Məhkəmə qərarları › İş №8(103)-47/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-47/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-47/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X1 və X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası üçün onlara xx.xx.2025-ci il tarixədək möhlət verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1235/2024 saylı qərardadı ilə X1 və X5 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi rədd edilmişdir.. Həmin qərardaddan X2 xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı xx.xx.2024-cü il tarixli qəradadını ləğv edərək qətnamənin icrasına möhlət verilməsi barədə ərizəmizin təmin edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı, 10 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə X2 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əvvəla, qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü yaranmış əlverişsiz hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır, tələbkarın isə buna dair razılığının olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir, ikincisi, borclu “başqa mənzilə dair kirayə müqaviləsi bağlanılmaqla, həmin mənzilin xx.xx.2025-ci il tarixdə onlara veriləcəyi, ona qədər isə iki az yaşlı uşaqları çətin vəziyyətdə olmaları” kimi dəlillər irəli sürsə də, özünün əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, həmçinin ərizəçinin möhlət verilməsini istədiyi məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, həmin tarixdən bu vaxta qətnamə icra edilməmişdir, üçüncüsü, borclu “kirayə müqaviləsi əsasında Bakı şəhəri, 20 Yanvar küçəsi, bina 3, 39 saylı mənzilin xx.xx.2025-ci il tarixdə onlara veriləcəyi” kimi dəlillər irəli sürsə də, məhz həmin mənzilə köçməli olmasının zəruriliyi və ya başqa mənzilə dair kirayə müqaviləsi bağlamaqla ora köçməyin mümkünsüzlüyünə dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Başqa cür desək, iddiaçının dəlilləri onun tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halları ehtiva etmir. Göründüyü kimi, ərizəçilər qətnamənin icrasına möhlət verilməsi ilə müraciət etsə də, işin hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasına möhlət verilməsinə səbəb ola biləcək əsaslı hallar müəyyən edilməmişdir. Şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasına möhlət verilməsi icra hərəkətlərinin icrasına süni şəkildə yaradılmış maneə olduğundan şikayət əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, şikayətin dəlilləri yuxarıda qeyd olunanlarla təkzib edilir. Belə olanda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-350/2022 saylı 23 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar