Məhkəmə qərarları › İş №8(103)-476/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-476/2021

13.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-476/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Tələbkar və borclunun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(004)-500/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Borclu Yasamal Rayon Məhkəməsinə ərizə və dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, onun məhdudlaşdırılmış ölkədən getmək hüququnun müalicələri ilə əlaqədar Türkiyə Respublikasında olan müvafiq tibbi qurumlara getmək üçün müvəqqəti olaraq 16.08.2021-ci il tarixdən 30.10.2021-ci il tarixinədək götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(103)-1183/2018 saylı qətnaməsinə əsasən ondan tələbkarlar X4 və Tələbkar xeyrinə 75000 ABŞ dolları və 41000 manat pul tutulmalıdır. Həmin mülki iş üzrə verilmiş icra vərəqəsi Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin icraatındadır. İcra şöbəsindəki hazırkı icraat zamanı icra məmurunun təqdimatına əsasən 8(004)-593/2020 saylı, 25.09.2020-ci il tarixli qərardada əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O, uzun müddətdir ki, ürək xəstəliyi ilə bağlı (kardiak aritmiya, taxikardiya) Türkiyədə müalicə alır. İldə azı 1 dəfə müvafiq həkimlərin müayinəsindən keçir, xəstəliyilə bağlı yeni müalicə prosedurları qəbul edir, yeni dərmanların təyini, əvvəlki dərmanların əvəzlənməsi və s. kimi hallarla bağlı ona yeni reseptlər yazılır. Bununla bağlı 10.07.2021-ci il tarixdən 05.09.2021-ci il tarixənədək Türkiyənin Ankara şəhərində yerləşən “Mediozone” klinikasında olmalıdır. Eyni zamanda bundan əvvəlki il diş implantı və protezin qoyulması üçün başladığı müalicə kursunun davam etdirilməsi ilə bağlı 20.08.2021-ci il tarixdən 30.09.2021-ci il tarixinədək Türkiyənin Ankara şəhərində yerləşən “Güniz dental” klinikasında olmalıdır. Bundan əvvəlki illərdə də Türkiyədə mütəmadi olaraq müalicə almışdır. Hazırda isə sözügedən qərardadla ölkədən getmək hüququ məhdudlaşdırıldığından müalicəsini ala bilmir. Bu isə onun səhhətinə pis təsir edir. Belə ki, onun artıq 70 yaşı var. Daim həkim nəzarətindədir. Vaxtında müalicə kurslarını davam etdirməsə də səhhətində ciddi fəsadlar yarana bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(004)-500/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Tələbkar şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslanmışdır ki, Borclu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1183/2018 saylı icra sənədi üzrə ona 75.000 ABŞ dolları və 41.000 manat pul ödəməlidir. Borclu həmin borcdan bu günədək heç bir vəsait ödəməyib. Qeyd olunan icra sənədi üzrə artıq AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlamışdır. Borclunun heç bir xəstəliyi yoxdur. Mövcud olan xəstəliyinin də Azərbaycanda kifayət qədər müalicəsi vardır. Borclunun ölkədə halda çıxdığı halda, Türkiyədə yaşamaq üçün icazə almasına kifayət qədər əsas vardır. Bu hal həm cinayət işinin gedişinə mənfi təsir göstərəcək, həmçinin, böyük məbləğdə borcun ödənilməməsinə gətirib çıxaracaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Tələbkar şikayəti müdafiə edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(004)-500/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdi, borclunun nümayəndəsi və vəkili S.N.Səfərov şikayətə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(004)-500/2021 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru S.F.Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2018 saylı, 21.02.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1952-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli 8(004)- 593/2021 saylı qərardadı ilə təqdimatın təmin edilməsi və xx.xx.1952-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması həmin məhdudlaşdırmanın götürülməsinə səbəb olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Borclu ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırmanın götürülməsi üçün əsaslar mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2018 saylı, 21.02.2019-cu il tarixli icra sənədindən görünür ki, tələbkara ödənilməli olan borcun məbləği kifayət qədər böyük məbləğdir. Borclu həmin icra sənədinin icrası ilə əlaqədar bugünə qədər heç bir aktiv icra hərəkətini həyata keçirməmiş və tələbkara heç bir ödəniş etməmişdir. Həmçinin, Borclu tərəfindən tələbkara ödəniş olunması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, Borclu ərizəsində göstərdiyi xəstəliklərin müalicəsi ilə əlaqədar ölkə hüdudlarında kifayət qədər müalicə imkanları movcuddur. Bundan əlavə xarici ölkədə diş implantasiyası ilə bağlı müalicə borclunun kifayət qədər maddi imkana mmalik olmasına dəlalət etdiyi halda, borclunun borcunu ödəmək əvəzinə xarici ölkədə kifayət qədər maddi vəsaitin sərf olunmasına səbəb olacaq müalicəyə cəhd etməsi yolverilən hesab edilə bilməz. “X6 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin 24 iyun 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Borclu ərizəsi rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 8(004)-500/2021 saylı qərardadı ləğv edilsin. Borclu “ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin müvəqqəti götürülməsi” barədə ərizəsi rədd edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar