Məhkəmə qərarları › İş №8(103)-497/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-497/2025

22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-497/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı X4nun ərizəsi üzrə (Açar sözlər: alimentin 50 faizinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X16 (sədrlik edən və məruzəçi), Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-351/2025 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları

1. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2065/2024 nömrəli qətnaməsi ilə X17 ilə X13 arasında 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 2676 saylı akt qeydi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli rəsmiləşdirilmiş nikahın pozulması, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh X6 xx.xx.2022-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı X10 ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. X4 ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2022-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında tutulan alimentin 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ondan 2024-cü ilin aprel ayından hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında - yəni 1.150 manat aliment tutulur. Lakin ondan sadəcə maaşının dördə bir hissəsi miqdarında deyil, həmçinin əlavə gəlirləri - verilən əlavə bonuslardan da aliment tutulur. O, 2024-cü ilin avqust avından 2025-ci ilin may ayına qədər 25.657,96 manat aliment ödəmişdir (Avqust ayı 2.450, Sentyabr ayı 2.730, Oktyabr 2.814,77, Noyabr 4.130,92, Dekabr 2.730, 2025-ci ilin yanvar ayı 1.696,5, fevral ayı 1.063,01, mart 1.150, aprel 1.150, may ayı isə 5.742,76 manat). Həmçinin, bu ay da ondan 1.300-ə yaxın aliment məbləği tutulacaq. Çünki il ərzində bir neçə dəfə əlavə bonuslar alır və bu hər dəfə fərqli məbləğlər təşkil edir. Belə ki, əlavə gəliri olan bonusların məbləği bəzən 1.000, bəzən də 5.000 olmuşdur. O, nikahın pozulması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən həmçinin uşağa ödənilən alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün də müraciət etmişdi. Belə ki, iddia icrati qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən Nəsimi Rayon Məhkəməsi 2(006)-2065/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində müraciətini təmin etməmiş və təmin etməməsinə səbəb kimi X7 uşaq üçün ödənilən aliment məbləğini uşaq üçün deyil, özü üçün xərclədiyinə dair sübut təqdim etməmişdir. Halbuki o, X7 uşaq üçün ödənilən aliment məbləğini necə istifadə etdiyini müəyyən edə bilməz. Nəzərə çatdırır ki, ondan bu günə qədər ümumilikdə 25.657,96 aliment tutulmuşdur. X14 isə cəmi 3 yaşı var. Bu məbləğ uşağın indiki yarana biləcək sosial-məişət və digər xərclərinin qarşılanması üçün kifayət qədər çoxdur. Bu səbəbdən də uşağa ödənilən alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini istəyir. Bu onun gələcək təhsil və digər xərclərinin qarşılanması üçün qarantiyadır. Belə ki, X19 hal-hazırda baxçaya gedir və baxça üçün aylıq 250 manat pul ödənilir. Halbuki, tutulan bu qədər alimentin qarşılığında uşağın daha yaxşı standartları olan baxçaya getməsi uşaq üçün daha əlverişlidir. Bunlarla yanaşı uşağın anası X3 Raul Elvin oğluna uzun müddət istifadə etməsi üçün daha böyük ölçüdə geyimlər və ayaqqabılar alır. Bütün bunları nəzərə alaraq demək olar ki, ondan tutulan bu aliment məbləğinin çox az bir qismi uşağın xərclərinə gedir. Halbuki o, ödənilən aliment məbləğinin qanunla nəzərdə tutulan qaydada 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini onun gələcək xərclərinin də qarşılanması məqsədi ilə tələb edir. Həmçinin, onun aylıq əmək haqqı onların nikahı pozulduğu vaxt aylı 3.900 manat təşkil edirdi və həmin məbləğin 975 manatı ondan aliment üçün tutulurdu, indi isə aylıq qazancı tez-tez artır və belə olduqda tutulan alimentin məbləği də artır. Düşünür ki, bu məbləğ uşaq aylıq xərcləri üçün də kifayət qədər çoxdur. O, bir ata olaraq xx.xx.2022-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi ilə qərar verilməsi üçün icra icraatı qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edir.

4. Tələbkarın nümayəndəsi və vəkili ərizəyə qarşı etiraz verərək bildirmişdir ki, Binnətov Elvin həmin qətnamənin “alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi” hissəsindən apellyasiya şikayəti vermiş və şikayətində hazırkı ərizəsində göstərdiyi əsaslarla bildirmişdir ki, atanın əmək haqqından ayrılacaq aliment məbləği kifayət qədər yüksəkdir və bu səbəbdən də məbləğin yarısının uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbinin təmin olunmaması qanunsuz olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5584/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun şikayəti təmin olunmamış, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası həmin qətnaməsində mövqeyini belə əsaslandırmışdır ki, “iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il təvəllüdlü X18 ASP-autizm spektral pozuntu (göz kontaktı yoxdur, steriotipləri var (əldə) dağınıqdır) diaqnozu qoyulmuş və erqoterapiya seansı təyin olunmuşdur ki, belə olan halda da R.Binnətliyə daim qulluq edilməsi eləcə də uşağın müayinə və müalicələr alması fonunda xərclərin daha yüksək olması qaçınılmazdır. Bundan əlavə, iddiaçının əmək haqqının (3900/4=975) 1/4–i hazırkı dövrdə qiymətlərin artımı və uşağın artan tələbatlarının ödənilməsi baxımından o qədər də böyük məbləğ olmadığından, onun əlli faizinin də bank hesabına ödənilməsi halında uşağın hazırkı tələbatlarının ödənilməsi üçün kifayət etməyə, demək ki, uşağın üstün maraqlarına xələl gətirə bilər. Bu isə yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda alimentin ilk iddia üzrə cavabdehin qazancından ¼ hissəsinə ödənilməsi tərəflərin övladlarının rahat, sağlam və normal yaşayışı təmin edilməsi üçün nəzərdə tutulduğundan, qarşı tərəfindən isə həmin alimentin X7 öz xeyiri üçün tələb edildiyinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyindən, eləcə də uşağın hazırkı tələbatlarının ödənilməsi baxımından, birinci instansiya məhkəməsi iddiaçının bu tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.” Göründüyü kimi, ərizəçinin hazırkı xahişinə iddia icraatı qaydasında məhkəmədə baxılmış və apellyasiya instansiyasının bu qeyd etdiyimiz qətnaməsi qanuni qüvvəyə minmişdir. Ərizəçi apellyasiyanın bu mövqeyi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Hazırda isə, eyni əsaslarla ərizəsinin təmin olunmasını xahiş etməsi, tələbkarı davamlı məhkəmə mübahisələrinə cəlb etməklə qəsdən onu incitməyə xidmət etməkdədir. Daha əvvəlki məhkəmə mübahisələrində də qeyd etdiyi kimi, Raul atasına məxsus olan və qeydiyyatda olduqları Nəsimi rayonu, Cavadxan küçəsi, 3243-cü məhəllə, ev 31 c, giriş 3, 191 saylı mənzildən məcburi çıxarıldığı üçün müvəqqəti olaraq anasının valideynlərinin yanında qalsa da, anası Raulun düzgün və rahat yaşaya bilməsi üçün hazırda kirayə evdə yaşamağı planlaşdırır. Lakin, hazırda Raulun vacib digər təlabatlarından bu mümkün deyildir. Belə ki, mübahisəsizdir ki, Raula ASP-autizm spektral pozuntu (göz kontaktı yoxdur, steriotipləri var (əldə) Dağınıqdır) diaqnozu qoyulmuş və erqoterapiya seansı təyin olunmuşdur. Uşağa həssas yanaşılmalı, terapeyası davamlı təmin olunmalı və xüsusi qayda və rejimdə saxlanılmalıdır. Hər ay mütəmadi almalı olduğu dərmanlar, xüsusi müalicə kursları, psixoloq müayinələri, xüsusi qida rasionları vardır. Səhər-axşam yeməyi-sıyıq(kaşa), pampers, Aptamil, kənd toyuğu, dana əti, Alma şirəsi, banan, Vitamin D, yulaflı peçenye, Psixoloq+Loqoped, həftəsonu əyləncə, geyim ehtiyacları, bağça və s, bunlar Raulun aylıq ən vacib ehtiyaclarıdır və təxirəsalınmadan baba və nənəsi (ana tərəfdən) tərəfindən atası tərəfindən evdən çıxarıldıqdan sonra davamlı həyata keçirilməkdədir. Bundan əlavə də aylıq xərclər mövcuddur. Hər dəfə xəstələndiyi zaman digər (sağlam) uşaqlardan daha həssas olduğu üçün müalicəsi çətin və bahalı olur. Bütün bunları həyata keçirən zaman (həyata keçirilməsi uşağın səhhəti üçün vacibdir) təmin olunan alimentin üzərinə ananın, hətta nənənin də əmək haqqını da tam əlavə etmək lazım olur. Bu səbəbdən də uşaqla anasının ayrılıqda rahat yaşaya biləcəkləri kirayə bir ev tutulması mümkünsüz hala gəlir. Bu hissədə qeyd edək ki, Binnətov Elvin, mülkiyyətində evi olduğu halda, nəinki, həmin evdə öz övladına yaşamaq hüququ verməmiş, hətta, məhkəmə yolu ilə tələbkarı həmin mənzilə qeydiyyatdan da çıxarmışdır. Bütün bunları bildiyi və bilməli olduğu halda atanın “cox yüksək” hesab etdiyi aliment məbləğinin yarısının bank hesabına köçürülməsini istəməsinin Raulun mənafeyinə xidmət etmədiyi aydındır. Raulun bu yaşda düzgün qidalanmaması, lazımi müalicə almaması və rahat şəraitdə yaşamaması onun sağlam gələcəyini şübhə altına alır və o zaman da atanın guya ki, onun gələcəyini fikirləşərək bu tələbi irəli sürməsi açıq-aydın həqiqəti ifadə etməməkdədir. Ərizəçi tərəfindən daha əvvəl, demək olar ki, bütün dövlət qurumlarına dayanmadan müraciətlər olunmuş və bildirilmişdir ki, Raul xəstə deyil, xəstəliyi ona düzgün olmayaraq, saxta yolla qoyulmuşdur. Bununla bağlı Prokurorluğa etdiyi müraciət üzrə araşdırma başlanılmış, xəstə uşağı yayın istisində süründürmədiyi qurum və xəstəxana qoymamışdır. O qədər şikayət etmişdir ki, bununla bağlı uşağın müayinə olunması üçün hətta ekspertiza təyin olunmuş və komisyon məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-632 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Raula təyin olunan diaqnoz düzgün olmuşdur. Şikayətinin əsassız olduğunun təsdiqlənməsinə baxmayaraq ata yenə də durmamış, şikayətlərinə davam etmiş və qeyd etdiyimi kimi, azyaşlı və xəstə uşaq bu səbəbdən bütün yay boyu dəfələrlə müxtəlif tibb müəssisələrinə çağırılmışdır. Həmin qərardan da görünür ki, Raulun xəstəliyi atası ilə anasının birlikdə yaşadıqları dövrdə atanın iştirakı ilə müəyyən olunmuş və o, bu barədə məlumatlı olmuşdur. Qeyd etdiyi kimi, Raul kifayət qədər vacib, təxirəsalınmaz və maddi vəsait tələb olunan müalicə kursları keçir və bu davam edəndir. Bu cür sübutlar olmasa belə, hər kəs üçün internet üzərindən bu cür xəstə uşaqların keçməli olduqları müalicə kursları kifayət qədər əlçatandır. Belə olan halda, formal olaraq tərtib olunmuş hazırkı ərizə tam əsassızdır və artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə buna münasibət bildirilmişdir. Ərizəçi aliment ödənişi cədvəlini əlavə edərək , aylıq aliment məbləğlərinin yüksək olmasını qeyd edir. Məlum olduğu kimi, Raulun saxlanılması üçün aliment 2024-cü ilin aprel ayından müəyyən olunsa da, ərizəçinin maneçiliyi ilə icrası yubanmış və 5 ay sonra aliment ödənməyə başlanılmışdır. Bu səbəbdən yığılıb qalmış aliment məbləği aylar üzrə əlavə olunmuş və aylıq aliment məbləği artmışdır. Əlavə olaraq qeyd edir ki, ərizəçi tələbkarla yazışmalarında uşağın (Raulun) danışmamasından narahatçılığını ifadə edərək, onu əlavə loqopedə yazdırmağa, hətta bunun üçün alimentdən əlavə ödəniş etməyə də hazır olduğunu bildirir. Yəni, alimentin Raulun düzgün müalicə almasına yetərli olmadığını özü də qəbul edir. Xüsusi olaraq vurğulayır ki, ərizəçinin qeyd etdiyi kimi, ayda 1.150 manat aliment məbləği, müalicəyə, xüsusi diqqətə, qayğıya ehtiyacı olan, şəxsi yaşayış evinə sahib olmayan ana ilə yaşayan azyaşlı uşağın saxlanması üçün kifayət qədər yüksək məbləğ təşkil etmədiyi hər kəs üçün qəbuledilən bir haldır. Qeyd olunanları nəzərə alaraq hazırkı ərizəni təmin olunmamasını xahiş etmişdir.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 351/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Qərardaddan narazı qalan X4 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

7. Şikayətdə əlavə olaraq bildirilmişdir ki, ödənilən aliment uşağın xərclərini qarşılayır. Borclu uşağın sağlamlıq, qidalanma və məişət tipli xərclərinin ucuz olduğunu nəzərdə tutmamışdır. Lakin ondan hər ay tutulan aliment məbləğinin uşağın bir ay boyunca yarana biləcək xərclərinin kifayət qədər ödənilməsi qənaətindədir. Bunlarla yanaşı, qarşı tərəf uşağa hər ay mütəmadi dərmanlar, xüsusi qida rasionu - səhər-axşam yeməyi, alma şirəsi, banan, kənd toyuğu və sairə, pampers kimi şeyləri xırdalamışdır. Halbuki, ödənilən aliment məbləği bunların hər birini yetərincə qarşılayır. Bundan ötrü əlavə olaraq da nənənin pensiyasından pul xərcləmək lazım deyildir. Həmçinin, uşağın anası onun müalicə kurslarına getməsini iddia edir. Lakin AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi tərəfinfdən verilən xx.xx.2024-cü il tarixli 18-1/2-b- 7129/xx-xx-20040/2024 nömrəli cavab məktubunda isə 14 nömrəli Uşaq Poliklinikasının, 16 nömrəli Uşaq Poliklinikasın, 1 nömrəli X8 nevropataloqları tərəfindən “Uşaq inkişaf etaplarında ləngimə” (R62.0), “Qeyri-adi və anlaşılmaz davranış” (R46.2), “Qavrama və dərketmənin ləngiməsi” (R41.8), “Niqt Pozuntusu” (R47.8), “Hiperaktivlik” (R46.3) diaqnozları təsdiqlənmişdir və uşağın adına təhkim olunduğu müəssisə tərəfindən X12 müayinə və müalicə olunması üçü göndəriş verilmişdir. Lakin X2 tibbi xidmətdən imtina etmişdir. Uşağın anası uşağın müalicə kursu aldığını və buna çox pul xərcləndiyini iddia edir. Lakin uşaq sadəcə loqoped yanına gedir və bu da ayda 80 manat edir. Uşağın müalicə kursu almasını iddia edirlər, lakin uşağın nənəsi özünün çalışdığı Suraxanı rayonundakı xəstəxanadan bununla bağlı qeyri-qanuni sənəd alıb. Hətta qəbul edən həkim kimi özünün adı yazılıb – X25. Halbuki, uşaq Nərimanov rayonunda qeydiyyatdadır və oradan sənəd alınmalı idi. Hətta sonradan bununla bağlı müəssisə və işçilər barədə tədbir də görüblər. Bununla yanaşı özəl xəstəxanaya yox, dövlət poliklinikasına aparıblar. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin № 8(006)-351/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə onların nikahı pozulduqdan sonra borclunun evi olduğu halda evdən övladına yaşamaq hüququ vermədiyi, hətta X11 mənzildən qeydiyyatdan çıxarmağı qeyd olunmuşdur. Övladı anasının himayəsinə verilmişdir və həm anasının, həm də oğlunun yaşamağa yeri var. Həmçinin, borclu uşağa yetərincə aliment ödəyir. Bir mülkiyyətçi olaraq nikahının pozulduğu keçmiş həyat yoldaşını mənzildən qeydiyyatdan çıxarmağı onun ata olaraq uşağın xərclərini qarşılamadığı anlamına gəlməməlidir. Uşağın anasıgilin Masazır qəsəbəsində və Suraxanıda evləri var. Evdən əlavə torpaq sahələri də mövcuddur. Yəni onların qalmağa yeri həmişə olmuşdur. Borclunun mülkiyət hüquqlarından istifadə etməyi ata olaraq vəzifələrindən yayınmağı demək deyildir. Çünki o, uşağını yox, sadəcə boşandığı keçmiş həyat yoldaşını qeydiyyatdan çıxarmışdır. Qarşı tərəf iddia etmişdir ki, uşağın saxlanılması üçün 2024-cü ilin aprel ayında kəsilən aliment borclunun mənafeyi baxımından 5 ay yubanmışdır. Lakin ondan 2024-cü ilin aprel ayından hər ay qazancının (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında – yəni 1150 manat aliment tutulmuşdur. Hətta yuxarıda qeyd etdiyi kimi o, 2024-cü ilin avqust ayından 2025-ci ilin may ayına qədər 25.657,96 manat aliment ödəmişdir. Bu 10 ay ərzində 3 yaşlı bir uşağın saxlanılmasına həmin məbləğin hamsının xərclənməsi inandırıcı deyildir. Uşağın geyim, yemək və digər sosial xərclərini nəzərə alanda ödənilən alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşağın mənafeyi baxımından önəmlidir. Belə ki, borclu sadəcə aylıq əmək haqqının dörddə biri miqdarında deyil, həm də başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəyir. Bu isə kifayət qədər məbləğ edir. Belə ki, o, aylıq sabit pul məbləğində - 246 manat aliment ödəsəydi və ya əmək haqqının və başqa gəlirlərinin dördəd bir hissəsi aşağı məbləğ olsaydı, alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb etməzdi. Lakin bu alimentin bu qədər gərəksiz şəkildə israf edilməsi borclunu ata olaraq narahat edir. Nəsimi Rayon Məhkəməsinin № 8(006)- 351/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyd edilir ki, borclu uşağın anasının uşaq üçün ödənilən aliment məbləğini öz şəxsi mənafeyi baxımından necə xərclədiyinə dair sübut təqdim etməmişdir. Hamı üçün aydın məsələdir ki, onlar bir ailə deyillər və X7 haraya nə qədər pul xərcləməsini borclu sübut edə bilməz. Lakin uşağın adına alınan qeyri-qanuni tibbi sənəd, uşağa alınan böyük ölçülü paltar və ayaqqabılar, oğlunun sadəcə 80 manata loqoped yanına getməsi, qətnamədə göstərilən və alma şirəsi, toyuq əti və banan kimi qidalardan ibarət olan qida rasionunun xırdalanması özü də uşaq üçün hər ay ödənilən aliment məbləğinin hamısının onun üçün xərclənmədiyini göstərir. Borclunun əmək haqqının artmasını da nəzərə alanda gələcəkdə uşaq üçün ödənilməli olan məbləğ daha da artacaq. Bu isə daha çox israfa gətirib çıxaracaq. Belə ki, X13 özü də işləyir və əmək haqqı alır. Uşağın bütün xərclərinin valideyn olaraq sadəcə atanın üzərinə atılması həm mənəvi, həm də ailə qanunverciliyi baxımından da doğru deyildir. Çünki valideynlər uşağın saxlanılması baxımından bərabər hüquqlara və öhdəliklərə sahibdirlər. Nümunə üçün 2025-ci ilin may ayında borclu aylıq əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında – 5.742,76 manat aliment ödəmişdir. Lakin bir ay ərzində 5.742,76 manatın 3 yaşlı bir uşağın hansı xərcləri üçün xərclənmiş olması sual altındadır. Halbuki, bu məbləğin bir hissəsinin uşağın adına açılan bank hesabına köçürülməsi onun gələcək xərcləri üçün də əlverişlidir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04/2023 nömrəli qərardadı Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Kollegiya qeyd edir ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

17. İşdən görünür ki, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2022-ci il təvəllüdlü Raul Binnətliyə “R.62.0 inkişaf etaplarının ləngiməsi” və “G47.0 yuxusuzluq” diaqnozu qoyulmuşdur. Hamıya bəlli olan haldır ki, uşağın sağlam böyüməsi üçün mütəmadi müayinə və müalicələrinə, normal inkişafı üçün məktəbəqədər tərbiyə müəssisələrinə, müxtəlif dərnəklərə getməsinə müəyyən xərclər tələb olunur və uşağın yaşı artdıqça onun qidalanmasına, geyiminə və s. zəruri olan xərclər də artır. İşdə olan sənədlərlən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Raul Binnətli psixoloji və nitq mərkəzində reabilitasiya kursuna da cəlb olunmuşdur.

18. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, hazırda uşağın saxlanması üçün ödənilən alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşağın üstün mənafeyinə uyğun sayıla bilməz.

19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-351/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar