Məhkəmə qərarları › İş №8(103)-495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-495/2021

20.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-495/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı 21.06.2021-ci il tarixli qərardadından Tələbkar ASC və Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İcra işi üzrə tərəf olmayan X5 ərizə ilə məhkəməyə müraciət edərək, “Toyota Corolla” minik markalı, 99-VC671 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.12.2019-cu il tarixdə satın almışdır. Qeyd edilən nəqliyyat vasitəsi Gürcüstan Respublikasının Rustavi şəhərindən gətirilmiş və o, həmin avtomobili X7 gömrük rəsmiləşdirilməsi baş tutandan dərhal sonra pulunu ödəyib almışdır. X1 adına olsa da, onu heç görməmiş, alqı-satqı Renad Adiloviçlə onun arasında olmuşdur. Avtomobili aldıqdan sonra rəsmiləşdirə bilməsə də, faktiki olaraq 2019-cu ilin dekabr ayından onun mülkiyyətindədir. 2020-ci ilin dekabr ayında avtomobili öz adına rəsmiləşdirmək istəyərkən, ona avtomobilin üzərində həbs olduğu bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. R.R.Qasıməliyev həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, vicdanlı alıcıdır. Avtomobilin üzərinə həbs qoyulması onun hüquqlarını məhdudlaşdırır. Faktiki onun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması qanunsuzdur. Tələbkar ASC-yə borclunun cəmi 12628.78 manat borcu olduğu halda, 27.000 manat məbləğində əmlaka həbs qoyulmuşdur. Belə ki, üzərinə həbs qoyulmuş “Kia Rio” minik markalı avtomobilin bazar qiyməti 12.500-13.500 manat, “Toyota Corolla” minik markalı avtomobilin bazar qiyməti isə 13.500-14.000 manat təşkil edir. Borcun həcmini dəfələrlə aşan bir nəqliyyat vasitəsinin tamamilə borcu ödədiyi halda hər iki maşının üzərinə həbs qoyulması qanunsuzdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-223/2021 saylı, 27.05.2021-ci il tarixli qərardadına əsasən, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Tələbkar ASC-nin də cəlb etməklə araşdırma aparılmalı və üzərinə həbs qoyulmuş avtomobillərin (“Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kio Rio” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil) dəyərinin tələbə (12628,78 manat) mütənasibliyinin yoxlamaq imkanını araşdırmaqla yekun nəticəyə gəlməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-519/2020 saylı 08.10.2020-ci il tarixli qərardadı ilə X3 adına olan “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadından Tələbkar ASC və Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi X5 ilə borclu X6 arasında alqı-satqı müqaviləsi olmamışdır. Borclu O.E.Cəbrayılov mülkiyyətində olan “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə R.R.Qasıməliyevə etibarnamə ilə vermişdir. Avtomobilin istifadə və idarə olunmasına dair verilmiş etibarnamə avtomobilin alqı-satqı müqaviləsinə barəbər əqd hesab edilə bilməz. Məhkəmə iclasında tələbkarın nümayəndəsi G.Guseinov şikayəti müdafiə edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1 və 43.1.1-ci maddələrindən görünür ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə aiddir. Həmin Qanunun 50.2-ci maddəsindən isə müəyyən olunur ki, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya qeyd edir ki, həbsin götürülməsi barədə R.R.Qasıməliyev tərəfindən verilmiş ərizə əsassızdır. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, 2006-cı il buraxılışlı “Toyota Corolla” minik markalı avtomobil 19.12.2019-cu il tarixdə Gürcüstan Respublikası Rustavi şəhərindən (Akif Mamedov tərəfindən) X3 adına göndərilmiş və avtomobil müvafiq qeydiyyatdan keçərək ölkə ərazisinə buraxılmışdır. 30.11.2019-cu il tarixli AR-İ 947521 nömrəli etibarnamədən görünür ki, X6 tərəfindən X10 Gürcüstan Respublikasından istənilən markalı avtomaşın almağı, yükü qəbul etməyi, gətirməyi, alqı-satqı etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər zəruri işləri görməyə dair 3 il müddətinə (30.11.2022-ci il tarixədək) etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X3 mülkiyyətində (adına) olan 2006-cı il buraxılışlı “Toyota Corolla” minik markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 19.12.2019-cu il tarixdə etibarnamə əsasında (nümayəndə) X12 tərəfindən X4 1 (bir) il müddətinə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. İş materiallarından da müəyyən olunur ki, “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil borclu X3 adında qeydiyyata alınmışdır. Ona görə də, həmin avtomobilin etibarnamə ilə X2 istifadəsində olması həbsin götürülməsi üçün əsas deyildir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 21.06.2021-ci il tarixli qərardadında “Kio Rio” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin maraqlı şəxs E.K.Qasıməliyevin ərizəsində göstərilənlər əsasında müəyyən edilməsi, həmin avtomaşının axtarışda olmaqla, yerinin bilinməməsi birinci instansiya məhkəməsi tərəfindən lazimi hərəkətlərin yerinə yetirilməməsinə dəlalət edir. “Kio Rio” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşının axtarışda olması və dəyərinin dəqiq müəyyən edilməməsi isə “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərindən həbsin götürülməsinin əsassızlığını şərtləndirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi üzərinə həbs qoyulmuş avtomaşınların hər ikisinin real mövcudluğu şəraitində onların dəyərini müəyyən etməli, avtomaşınlardan birinin dəyəri tələbkarın tələbini ödədəyi təqdirdə digərinin üzərindən həbsi götürə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı tam ləğv edilməli və iş üzrə zəruri prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tələbkar ASC və Binəqədi rayon İcra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/20201 saylı mülki iş üzrə qəbul etdiyi 21 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə zəruri prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin ibayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar