Məhkəmə qərarları › İş №8(103)-497/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-497/2020

12.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-497/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-357/2020 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin izah etməməsinin qanunsuz hesab edilməsinə və icra məmurunun “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin izah edilməsi barədə icra məmurunun üzərinə öhdəlik qoyulmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-357/2020 nömrəli qərardadına əsasən X1nın Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Türkay Yusiflinin “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin izah etməməsinin qanunsuz hesab edilməsinə və icra məmurunun “icra şöbəsinə gəlib icra sənədinə əsasən tələbi təmin edəsiniz” tələbinin izah edilməsi barədə icra məmurunun üzərinə öhdəlik qoyulmasına dair şikayəti təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)- 357/2020 nömrəli qərardadından X1 şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İş üzrə tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsini, materialı tədqiq edib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-8530/2017 nömrəli icra sənədi üzrə icra icraatına başlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Müvafiq iş üzrə icra məmurunun icra vərəqəsi üzrə icraatın dayandırılması ilə bağlı borclu icra məmuruna müraciət etməli, icra məmurunun qəbul etdiyi hər hansı qərarından narazı qalacağı halda müvafiq olaraq inzibati məhkəməyə müraciət etməli olması konkret olaraq İcra haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində əks olunmuşdur. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Məhkəmə eyni zamanda qeyd edir ki, X5 Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil vəqərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-8530/2017 nömrəli icra sənədi üzrə borc X2 tutulmalı olduğundan, borclunun şikayətində qeyd edilən hallar icra məmurunun hər hansı hərəkətlərinə (hərəkətsizliyinə) və ya tələbinə izah verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(011)-357/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar