Məhkəmə qərarları › İş №8(103)-480/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-480/2020

06.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-480/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(003)-178/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan borclu X1 verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına 8(003)-178/2020 saylı mülki iş üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardaddan Borclu verdiyi şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə” Borclu ərizənin mümkünlüyü məsələsinə baxılması üçün iş həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri 25-ci Notariat Kontoru tərəfindən verilmiş icra sənədinə əsasən icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla Xəzər Rayon Məhkəməsinə müraciət edərək, borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmiş və təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla təqdimatı təmin etmişdir. Hazırda Borclu ərizə ilə məhkəməyə müraciət edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qeyd edilən hüquq normalarının mənasından göründüyü kimi, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə ərizəyə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən baxılır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu X2 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Borclu X2 “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə” ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar