Məhkəmə qərarları › İş №8(103)-49/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-49/2021

29.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-49/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(011)-426/2020 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Tələbkar verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarının ləğv edilməsi, Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-3506/2010 saylı və xx.xx.2015-ci il tarixli, 2(011)-581/2015 saylı icra vərəqələri üzrə aliment borcunun yenidən hesablanmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-3506/2010 saylı icra vərəqəsinə əsasən, borclu A.Rüstəmov ilə Tələbkar birgə nikahlarından doğulmuş övladlarının – xx.xx.2009-cu il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq borcludan hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq tələbkara ödənilməlidir. Həmçinin Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, digər övladının – xx.xx.2013-cü il təvəllüdlü Lalənin yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014cü il tarixdən başlayaraq borclu A.Rüstəmovdan hər ay 103 manat sabit pul şəklində alimentin tutularaq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icra hərəkətlərini həyata keçirən Bakı Şəhər Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Əliyevin qərarına əsasən borclunun tələbkara 33.707 manat məbləğində aliment borcu var. İcra Şöbəsinin xx.xx.2020-ci il tarixdə borclu barəsində tərtib olunmuş protokola Xətai Rayon Məhkəməsində baxılarkən icra məmuru tərəfindən hesablanmış aliment borcu 20.375 manat təşkil etmişdir. Borclu hesab edir ki, icra məmuru borcu düzgün hesablamamışdır. Belə ki, borclu ilə Tələbkar arasındakı nikah 2010-cu ildə pozulsa da, onlar sonradan barışmış, ailə münasibətlərini bərpa etmiş və tələbkar ərizə ilə İcra Şöbəsinə müraciət edərək, məhkəmə qətnaməsinin icra olunmamasını və qətnamənin icraya yönəlməməsini xahiş etmişdir. Daha sonra tərəflər bir daha nikaha daxil olmuş, birgə yaşamışlar. 2015-ci ildə onların ailə münasibətləri yenidən pozulmuş, məhkəmə qətnaməsi əsasında nikaha xitam verilmişdir. Lakin tələbkar yenidən Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin icra olunmamasını xahiş etmişdir. Bunlara baxmayaraq icra məmuru göstərilənləri, xüsusən də, tələbkarın ərizəsini nəzərə almadan borclu ilə tələbkarın birgə yaşadıqları dövrlər üçün də alimenti hesablamışdır. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsini, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli icra vərəqələri üzrə aliment borcu üzrə hesablamalar yenidən aparılaraq 2020-ci ilin noyabr ayına olan aliment borcunun məbləğinin 19.022 manat müəyyən olunmasını qərara alınmışdır. İş üzrə Tələbkar həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və borclu tərəfindən verilmiş ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tələbkarla borclunun nikahın pozulmasından sonra müəyyən müddət ərzində birlikdə yaşamasını, bunun üçün alimentin borcludan tutulması haqqında məhkəmə qərarırın olmasını nəzərə almamış və onların birgə yaşadıqları müddət üçün alimentin məbləğini ümumi aliment borcundan silmişdir. Baxmayaraq ki, 2019-cu ildə borclunun aliment borcu 28.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun evinə rəsmi həbs qoyulmuş, borclu isə qərardan şikayət etməmişdir. Tələbkar həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və barəsində verilmiş qərardadı dəyişdirmədən saxlayaraq şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) yuxarıda qeyd edilən şikayətin dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmalı, “aliment borcunun yenidən hesablanması barədə” borclu A.Rüstəmovun ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-3506/2010 saylı icra vərəqəsinə əsasən, borclu A.Rüstəmov ilə Tələbkar birgə nikahlarından doğulmuş övladlarının – xx.xx.2009-cu il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq borcludan hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq tələbkara ödənilməlidir. Həmçinin həmin Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, digər övladının – xx.xx.2013cü il təvəllüdlü Lalənin yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq borclu A.Rüstəmovdan hər ay 103 manat sabit pul şəklində alimentin tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2015-ci il tarixdə Tələbkar ərizə ilə Xətai Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədini icra etmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. İcra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmış, tələbkarın ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə həmin icra sənədi yenidən icraya yönəldilmişdir. Bundan sonra, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi ilə tərəflərin birgə nikahından olan Lalənin yetkinlik yaşına çatanadək saxlanılması üçün A.Rüstəmovdan hər ay 160 manat məbləğində sabit pul şəklində alimentin tutulması qət edilmişdir. Xətai Rayon İcra Şöbəsinin tələbkara ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, borclunun ödəməli olan aliment borcu cəmi 33.707 manat təşkil edir. Borclu 33.707 manat aliment borcu ilə razı deyil və aliment borcunun yenidən hesablanmasını tələb edir. İşə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında iştirak etmiş icra məmuru alimentin yenidən hesablanması ilə bağlı icra etdiyi hərəkətlər barədə Rayon Məhkəməsinə izahat vermiş və yazılı arayış təqdim etmişdir. Həmin arayışa əsasən borclunun qeyd olunan icra sənədləri üzrə 2020-ci ilin noyabr ayına olan aliment borcunun 19.022,75 manat məbləğində olması göstərilmişdir. İşə baxmış Rayon Məhkəməsi hər iki icra vərəqəsi üzrə yeni hesablamanın aparılmasının zəruri olması qənaətinə gələrək, borcun məbləğinin 19.022 manat müəyyən olunması nəticəsinə gəlmişdir. Bu qərardaddan tələbkarın etirazı isə ondan ibarətdir ki, aliment borcunun məbləğinin hesablanması məhkəmənin səlahiyyətinə aid deyil. İşə baxmış Rayon Məhkəməsi borcun məbləğini özü hesablamış və nəticədə aliment borcunun məbləğini düzgün müəyyən etməmişdir. Müzakirə edilən mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, aliment borcları alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilsə də (Ailə Məcəlləsi; maddə 106.3.), yuxarıda qeyd edilən icra sənədləri üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda hər iki icra sənədi üzrə borclunun aliment borcunun cəmi 19.022,75 manat təşkil etdiyi göstərilmiş, lakin həmin məbləğin hesablanması əsasları arayışda göstərilməmişdir. Rayon Məhkəməsi isə bunu nəzərə almamış, icra məmurunun əsaslandırılmamış arayışına əsasən aliment borcunun məbləğini müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və “aliment borcunun yenidən hesablanması barədə” X1nun ərizəsinə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar