Məhkəmə qərarları › İş №8(103)-477/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-477/2020

11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-477/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu MMM tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X4 Borclu MMM-yə məxsus olan daşınar əmlak üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-376/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu MMM-dən 42444.54 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu MMM-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara icra məmuru tərəfindən sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu MMM-nə məxsus “TOYOTA CAMRY” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ LANCER” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 814” yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı və “EDUARD KNOTT QOŞQU” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu MMM-yə məxsus “TOYOTA CAMRY” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ LANCER” minik markalı **- AK-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 814” yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı və “EDUARD KNOTT QOŞQU” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qərardaddan Borclu MMM şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-376/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu MMM-dən 42444,54 manat borc və 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 42474,54 manat məbləğ tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və X1 İnstitutunun hesabına köçürülməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “TOYOTA CAMRY” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ LANCER” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 814” yük markalı **-AM-*** dövlət qeydiyyat nişanlı və “EDUARD KNOTT QOŞQU” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu MMM–nin adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu MMM-yə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “X3 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru X4 “Borclu MMM–yə məxsus olan daşınar əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMM tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-288/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar