Məhkəmə qərarları › İş №8(103)-487/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-487/2020

11.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-487/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)- 7266/2017 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)-401/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-7266/2017 saylı qətnaməsinə əsasən Borclu, X2 və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə 8589,40 manat əsas borc, 2582,80 manat faiz borcu, 150 manat cərimə olmaqla cəmi 11322,2 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7266/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin hər ay 270-300 manat ödəməklə hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7266/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Borclu, X2 və X1 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə 8589,40 manat əsas borc, 2582,80 manat faiz borcu, 150 manat cərimə olmaqla cəmi 11322,2 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. O, «X3 LTD» Şirkətinin Azərbaycan Respublikasındakı filialında quyuların yeraltı təmiri üzrə operator işləyir. Aldığı məvacib ödəmələrdən sonra təqribən 1000 manat təşkil edir. Kredit götürdükdən sonra bir müddət ödənişləri vaxtı-vaxtında qrafik üzrə həyata keçirmiş, sonradan ailəsi ilə bağlı yaranmış problemlər ucbatından o, ödənişləri həyata keçirə bilməmişdir. Hətta yaranmış problemlərin aradan qaldırılması üçün yenidən, bu dəfə «xxxxxxxxxxxx» ASC-nin Qara Qarayev filialından illik 29,84 faiz olmaqla 48 ay müddətinə 16400 manat məbləğində kredit götürməli olmuş, götürdüyü kreditə görə qrafik üzrə aylıq 588,97 manat ödəniş edir ki, aldığı məvacibdən də bu çıxılsa cəmi 400-500 manat vəsait qalır. Məhkəmə aktlarının icrasının vacibliyini dərk edərək yuxarıda qeyd edilən məhkəmə qətnaməsində göstərilən məbləğdən hazırda hər ay 270-300 manat ödəmək iqtidarındadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 401/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, «xxxxxxxxxxxx» ASC-dən götürdüyü kredit hesabına oğluna ev tikmək üçün torpaq sahəsi almış və həmin vaxt belə çətinliklə üzləşəcəyini gözləməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin uzun müddət (təxminən 3 il) ərzində icra olunması mənasına gəlir, bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Qanunun tələbinə görə, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsaslanmaqla qətnaməni hissə-hissə icra edilməsini təmin edə bilər. İş materiallarında olan «X3 LTD» Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Borclu quyuların yeraltı təmiri üzrə operator vəzifəsində işləyir və orta aylıq əmək haqqı 1304 manat təşkil edir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Borclu ərizəsində göstərdiyi halları təsdiq edən, eləcə də maddi vəziyyətinin aşağı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu əsasdan da borclu tərəfindən verilmiş ərizə əsaslı hesab edilmir. Kollegiya icra sənədinin icrasına əngəl törədən və borclu üçün əlverişsiz olan halların öz sübutunu tapmaması, həmçinin, icra sənədinin hər ay 270-300 manat tutulmaqla hissəhissə icra olunmasının tələbkarın mənafeyinə uyğun gəlməməsini, belə olan halda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyini və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Kollegiya onu da nəzərə alır ki, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 3 il keçmiş, Borclu isə bu müddət ərzində borcunu ödəmək əvəzinə yeni kredit götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(008)- 401/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar