlı qeyd etmişdir ki, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı X6 həmkarlar komitəsinin üzvü olduğu üçün hesablanmış ümumi əmək haqqından 2% üzvlük haqqı tutulmalıdır- 2545,48 manat. Qeyd olunmalıdır ki, faktiki olaraq işlədiyi dövrdə iddaçı X3 əmək haqqından hər ay 2 faiz üzvlük haqqı tutularaq həmkarlar komitəsinin hesabına köçürülmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, icra vərəqəsi üzrə X1na ödənilmiş məbləğ onun tərəfindən qəbul edilmişdir. X1 icra işi üzrə cəlb edilmiş mütəxəssisə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələbinə əsasən etiraz etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlmişdir ki, icra sənədi tam icra olunmuşdur.

15. Məhkəmə “ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi” ilə bağlı qeyd etmişdir ki, hazırkı məsələ iddia icraatı qaydasında baxılmalı olduğundan təmin oluna bilməz.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

16. X1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2023-cü il tarixli icra işi üzrə icraata xitam verilməsi haqqında qərarının ləğv edilərək, ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi və həmkarlar ittifaqına üzvlük haqqı kimi əmək haqqından tutulan vəsaitin ona qaytarılması üzrə icraatın davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna görə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası üzrə maddi və mənəvi ziyana görə kompensasiya ödəmələrinin gecikdirilməsinə görə faizlər ödənilməlidir. Gecikmələrə görə faizlərin ödənilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Azər Heydərova dəfələrlə yazılı müraciət etmişlər. Bundan əlavə, ona hesablanmış əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulmuş vəsait də qanunsuzdur və bu məbləğ ona qaytarılmalıdır. Çünki, o, Borclu MMC-də işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək həmin universitetlə əmək münasibətlərində olmadığından bu universitetin həmkarlar təşkilatının da üzvü olmayıb, onun üzvlüyündən və imtiyazlarından heç bir formada yararlana bilməyib, fəaliyyətində iştirak haqqı olmayıb. Həmkarlar təşkilatına üzvlük könüllü olduğundan ərizəçinin işə bərpa olunması onun üçün həmkarlar təşkilatına üzv olması ilə bağlı hər hansı öhdəlik yaratmır. Ona görə də ona ödəniləcək əmək haqqı məbləğinin 2%-nin həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulması qanunsuzdur. Eyni zamanda, bu məbləğ də 2017-ci ildə ödənilməli olan əmək haqqı ödənişinin tərkib hissəsi olduğundan, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla indeksasiya edilməlidir. Beləliklə, ərizəçi hesab edir ki, ona ödənilməli məbləğ tam başa çatdırılmayıb və bu səbəbdən də icra sənədi üzrə icraata xitam verilə bilməzdi. Bütün bunlarla yanaşı, məhkəmə tələbkarın əmək haqqının borclu tərəfindən bilərəkdən gecikdirildiyini səbəb gətirərək gecikdirilmiş borcun Mülki Məcəllənin tələblərinə uyğun olaraq indeksasiya olunması tələbinə münasibət bildirərkən sadəcə bir cümlə ilə qeyd etmişdir ki, hazırkı işə iddia icraatı qaydasında baxılmalı olduğundan təmin oluna bilməz. Həmçinin hesab edir ki, audit rəyində həmkarlar təşkilatına üzvlüklə bağlı tutulmalara audit münasibət bildirə bilməzdi. Tələbkarın Borclu MMC-nin həmkarlar təşkilatında üzvlüyü olmadığı müddətlərdə ondan həmkarlar təşkilatına üzvlük haqqı tutulması ilə bağlı işin faktiki halı da aydınlaşdırılmayıb.

18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

20. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

22. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Maddə 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Maddə 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci tarixli Qərarı Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Həmin Qərarında “İcra haqqında” qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş tələbkarın şikayətinə yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.

26. İşdən görünür ki, audit yoxlamasının nəticəsi olaraq müəyyən edilmişdir ki, X1na xx.xx.2017-ci il tarixinədək müvafiq tutulmalar aparıldıqdan sonra ödəniləcək məbləğ 94.916,67 manat təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, tələbkar həmkarlar ittifaqının üzvü olduğu üçün hesablanmış ümumi əmək haqqından 2%, yəni 2.545,48 manat məbləğindən üzlük haqqı tutulmuşdur.

27. Tələbkar ona hesablanmış əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı kimi tutulmuş həmin məbləğin qanunsuz olduğunu bildirir və mövqeyini belə əsaslandırır ki, o, Borclu MMC-də işdən azad edildiyi vaxtdan işə bərpa olunduğu vaxtadək həmin universitetlə əmək münasibətlərində olmadığından bu universitetin həmkarlar təşkilatının da üzvü olmamış, onun üzvlüyündən və imtiyazlarından heç bir formada yararlana bilməmiş, fəaliyyətində iştirak haqqı olmamışdır.

28. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbkarın Borclu MMC-nin həmkarlar təşkilatının üzvü olub-olmaması, icra sənədinin icrası zamanı 2.545,48 manat məbləğində üzvlük haqqının ondan tutulmalı olub-olmaması araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir.

29. Belə ki, X2 həmkarlar təşkilatına üzv olmadığı, olduğu təqdirdə isə onun faktiki işləmədiyi dövrdə ümumi əmək haqqından 2% üzvlük haqqının tutulmasının qanunazidd olduğu müəyyən edildiyi təqdirdə, icra sənədi üzrə ona ödənilməli olan məbləğin tam ödənilmədiyi, bununla da icra sənədinin tam icra olunmadığı müəyyən edilmiş olur.

30. Məhkəmə kollegiyası tələbkarın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci və 449.1-ci maddələrinə istinad etməklə ödənilmiş məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq ona faizlərin ödənilməsi barədə tələbinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin tələbə iddia icraatı qaydasında baxıla bilər.

31. Kollegiya şikayətin dəlillərindən biri olan tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

32. Göründüyü kimi, qanunvericiliklə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi icra məmurunun deyil, məhkəmənin səlahiyyətinə aid edilmişdir.

33. Hazırki iş üzrə tələbkar indeksasiyanın həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, icra məmurunun icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və icra işi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 226/2023 nömrəli qərardadı ləğv edilsin. Tələbkarın icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında şikayətinə qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar