Məhkəmə qərarları › İş №8(103)-485/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-485/2020

10.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-485/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Günay Bəhram qızına məxsus “Şarm Studio” gözəllik salonunda ona məxsus “M 90e plus” Lazer aparatının, saç yumaq uçun moykanın, “X2” dırnaq aparatının, “Nail Drill” aparatının və “Sun” dırnaq qurudan aparatının üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Bəhram qızından 7630 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcraat zamanı Borclu “Şarm Studio” gözəllik salonunda ona məxsus “M 90e plus” Lazer aparatının, saç yumaq uçun moykanın, “X2” dırnaq aparatının, “Nail Drill” aparatının və “Sun” dırnaq qurudan aparatının olduğu müəyyən edilmiş və üzərinə həbs qoyularaq saxlanc üçün Borclu verilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda icra məmuru tərəfindən “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-674/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin Borclu Bəhram qızına məxsus “M 90e plus” Lazer aparatının, saç yumaq uçun moykanın, “X2” dırnaq aparatının, “Nail Drill” aparatının və “Sun” dırnaq qurudan aparatının üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməmişdir. Tələbkar MMC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-674/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Bəhram qızından 7630 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Lakin borclu qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-674/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1147/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Bəhram qızından 7630 manat tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Eləcə də iş materiallarından görünür ki, qeyd olunan icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin də dəlillərindən göründüyü kimi, borclu qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınaraq, borc məbləğini bu günə kimi ödəməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, icra sənədi üzrə borc məbləği borclu tərəfindən könüllü icra müddəti ərzində ödənilməmiş, eləcə də borclu tərəfindən borcunun ödənilməsi barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimatın təmin edilməməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-674/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Nəsibov tərəfindən verilmiş təqdimat təmin edilərək, Borclu Bəhram qızına məxsus “Şarm Studio” gözəllik salonunda olan “M 90e plus” Lazer aparatı, saç yumaq uçun moyka, “X2” dırnaq aparatı, “Nail Drill” aparatı və “Sun” dırnaq qurudan aparatı üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-674/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Nəsibov tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu Bəhram qızına məxsus “Şarm Studio” gözəllik salonunda olan “M 90e plus” Lazer aparatı, saç yumaq uçun moyka, “X2” dırnaq aparatı, “Nail Drill” aparatı və “Sun” dırnaq qurudan aparatı üzərinə həbs qoyulsun. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar