Məhkəmə qərarları › İş №8(103)-493/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-493/2025

19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-493/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra sənədi üzrə Borclu Maraqlı şəxs icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətinə dair iş üzrə Xəzər Rayon Məhkəməsinin 13.08.202*-ci il tarixli 8(003)-286/202* nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Xəzər Rayon Məhkəməsi həmin qərardadla qərara alıb ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə icra sənədi ilə bağlı Maraqlı şəxs icra məmurunun hərəkət və hərəkətsizliyindən icra sənədi Borclu verdiyi şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardad onunla əsaslandırılıb ki, şikayətə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv olunsun. Borclunun şikayəti təmin olunmalı, məhkəmənin qərardadı ləğv olunmalı və icra məmurunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, şikayət olunan hərəkət və hərəkətsizlik məhkəmə qətnaməsinin icrası üzrə icraata aiddir. Həmin qətnamə mülki məhkəmə icraatı qaydasında Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunduğuna görə, şikayətə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşə baxılması, qətnamənin qəbulu və qətnamənin icrası ilə bağlı münasibətlər mahiyyətcə vahid prosesin - hüququn tətbiqinin tərkib hissəsidir. Odur ki, hüququn tətbiqinin sonuncu hissəsi ilə bağlı işlərə (məhkəmə aktının icrası ilə bağlı şikayətlərə, ərizələrə və s.) əvvəlki hissələr üzrə icraatı həyata keçirmiş məhkəmə baxmalıdır. İnzibati və ümumi məhkəmələr arasında iş bölgüsü göstərilən qaydada həyata keçirilir, bu barədə vahid məhkəmə təcrübəsi artıq formalaşıb. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbi baxımından, ümumi məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı şikayətə baxılması inzibati məhkəməyə aid deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 13.08.202*-ci il tarixli 8(003)-286/202* nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar