Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-482/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(010)- 3050/2017 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğvi və pul tələbi” barədə ilkin iddiası qismən, həmin iş üzrə verilmiş qarşılıqlı iddia isə tam təmin olunaraq iddiaçı Tələbkar ilə cavabdeh Borclu Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müqavilə ləğv edilmiş və cavabdeh Borclu Mənzil Tikinti Kooperativindən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vasaitinin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub Tələbkar verilməsi qət edmişdir. Qətnamə xx.xx.2017-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2017-ci ildə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsi üzrə Borclu MTK-nın rəhbəri Nümayəndə məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbin könüllü olaraq icra edilməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu bu müddət ərzində borcunu könüllü olaraq ödəməmişdir. Dəfələrlə borcluya müvafiq xəbərdarlıq məktubları göndərilmiş, eləcə də telefon vasitəsi ilə əlaqə saxlayıb, onu Suraxanı rayon icra və probasiya şöbəsinə dəvət etsələr də o, gah telefonu açmır, gah da hal-hazırda imkanının olmadığını bildirmişdir, beləliklə də, icra sənədinin icrasına maneçilik törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim N.Rzayeva, iş № 8(010)-200/20) təqdimat təmin edilməmişdir. Tələbkar şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarov tərəfindən dəfələrlə çağırılmasına baxmayaraq 3 ildir ki icra hərəkətlərinin yerinə yetirilməsindən boyun qaçırır. Lakin məhkəmə icra müddətinin uzun müddət davam etməsini nəzərə almayaraq təqdimatı təmin etməmişdir. Halbuki borclu artıq borcun ödənilməsindən kifayət qədər yayınmışdır. Həmçinin məhkəmə öz qərardadında ümumiyyətlə işin mahiyyəti və hüquqi keyfiyyəti ilə bağlı heç bir fikir qeyd etməmiş, əsaslandırmamış, nəzəri fərziyələr ilə işi araşdırmadan qərardad qəbul etmişdir. Qərardadın əsaslandırma hissəsində ümumiyyətlə heç bir məlumat yoxdur və məhkəmənin təqdimatı təmin etməmək üçün əsası, ona dair gəldiyi qənaətə əsas olmuş heç bir fikir qərardadda qeyd olunmamışdır. Bununla əlaqədar hesab edir ki, həmin qərardad qanunsuz və əsassızdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi digər tərəflərə göndərilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, borclunun icra şöbəsinə çağırılması ilə bağlı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlar iş materiallarına əlavə edilsə də, həmin xəbərdarlıqların cavabdehə təqdim edilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Həmçinin, icra məmuru təqdimatda borclunun telefon vasitəsilə icra şöbəsinə dəvət olunduğunu göstərsə də, bu hal da iş materialları ilə təsdiq edilmir. Borclunun nümayəndəsi borclunun belə xəbərdarlıq və dəvətlərdən məlumatsız olduğunu bildirmiş, həmçinin 3 il icra müddəti ərzində icra şöbəsinə çağırıldığı zaman getdiyini, ərizə təqdim etdiyini, borcu yaxın vaxtlarda ödəmək niyyətində olduğunu göstərmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən yuxarıdakı hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra məmurunun çağırışı barədə borclunun məlumatlı olması iş materialları ilə təsdiq edilməmişdir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinin tələbinə əsasən icra məmurunun qəbul etdiyi müvafiq qərar da iş materiallarına əlavə edilməmişdir. Şikayətin icra sənədinin 3 il ərzində üzrsüz səbəbdən icra edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən borclunun icra şöbəsinə məcburi gətirilməsi, məcburi icra tədbiri deyildir, yalnız icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbiri kimi nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə isə icra məmuru xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli xəbərdarlıqlar əsasında borclunun gəlməməyinə istinad edərək müvafiq təqdimatla müraciət etmişdir. İcra sənədinin 3 il ərzində üzrsüz səbəbdən icra edilməməsi müvafiq məcburi icra tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər ki, həmin tədbirlərin siyahısı da “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi ilə müəyyən edilmişdir. (43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər). Göründüyü kimi, yuxarıdakı siyahıda borclunun icra şöbəsinə məcburi gətirilməsinə aid heç bir bənd mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-482/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-482/2020
11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver