Məhkəmə qərarları › İş №8(103)-498/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-498/2020

01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-498/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İcra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 8(011)-601/2012 saylı qərardadından Tələbkar1 və Tələbkar2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(011)-1956/2011 saylı qətnaməsinə əsasən iddiaçılar Tələbkar1 və Tələbkar2 Bakı şəhəri Xətai rayonu Naximov küçəsində yerləşən 13B saylı evin 26 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin böyük icra məmuru Siyavuş Beydullayev icra sənədi üzrə icraata xitam verilməsinə dair təqdimatla məhkəməyə müraciət etmiş və təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(011)-1956/2011 saylı icra sənədi tam icra olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 8(011)-601/2012 saylı qərardadı ilə təqdimat təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(011)-1956/2011 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar1 və Tələbkar2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və icra sənədinin üsul və qaydasının dəyişdirilərək yenidən icraya yönəldilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2012-ci il tarixdə qətnamə icra olunub onlar öz mülkiyyətlərində olan Bakı şəhəri Xətai rayonu Naximov küçəsində yerləşən 13B saylı evin 26 saylı mənzilinə köçürülsələr də, bir neçə gündən sonra onlar özlərinə məxsus əşyaları mənzilə gətirmək məqsədilə mənzili tərk etdikləri vaxt cavabdeh X1 yenidən mənzilin giriş qapısının açarlarını dəyişərək onları mənzilə buraxmamışdır. Həmin vaxtdan etibarən onlar Rusiya Federasiyasında yaşayan qohumlarının Bakı şəhərində yerləşən fərdi yaşayış evində yaşamağa məcbur olmuşlar. Hal-hazırda qohumları Rusiyadan qayıtdıqlarına görə onlar öz mülkiyyətlərində olan mənzilə köçmək istəyirlər. Onlar ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edib icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etsələr də, məhkəmə tərəfindən onlara izah olunmuşdur ki, icra sənədi üzrə icraata verildiyinə görə icra sənədinin yenidən icraya yönəldilməsi mümkün deyil. Buna görə də onlar icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verməyə məcbur olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-1956/2011 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli, 8(011)-601/2012 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(011)-1956/2011 saylı icra sənədi üzrə icraat təzələnərək icra hərəkətləri davam etdirilməlidir. Belə ki, mülki işdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə Tələbkar1 və Tələbkar2 Bakı şəhəri Naximov küçəsində yerləşən 13B saylı evin 26-cı mənzilinə köçürülmələri qət edilmişdir. Həmin mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçı Tələbkar1 məxsusdur. İcra sənədi üzrə tələb icra olunduğuna görə icra məmurunun təqdimatı təmin edilərək məhkəmənin qərardadı ilə icraata xitam verilmiş, lakin tələbkarlar borclu Şahilə Məmmədova tərəfindən mənzilə buraxılmayaraq bu gunə kimi öz mənzillərinə köçə bilməmişlər. Məhkəmə isə öz qərardadını belə əsaslandırılmışdır ki, qeyd olunan mülki münasibətlər davam edən münasibətlər olduğuna görə qətnamə icraya yönəldikdən sonra 9 il müddət keçmiş, hazırda isə mövcud münasibətlərin xarakteri, şərtləri, əsasları dəyişdiyindən iddiaçılar yeni iddia ilə məhkəməyə müraciət etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tələbkarların icra sənədi üzrə mübahisəli mənzillərinə köçürülmələrinə dair icra məmuru tərəfindən akt tərtib edildikdən sonra onların həmin mənzildən maneəsiz istifadə etmə imkanları təmin olunduqda icra sənədi icra edilmiş sayılır. Lakin borclu tələbkarların onlara məxsus olan mənzilə köçürülmələrinə yenidən maneçilik törədərsə, icra sənədi üzrə icraat təzələnməlidir. İcra haqqında qanunvericiliyə görə tələbkarların mənzilə köçürülmələrinə mane olan şəxs icra sənədində göstərilən borclu şəxs olmadığı təqdirdə, icraat təzələnə bilməz və məsələ məhkəmə qaydasında həll olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.4-cü maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Həmin Qanunun 73.5-cü maddəsinə görə tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6-cı maddəsinə görə tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Kollegiya hesab edir ki, mövcud mülki mübahisə üzrə münasibətlərin xarakteri, şərtləri, əsasları və tələbkarların mənzilə köçürülmələrinə maneçilik göstərən borclu şəxs dəyişməmiş, belə olan halda iddiaçıların yeni iddia ilə məhkəməyə müraciət etmələrinə ehtiyac qalmır, yəni icra sənədi üzrə icraat təzələnərək icra hərəkətlərinin davam etdirilməsi zəruridir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi xahiş olunsa da, həmin məsələyə hazırkı icraat çərçivəsində baxıla bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 395-397, 398.0.3 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli 8(011)-601/2012 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(011)-1956/2011 saylı icra sənədi üzrə icraat təzələnərək icra hərəkətləri davam etdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar