Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-47/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(001)-235/2020 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-343/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra sənədinə əsasən borclu (cavabdeh) Borclu 90.000 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə) tutularaq tələbkar (iddiaçı) Tələbkar verilməlidir. İcra sənədi icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra, İcra Şöbəsinin icra məmuru təqdimatla Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, borcluya tələbin könüllü təmin edilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini könüllü qaydada icra etməmiş və icradan qərəzli şəkildə yayınmışdır. İcra məmurunun əldə etdiyi məlumata əsasən borclu mütəmadi olaraq Azərbaycan Respublikasının ərazi hüdudlarından kənara çıxır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla təqdimatı təmin etməmişdir. İş üzrə tələbkar olan X.Süleymanov həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və icra məmurunun təqdimatının təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad (İş № 8(103)-336/2020) ilə şikayətin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və icra məmurunun təqdimatına yenidən baxılması üçün işin həmin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Təqdimata yenidən baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə təqdimatı təmin etməmişdir. İş üzrə tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində olan “BMW X5” markalı avtomobil aşkar edilmiş, avtomobilin üzərinə sadəcə həbs qoyulmuşdur. Həmin avtomobil köhnə buraxılış olmaqla dəyəri borcun 10 faizini təşkil edir. Həmçinin, avtomobil 1 ilə yaxındır ki, axtarışdadır. Bu müddət ərzində avtomobilin aşkar edilməməsi avtomobilin mövcudluğunu şübhə altına alır. 1 ildən artıq müddətdir ki, davam edən icra tədbirləri heç bir nəticə verməmiş, 90.000 ABŞ dolları məbləğində borc hələ də ödənilməmişdir. Təqdimatın təmin edilməməsi isə borclunun ölkədən çıxmasına və borcun ödənilməsindən yayınmasına şərait yaradır. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin mənasına görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın” 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslandırılmış olmalıdır və təqdimatın əsası ondan ibarət olmalıdır ki, məhkəmə qərarı üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməsin, habelə borclunun adına hər-hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməsin. Qeyd edilən maddi hüquq normasında “əsaslandırılmış təqdimat” ifadəsi özündə bu təqdimatda qeyd olunan halların müvafiq sübutlara – sənədlərə əsaslanmasını ehtiva edir. Başqa sözlə təqdimatı vermiş icra məmuru borcludur ki, təqdimatda qeyd olunan halları təsdiq edə biləcək sənədləri təqdimata əlavə etsin. İş materiallarından görünür ki, tələbin könüllü icra olunması barədə borcluya göndərilmiş bildiriş təqdimata əlavə olunsa da, icra sənədinin məcburi qaydada icra edilməsinin təmin edilməsi məqsədi ilə icra məmurunun borclunun banklarda pul vəsaitinin və ya digər daşınar və ya daşınmaz əmlaklarının olub-olmamasını müəyyən etmək istiqamətində hər hansı araşdırmanın aparıldığını təsdiq edə biləcək sənədlər əlavə edilməmişdir. Bundan başqa, icra işi materiallarında olan, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından (İş № 8(001)-1260/2019) görünür ki, icra məmuru hazırki icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimatla məhkəməyə müraciət edərək borcluya məxsus olan “BMW-X5” minik markalı, **-XB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, təqdimat təmin olunmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, borclunun məhkəmələrə təqdim etdiyi tibbi sənədlərdən görünür ki, borclunun səhhətində problemlər mövcuddur. Borclunun bildirdiklərinə görə, o, səhhətindəki problemlər ilə əlaqədar müalicə almaq üçün bir neçə dəfə xaricə getmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməməsi barədə qərardad qəbul etməkdə, habelə həmin qərardaddan tələbkarlar tərəfindən verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398.0.1ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 398, 400, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 oktyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-47/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-47/2021
29.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver