Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-488/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, 8(007)-143/2021 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərardaddan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 şikayətlə Rayon Məhkəməsinə müraciət edərək, 17.03.2013-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icra edilməməsi ilə bağlı Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin icra məmuru tərəfindən icra edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. “İcra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmişdir. Tələbkar K.Zeynalova həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarın cavabdeh (borclu) X4 qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasına dair mülki işə baxılarkən Nizami Rayon Məhkəməsinin 23.10.2012-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizə təmin edilmiş və tələbkara məxsus əşyaların siyahıya alınaraq onların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq Nizami Rayon İcra Şöbəsi tərəfindən 29.10.2012-ci il tarixdə akt tərtib edilmiş, müəyyən əşyalar istisna olmaqla qalan bütün (100 adda olan) əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Həmin əşyalar mübahisəli fərdi yaşayış evində qalmışdır. Nizami Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli qətnaməsi ilə onun cavabdeh Elnur Zeynalova qarşı əmlak tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş və qətnamənin qət etdi hissəsində göstərilən əşyaların alınıb verilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə üzrə 17.03.2013-cü il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi icra edilməsi üçün 21.02.2014-cü il tarixdə Nizami Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsi tərəfindən 06.03.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Lakin həmin vaxt bu icra sənədi icra edilməmiş, əmlaklar E.Zeynalovdan alınıb tələbkara verilməmiş, əmlaklar mübahisəli fərdi yaşayış evində qalmışdır. Həmçinin tələbkar K.Zeynalovanın “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbi barədə” iddia tələbinə baxılarkən ekspertiza təyin edilmiş, 27.03.2019-cu il tarixdə ekspert tərəfindən rəy verilmiş və rəy ilə xeyli miqdarda əşyalara dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. K.Zeynalovanın E.Zeynalova və onun qohumları olan X5 və X3 qarşı irəli sürdüyü “əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi tələbi barədə” iddia tələbi də təmin edilmişdir. Həmin qətnamələr də İcra Şöbəsi tərəfindən icra edilməmiş qalmışdır. Göründüyü kimi icra sənədinin icrası illərlə icra edilməmiş qalmışdır. Nəticədə, bir tələbkar kimi K.Zeynalovanın hüquqları kobud şəkildə pozulmuşdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yuxarıda qeyd edilən şikayətin dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv olunmalı və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” K.Zeynalovanın şikayətinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı (tələbkar) K.Zeynalovanın cavabdeh (borclu) E.Zeynalov qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasına dair mülki işə baxılarkən Nizami Rayon Məhkəməsinin 23.10.2012-ci il tarixli qərardadı ilə K.Zeynalovanın “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi təmin edilmiş və ona məxsus əşyaların siyahıya alınaraq onların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq Nizami Rayon İcra Şöbəsi tərəfindən 29.10.2012-ci il tarixdə akt tərtib edilmiş, müəyyən əşyalar istisna olmaqla qalan bütün (100 adda olan) əşyalar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2013-cü il tarixli qətnaməsindən (İş № 2(007)-172/2013) görünür ki, (tələbkar) iddiaçı K.Zeynalovanın (borclu) cavabdeh E.Zeynalova qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiası qismən təmin edilərək K.Zeynalovaya məxsus əmlakların E.Zeynalovdan alınaraq K.Zeynalovaya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmiş və İcra Şöbəsinin icraata başlamaq haqqında 06.03.2014-cü il tarixli qərarı ilə icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borclu E.Zeynalova bildiriş göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.05.2019-cu il tarixli qətnaməsindən (İş № 2(007)-189/2019) görünür ki, K.Zeynalovanın E.Zeynalova və onun qohumları olan X5 və X3 qarşı irəli sürdüyü “əşyaların yerinin dəyişdirilməsinin qadağan edilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi ünvan 1 ünvanda yerləşən və K.Zeynalovaya məxsus əşyalarından K.Zeynalova tərəfindən istifadəyə cavabdehlər E.Zeynalov, B.Zeynalova və S.Zeynalov tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qeyd olunan əşyaların yerinin dəyişdirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Nizami Rayon İcra Şöbəsinin 22.06.2020-ci tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2019 saylı iş üzrə qəbul etdiyi 23.05.2019-cu il tarixli qətnamə əsasında verilmiş icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borclulara bildiriş göndərilmişdir. Nizami Rayon İcra Şöbəsinin 17.03.2021-ci il tarixli aktından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-189/2019 saylı iş üzrə verilmiş icra sənədinə əsasən borclulara icra sənədinin mahiyyəti, onların hüquq və vəzifələri izah olunmuşdur. Borclular bildirmişlər ki, K.Zeynalovaya məxsus əmlaklar bu ünvanda yoxdur. Həmin əşyaları 2019cu ilin oktyabr ayında mənzildən çıxardaraq kirayə götürdükləri mənzilə yerləşdirmişlər. K.Zeynalovanın mənzildən istifadə hüququ olmadığından əmlakları həmin mənzildə saxlamağa məcbur deyillər. İcra sənədinin mahiyyəti təkrarən borclulara izah edilmiş, icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi təklif edilmişdir. Nizami Rayon İcra Şöbəsinin 09.07.2021-ci il tarixli. 17/71-1A83353 bildirişindən görünür ki, K.Zeynalovaya aid olan əmlakların ünvan 2 ünvandan götürülərək təhvil verilməsi məqsədi ilə icra tədbirləri 15 iyul 2021-ci il, saat 11:00-a təyin olunmuş və tərəflərin icra tədbirləri həyata keçiriləcəyi ünvanda iştirak etmələri xahiş olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 15.07.2021-ci il Aktından görünür ki, 15.07.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon icra idarəsi tərəfindən tərəflərə əvvəlcədən məlumat verilmiş, icra tədbirlərinin təyin olunduğu ünvanda olmuşlar. Qeyd edilən ünvanda X6 və ya onun nümayəndəsi iştirak etməmişdir. Digər tərəf isə bildirmişdir ki, əmlakları qarşı tərəf götürməmiş, gələrsə təqdim edə bilər. Şikayətə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, əmlakların ünvan 2 ünvanından götürülərək təhvil verilməsi üçün icra tədbirləri 15.07.2021-ci il, saat 11:00-a təyin edilmişdir. Lakin tələbkar K.Zeynalova icra tədbirlərinin həyata keçirilməsi üçün bildirişdə göstərilmiş ünvana gəlməmişdir. Əşyaların yeri dəyişdiyindən borclu da, icra məmuru da tələbkara təklif etmişdir ki, əşyaları götürüb onun (K.Zeynalovanın) evinin qapısına gətirsin, o da oradan seçib götürsün, lakin tələbkar razılaşmamışdır. Tələbkar əşyaların geri, yəni əvvəl olduğu yerə qaytarılmasını istəyir. Borclu tərəf isə əşyaları başqa mənzilə yerləşdirmişdir. Tələbkar icra məmurunun hərəkətlərindən narazıdır və icra hərəkətlərinin qətnamədə nəzərdə tutulan qaydada icra edilməsini istəyir. Onun əsas tələbi ondan ibarətdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (İş № 2(007)-189/2019) 23.05.2019cu il tarixli qətnaməsinə əsasən həmin qətnamədə qeyd olunan əşyalarının yerinin dəyişdirilməsi cavabdehlərə qadağan olunsa da hazırda əşyalar olduqları yerdə deyil, buna görə də icra məmuru ilk növbədə həmin əşyaların qətnamədə qeyd olunan ünvanda saxlanılması üçün tədbirlər görməli idi. Müzakirə edilən mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi dövlətin adından çıxarılır və onun icrası qətnamədə göstərilən qaydada icra olunmalıdır. Lakin hazırki iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (İş № 2(007)- 189/2019) 23.05.2019-cu il tarixli qətnaməsinə əsasən həmin qətnamədə qeyd olunan əşyalarının yerinin dəyişdirilməsi cavabdehlərə qadağan olunsa da cavabdehlər həmin əşyaların yerini dəyişdirmiş, başqa mənzilə aparmışlar. Rayon Məhkəməsi isə bunu nəzərə almamışdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” X2 şikayətinə yenidən baxılması üçün iş Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-488/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-488/2021
17.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver