Məhkəmə qərarları › İş №8(103)-470/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-470/2021

10.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-470/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, 8(005)-179/2021 №-li iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2021-ci il tarixli qərardaddan tələbkar “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 13.07.2021-ci il tarixli qərardadı ilə Səbail Rayon İcra Şöbəsinin “Borclu bank hesablarının üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməmişdir. Tələbkar “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 09.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir. Belə ki, hazırki işin icraatının başlanmasına əsas olmuş təqdimatdan və təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2(81)-2130/2014 saylı, 08.10.2014-cü il tarixli icra vərəqəsinə əsasən Borclu MMC-dən cəmi 93.030 manat məbləğində pul tutularaq tələbkar “Holcim (Azərbaycan)” ASC-yə verilməlidir. Borclu olan MMC icra sənədini könüllü olaraq icra etmədiyindən icra məmuru məcburi icra tədbirlərinə başlamış və müəyyən etmişdir ki, MMC-nin müxtəlif banklarda pul hesabları var. Buna görə də, icra məmuru təqdimatla Rayon Məhkəməsinə müraciət edərək həmin bank hesablarının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata baxmış Rayon Məhkəməsi təqdimatı təmin etməmiş və bu zaman o hala əsaslanmışdır ki, borclunun bank hesabında olan məbləğ barədə dəqiq məlumat təqdimata əlavə edilməmişdir. Həmin qərardaddan tələbkar ASC-nin verdiyi şikayətdə isə qeyd edilir ki, Rayon Məhkəməsinin mövqeyi əsassızdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (MPM, maddə 228.), əlavə qətnamənin çıxarılması (MPM, maddə 229.), qətnamənin izah edilməsi (MPM, maddə 230.), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (MPM, maddə 231.1. və 231.2.), ödənilməli pul məbləğlərinin indeksasiyası (MPM, maddə 232.) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25.10.2007-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Beləliklə də, müəyyən edilir ki, icra məmurunun verdiyi təqdimatda qeyd edilən hərəkət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və təqdimatda qeyd edilən məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə müraciət olunmalıdır. Odur ki, MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və təqdimatın işə baxmış Rayon Məhkəməsinin və ya icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə aid olması məsələsinin müzakirə edilməsi üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin “Borclu bank hesablarının üzərinə həbs qoyulması barədə” təqdimatının baxılması səlahiyyəti hansı məhkəməyə aid olması məsələsinin müzakirə edilməsi üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar