Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-48/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardaddan verilmiş şikayətə dair (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-293/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh X6 qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair ilk iddia tələbinin qismən təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdeh Borclu 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
2. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə qeyd olunan icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin eidlmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-293/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuş, Cəlilabad rayonu, Seyidbazar ərazi dairəsi, Seyidbazar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, ev 17A-da yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq hesab etmişdir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir.
6. Birinci instansiyası məhkəməsi qərardadını «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə; Azərbaycan Resbublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-293/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata məhkəmə baxarkən tam ətraflı və hərtərəfli araşdırma aparmamışdır. Bu da onun konstitusion hüquqlarının pozulması deməkdir. Onu da qeyd etmişdir ki, bu işlə bağlı hələ də Bakı Apellyasiya Məhkəməsində icraat davam etməkdədir və uşaqlardan birisi 13 yaşlı oğlu onun yanındadır. İcra məmuru nədənsə onun yaşadığı evə belə gəlməyib və bu barədə akt tərtib olunmayıb. İcra məmuru tərəfindən onun gəliri tam aydınlaşdırılmayıb və iş yerinə qərəzli formada olaraq tutulma göndərilməyib.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin 8(003)-293/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
13. 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
14. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
15. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın
16. 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
17. 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir
18. 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; təqdimatla razılaşdıqda onu təsdiq edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdeh Borclu 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulmalı, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.
21. xx.xx.2023-cü il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilmişdir.
22. Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Nemətzadə tərəfindən qəbul edilən MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Borclu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cəmi 450 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmalıdır. Borclunun icra məmurunun qanuni tələbinin yerinə yetirməməsi təsdiq edilir. Hazırda yaranmış borc 7.550 manat təşkil edir. Cəmi 1000 manat ödəniş edilib.
23. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2701/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 gün müddətinə inzibati həbs edilmişdir.
24. Fiziki şəxsin məlumatları barədə “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması aşkar edilməmişdir.
25. Kollegiya qeyd edir ki, icra sənədi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyən borclunun həmin icra sənədini tam icra edənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun qanunla ona verilmiş səlahiyyət daxilində icra qanunvericiliyinin pozulmasına görə tətbiq etdiyi məsuliyyət tədbirlərindən biridir. Bu tədbirin tətbiqində məqsəd müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin borclu tərəfindən icra edilməsini təmin etməkdir.
26. «X14 (X16) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.
27. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi əsaslandırılmalıdır.
28. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi qərardadında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə istinad edərək bu qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə əsasən müvafiq ardıcıllığa riayət edilməklə hazırki təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl bütün tədbirlər həyata keçirilmişdir.
29. Hazırkı məqamda da iş materiallarından görünür ki, borclu tərəfindən icra sənədi üzrə maliyyə xarakterli öhdəlik tam icra edilməmişdir. İcra məmuru tərəfindən “İcra haqqında” Qanunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın müvafiq normalarına uyğun olaraq məhkəməyə təqdimatla müraciət edilməzdən əvvəl könüllü icra üçün bildiriş borcluya rəsmən təqdim edilmiş, borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi səbəblərinin olmaması müəyyən edilmiş, borclunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması və s. məsələlər araşdırılmış, “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi üçün müəyyən addımlar atılmış, icra sənədinin icra edilməməsi ilə əlaqədar təqsirkar şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və iş digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərilmişdir.
30. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarında nəzərdə tutulmuş tələbi müəyyən edilmiş müddət ərzində icra etmədiyindən, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunda nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi heç bir nəticə vermədiyindən, onun müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətə cəlb edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş əsaslar yaranmışdır. Beləliklə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən verilmiş bu təqdimat əsaslıdır, birinci instansiya məhkəməsi də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması barədə nəticəyə gəlməklə haqlı olmuşdur.
31. Şikayətdə göstərilən halların mövcud olması (məhkəmə araşdırmasının davam etdirilməsi) isə dərhal icra edilməli olan icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin zəruriliyini aradan qaldırmır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri də dərhal icraya yönəlməli olan icra sənədlərindədir.
32. Belə olan halda məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırki şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(003)-293/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən qanun normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 8(003)-293/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova