Məhkəmə qərarları › İş №8(103)-479/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-479/2020

11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-479/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Tələbkar Ələkbərov Elşən Kamal oğlunun iştirakı ilə, Pirallahı Rayon Məhkəməsinin 8(094)-21/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar Ələkbərov Elşən Kamal oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Pirallahı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru təqdimatla məhkəməyə müraciət edərək xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 1, mənzil 8-də qeydiyyatda olan Hüseynov Sərhəng Mehman oğlunun və xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuş, Ləzgi, Rusiya Federasiyası vətəndaşı, faktiki olaraq ünvan 1 A, mənzil 36 ünvanda yaşayan Mirzexanova Nazluxanum Şimirdan qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən 2(103)-9628 saylı, xx.xx.2019-cu tarixli icra sənədinə əsasən tələbkar Ələkbərov Elşən Kamal oğlunun xeyrinə borclular Hüseynov Sərhəng Mehman oğlundan 1400 manat, Məmmədov Zaur Akif oğlundan 3000 manat və Mirzəxanova Nazlıxanım Şimirdan qızından 2500 manat məbləğində borc, eləcə də S.Hüseynovdan 30 manat, Z.Məmmədovdan və N.Mİrzəxanovadan 10 manat məbləğində cövlət rüsumu tutulmalıdır. xx.xx.2019-cu il tarixdə S.Hüseynovdan "xxxxxxxxx" MMC-nin xeyrinə 664,54 manat məbləğində borcun tutulmasına dair Pirallahı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(094)-880 saylı "xxxxxxxxxxx" MMC-nin xeyrinə 1250 manat məbləğində borcun tutulmasına dair xx.xx.2016-cı il tarixli, 2(094)-682 saylı “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə l753,69 manat məbləğində borcun tutulmasına dair xx.xx.2018-ci il tarixli, 2(094)-384 saylı “xxxxxxxxxx” ASC xeyrinə 1026,16 manat məbləğində borcun tutulmasına dair xx.xx.2019-cu il tarixli, 2(094)-165 saylı “xxxxxxx” ASC-nın xeyrinə 419,56 manat məbləğində borcun tutulmasına dair xx.xx.2019-cu il tarixli, 2(094)-347 saylı və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 4152,13 manat məbləğində bocrcun tutulmasına dair Bakı şəhəri 33 saylı dövlət notariat ofisinin xx.xx.2019-cu il tarixli, 653 saylı icra sənədləri ilə ona aid hissədə ümumi icraatda birləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə, barəsində müvafiq qərarla axtarış elan olunmuş borclu S.Hüsyenov Pirallahı rayon Polis şöbəsi tərəfindən saxlanılaraq Pirallahı rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə onun izahatı alınmış və şöbənin icraatında onun barəsində olan icra sənədləri haqqında məlumatının olubolmadığı soruşulmuşdur. Bu zaman o, sadalanan icra sənədləri barədə məlumatlı oduğunu, lakin bu günədək onları icra etmədiyini bildirmişdir. Pirallahı rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta üzrə başlanmış icraatda məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu S.Hüseynov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsisnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs seçilmişdir. Pirallahı Rayon Məhkəməsinin 8(094)-21/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9628/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 1, mənzil 8-də qeydiyyatda olan borclu Hüseynov Səhrəng Mehman oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardaddan tələbkar Ələkbərov Elşən Kamal oğlu şikayət verərək onun ləğv edilməsini, həmçinin borclu Mirzexanova Nazluxanum Şimirdan qızının da ölkədən cımaq hüququnun məhdudlaşdırılmasını xahiş etmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nazluxanum Mirzexanova Rusiya Federasiyasının vətəndaşı olsa da uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayır. O, ölkəni tərk etdiyi təqdirdə onun borclu olduğu pul vəsaitini onda almaq mümkün olmayacqdır. Məhkəmə iclasında iştirak edən tələbkar şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, həmçinin, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən iştirakını təmin etməmişdir. Borclular və icra şöbəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qərardadın təqdimatın təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qərardadı tələbkar mübahisələndirərək təqdimatın Mirzexanova Nazluxanum Şimirdan qızına münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini və təqdimatın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və işmateriallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən – təqdimatın Mirzexanova Nazluxanum Şimirdan qızına münasibətdə təmin edilməyən hissəsində ləğv edilməklə iş təqdimata həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarının nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir. Çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi borclu Mirzəxanova Nazlıxanım Şimirdan qızının Rusiya Federasiyası vətəndaşı olduğundan və 3 aydan bir Azərbaycan Respublikasının məcburi tərk edərək yenidən ölkə ərazisinə qayıtmalı olduğundan onun ölkədən getmək hüququ məhdudlaşdırılmaması nəticəsinə gəlmişdir. Bununla belə birinci instansiya məhkəməsi gəldiyi bu nəticəni lazımi qaydada əsaslandırmamış və heç bir qanunvericilik normasına istinad etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Pirallahı Rayon Məhkəməsinin 8(094)-21/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək qanuna müvafiq əsaslandırılmış qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə, icra icraatının tərəflərinin iştirakını təmin etməklə, həmçinin icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Pirallahı Rayon Məhkəməsinin 8(094)-21/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən – təqdimatın təmin edilməyən hissəsində ləğv edilərək iş təqdimata həmin (Mirzexanova Nazluxanum Şimirdan qızına aid) hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar