Məhkəmə qərarları › İş №8(103)-486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-486/2021

22.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-486/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, X1, Tələbkar nümayəndəsi X3 iştirakı ilə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda 11232 saylı, 07.05.2021ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-728/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda 11232 saylı, 07.05.2021-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03.02.2021-ci il tarixli kredit müqaviləsi üzrə nümayəndəsi olduğu X2 Rəfael Nəsrəddin oğlundan 99500 (doxsan doqquz min beş yüz) manat borc pul götürmüşdür. Müqavilənin icra müddəti 03.03.2021-ci il tarix bitdiyindən həmin müqavilə notariusun icra qeydi ilə dərhal icraya yönəldilmişdir. Cavid Ələkbərov icra icraatında izahat verdikdə göstərmişdir ki, heç bir yerdə işləmir, adına əmlak yoxdur. Buna baxmayaraq, həmin pulu ödəməyə hazırdır və ödəməkdən boyun qaçırmır, həmin borc üzrə aylıq 300-400 manat ödəməyə maddi imkanı çatar. Belə ki, atasının himayəsi altında yaşadığından atasının köməkliyi ilə hər ay 300-400 manat ödəməyi vəd etmişdir. Könüllü ödəmə barədə bildiriş 27.05.2021-ci il tarixdə təqdim edilmişdir və buna uyğun olaraq Cavid Ələkbərov 300 AZN ödənişi icra qurumunun depozit hesabına köçürmüşdür. Bundan başqa, işin faktiki hallarına uyğun qanunun tətbiqindən aydın olur ki, könüllü icra müddəti 10 gündür və həmin müddətdə borclu Cavid Ələkbərov qismən icra həyata keçirmiş, 300 AZN ödəniş etmişdir. Borclu heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur, buna baxmayaraq, yaxın qohumlarının köməyi hesabına borcunu hər ay ödəməyə hazırdır. Cavid Ələkbərovun icra sənədini tam icra edərək borcu tam ödəməsinə maddi imkanının olmaması və hissəvi ödəniş etməsi şəraitində icra sənədi borclu tərəfindən üzrlü səbəbdən tam icra edilmədiyini, qismən isə icra edildiyini göstərir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-728/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclu şikayət verərək, qərardadın ləğv edilməsi və icra qeydinin hissə-hissə icrasıa dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhz borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olub-olmamasına, yəni borclunun əmlak vəziyyəti və maddi durumunu nəzərə almaqla qərar çıxarmalı, məsələyə təkcə tələbkarın maraqlarından çıxış etməklə qərar verməməlidir. Tələbkarın maraqlarından çıxış etmə icra sənədi üzrə tələbin hissə-hissə icra edilməsini mümkünsüz edər və MPM-in 231-ci maddəsində nəzərdə tutulan maddəni disfunksional edər. Bundan başqa, o, heç bir yerdə işləmir və adına heç bir əmlak mövcud deyildir. Bu isə onun borcun tam ödənişini həyata keçirməyini mümkünsüz edir. Digər tərəfdən, məhkəmə Sabunçu Rayon İcra və Probasiva Şöbəsinin icra məmuru maraqlı şəxs kimi işə cəlb etməklə dindirə və həmin faktı təsdiq edə bilərdi. Çünki Səbirə xanım heç bir yerdə işləmədiyini və adına heç bir əmlak mövcud olmadığını təsdiq edən sənədlər əldə etmişdir və icra işinə əlavə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-728/2021 saylı, 06 avqust 2021ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.11.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 20 il ərzində icra olunması mənasına gəlir; bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni və qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-728/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar