Məhkəmə qərarları › İş №8(103)-5/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-5/2024

15.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-5/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5699/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınmaz əmlakına yönəldilməsi üçün Lənkəran, Bakı-Astara magistralında yerləşən 1,4160 ha və Lənkəran rayonu, Sütəmuradov kəndində yerləşən 1 ha sahədən ibarət torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi, Borclu məxsus Lənkəran rayonu, Sütəmuradov kəndində yerləşən 1 ha sahədən ibarət torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını qismən ləğv edərək, təqdimatın tam təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 8(005)-325/2023 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi Məhərrəmova Ülviyyə Vüqar qızı və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi Məhərrəmova Ülviyyə Vüqar qızı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət tələbkar tərəfindən ötürüldüyündən geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə daxil olmuş şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək Nərimanov Rayon Məhkəməsinin (005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və prosessual müddətin ona münasibətdə bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələbinə görə isə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə uyğun olaraq, bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmiş və şikayətlə birlikdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilmədiyindən, həmin şikayət Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müddətin bərpası barədə ərizə formal mülahizələrdən ibarətdir. Belə ki, Tələbkar nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizəsində müddətin ötürülməsinin səbəbləri barədə əsaslı sübutlar təqdim etməmişdir. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Könül Namidar qızı Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlər). Avropa Məhkəməsi “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-325/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar