Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-480/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(004)-507/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(004)-507/2021 nömrəli qərardadına əsasən təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-78/2017 nömrəli, 22.06.2017-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 1, m 29 qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Borclu həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin olunmamasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 8(004)- 507/2021 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 8(004)-283/2021 saylı qərardadı ilə daha öncə də, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2017-ci il tarixli, 2(004)-78/2017 nömrəli icra sənədi üzrə borclu xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 1, m 29 qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 8(004)-283/2021 saylı qərardadı ilə məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ləğv edilmiş və həmin icra sənədi üzrə Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Yasamal rayon icra şöbəsinin təqdimatı təmin edilməmişdir. İş üzrə borclu artıq bir dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli, 8(004)-283/2021 saylı qərardadından məhkəməyə şikayət ünvanlayaraq müvafiq icra işindən xəbərsiz olmasını qeyd etsə də, hazırki halda həmin tarixdən artıq bir aydan artıq vaxt keçmiş və borclu tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar 01.07.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra məmuru tərəfindən iş üzrə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəsmi qaydada iş üzrə borclua göndərilmiş, eyni zamanda icraata başlamaq haqqında qərar da borcluya rəsmi qaydada göndərilmiş və borclu tərəfindən müvafiq qərar və bildiriş xəbərnaməyə imza edilərək 01.07.2021-ci il tarixdə qəbul edilmişdir. Eyni zamanda borclunun məcburi gətirilməsi barədə qərar qəbul haqqında icra məmuru tərəfindən borcluya məxsus mobil nömrələrə SMS bildirişdə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması,habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İş materiallarından göründüyü kimi, hazırkı icra sənədi Tələbkar 02 oktyabr 2012-ci il tarixdə anadan olmuş azyaşlı qızı X1 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək 5 (beş) saat anası Borclu iştirakı ilə ünsiyyətdə olmaq hüququ verilməsi ilə bağlıdır. İş materiallarında qətnamənin icrası istiqamətində borclu tərəfindən hər hansı hərəkətlərin edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və tələbkarın maraqlarını nəzərə alaraq şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyil. Beləliklə, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 8(004)-507/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-480/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-480/2021
16.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver