Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-48/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-84/2023 saylı qərardadından tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 13.860 manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Tələbkar icra məmurunun hərəkətlərindən şikayət verərək, məhkəmədən icra sənədinin məhkəməyə qaytarılması haqqında Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-84/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin direktoru X3 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarından verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda tələbkar "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)- 84/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia tələbinə Binəqədi Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarətedən məhkəməyə müraciət edə bilər. Bu səbəbdən, Məhkəmə qərarının icrası məhkəmə araşdırmasının tərkib hissəsi sayılmaqla onun davamı kimi qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il Qərarlarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmçinin, qətnamə çıxarıldıqdan sonrahəmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Lakin, Binəqədi Rayon Məhkəməsinə verdikləri şikayətlərinin qanuni və əsaslı olmasına baxmayaraq, məhkəmə işə laqeyid yanaşmış, hüquq normalarının tətbiqində kobud səhvə yol verməklə geri qaytarmışdır. Həmçinin, məhkəmə qanunla üzərinə düşən vəzifəni icra edib şikayətlərinə qanuna müvafiq qaydada baxmaq əvəzinə, tam yalnış yolu seçməklə hüquqlarını pozmuş və beləcə iş üzrə qeyri-qanuni qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmənin formal mülahizələrə əsaslanaraq qəbul etdiyi qərardadında göstərdiyi nəticə işin faktiki hallarına və qanun normalarına uyğun gəlmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-84/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında“ Azərbaycan Respublikası Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 87.1-ci maddəsində isə qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli qərarlarında icra məmurunun yalnız icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından icra sənədini vermiş məhkəməyə şikayət verilməsi öz əksini tapmışdır. Bu isə onunla bağlı olmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının qanuniliyini məhkəmənin 10 gün müddətində yoxlamaq səlahiyyəti vardır. Lakin qanunvericilikdə icra sənədinin geri qaytarılması barədə qərarın qanuniliyini və icra məmurunun bu qərarı qəbul edərkən bütün tədbirləri görüb-görmədiyini yoxlamaq barədə məhkəmənin birbaşa səlahiyyəti təsbit edilməmiş, bunu icraatda tərəflərin şikayətindən asılı etmişdir. Bu aspektdən də yanaşıldıqda icra məmurunun digər qərar və hərəkətlərindən verilən şikayətlərə icra məmurunun olduğu yer üzrə müvafiq məhkəmə tərəfindən baxılması məhkəməyə əlçatımlılığının təmin edilməsinə xidmət edir. Çünki həmin şikayətlərə baxılarkən icra məmurunun iştirakı təmin edilməli, icra işinin materialları məhkəməyə təqdim edilməlidir ki müvafiq qərarın qanuniliyi yoxlanıla bilsin. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin geri qaytarılması haqqında qərarından və ya icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə müvafiq məhkəməyə şikayət verilməli olduğundan birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-84/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-48/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-48/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver