Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-496/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Borclu və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-507/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadından borclu və maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Binəqədi rayon İcra və Probasiya şöbəsinin İcra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixli qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-507/2019 saylı, xx xxxxxxx 2020ci il qərardadı şikayət təmin edilərək Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin İcra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, icra sənədi üzrə başlanmış icraatın ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan maraqlı şəxs Ə.Məhərrəmovun verdiyi şikayət məhkəmənin eyni saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılarkən Borclu və onun nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmiş, eyni zamanda məhkəmə tərkibinə etiraz etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi (atası) M.Əliyev etibarnamə təqdim etmədiyi üçün məhkəmə iclasına buraxılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-496/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Borclu tərəfindən məhkəmə tərkibinə edilmiş etiraz təmin edilməmişdir. Bundan sonra şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1358/2019 saylı icra vərəqəsindən görünür ki, məhkəmə tərəfindən Borclu ilə X11 arasında Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin, ümumi sahəsi 64.73 kv.m., yaşayış sahəsi 46.73 kv.m., yardımçı sahəsi 18 kv.m. olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, X11 ilə X3 arasında Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin, ümumi sahəsi 64.73 kv.m., yaşayış sahəsi 46.73 kv.m., yardımçı sahəsi 18 kv.m. olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilmiş, etibarsızlığın nəticələri tətbiq olunmaqla 60000 manatın X6 alınaraq X2 qaytarılması və X7 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2004-cü il təvəllüdlü Tehranlı Şövkət Şahid qızı, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə sözgüdən mənzilə köçürülməsi qət edilmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin İcra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1358/2019 saylı icra sənədi üzrə icraatı dayandırmışdır. İcra işində həmin qərarın tərəflərə göndərilməsinə və tərəflərin qeyd olunan qərarı hansı tarixdə almalarına dair hər hansı sənəd mövcud deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə ... dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə kollegiyası barəsində xx.xx.2020-ci il tarixli qərarın qəbul edildiyi icra sənədinin qeyd olunan maddənin təsir dairəsinə düşməsinə dair icra məmurunun qənaəti ilə razılaşmır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-369/2020 saylı qətnaməsinin məzmunundan da göründüyü kimi, iddiaçı Borclu cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 azyaşlı övladları xx.xx.2004-cü il təvəllüdlü Tehranlı Şövkət Şahid qızı, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, 8 mikrorayon, S.S.Axundov küçəsi, 5 saylı evin, 65 saylı mənzilinə olan istifadə hüquqlarına 7.200 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, qeyd olunan mübahisə “icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə” dair deyil. Borclu X1 mübahisəli mənzilə istifadə hüququnun olmasını qəbul edir və həmin hüququn kompensasiya edilməsi üçün məhkəməyə müraciət edib. Belə olan halda artıq qanuni qüvvəyə minmiş və bir ildən artıq müddətdə icrasını gözləyən qətnamənin qeyd olunan mübahisənin yekunlaşmasından asılı vəziyyətdə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi ilə tək X1 deyil, eyni zamanda onun üç azyaşlı uşağının da mənzilə köçürülməsi məsələsi həll olunmuş və hal-hazırda icra edilmədən qalmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, icra qurumunun qərarının qüvvədə saxlanılması tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı X14 Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35). Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə xx xxxxxxx 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.). Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin İcra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu və maraqlı şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-507/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-496/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-496/2020
09.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver