Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-501/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 4523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 4523/2021 saylı qətnaməsi ilə hər ay hər övladına görə 170 manat məbləğində tutulan alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq hər il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment sonrakı artımlara da mütənasib olaraq indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin borcludan tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4523/2021 nömrəli qətnaməsi ilə nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair müəyyən edilmiş iddia tələbi təmin edilərək qətnamə qəbul olunmuşdu. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1 uşaq üçün yaşayış minimumu 2025-ci il yanvar ayının 1-dən 246 manat müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bir uşaq üçün təyin olunmuş 170 manat aliment az miqdarda olduğundan həmin pul hal-hazırda uşaqların aylıq tələbatını ödəmir, 340 manat pula 2 uşaq saxlamaq olmur, bütün ərzaq və geyim əşyalarının qiyməti qalxmışdır. İddiaçı hesab edir ki, qətnamənin icrası qaydası müəyyən olunmalıdır, alimentin indeksasiyası aparılmalıdır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etməyi qərara almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4523/2021 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməyərək rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, hazırda işsizdir. Məişət texnikası mağazasına və dost-tanışlara böyük miqdarda borcları vardır. Borclarının əksər hissəsini aliment ödəmək, ailəni saxlamaq və bu kimi xərcləri qarşılamaq üçün etmişdir. Hazırda himayəsində azyaşlı övladı da, yoldaşı da var. Hər ay borc edərək növbəti aya keçid edir. Vəziyyətin dəyişməsi ilə bağlı isə qeyd edir ki, X15 ilə ayrıldıqdan sonra o X18 ilə ailə həyatı qurmuşdur. Onunla birgə nikahından xx.xx.2023-cü il tarixində X10 dünyaya gəlmişdir. Tələbkar ilə birgə münasibətlərindən 2, hazırki nikahından isə 1 övladı, ümumilikdə 3 övladı var. O, bu günədək tələbkara olan aliment borcunu tam və fasiləsiz şəkildə həyata keçirmişdir. Alimentin ödənilməsi ilə bağlı qeyd edir ki, o indiyədək məhkəmənin əvvəlki qərarı ilə müəyyən edilmiş alimenti fasiləsiz şəkildə ödəmişdir. Tələbkar özü yalanlarla məhkəməni və icra orqanını aldatmış guya alimenti ödəmədiyini bildirmişdir. Lakin ondan kart hesabından çıxarış istənilsə, onun yalanları üzə çıxar. Necə olur ki, məgər onu bu illər ərzində alimenti ödəməmişsə, 2025-ci ilin ödənişləri ödənilən zaman keçmiş aylara hesablanılmayıb hazırki müddətə hesablandı. Mövcud qərar isə həm ədalətlilik, həm də qanunçuluq prinsiplərinə ziddir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-586/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, borclu tərəfindən verilmiş şikayətdə qərardadın ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qərardad ərizənin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qeyd olunan qərardad tələbkar tərəfindən ərizənin təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ərizənin təmin edilən hissəsində yoxlanılmalıdır. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4523/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı X12 ilə cavabdeh Borclu arasında 03 iyul 2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində 777 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X2 və tərbiyə edilmələri üçün X8 yanında qalması, xx.xx.2014 cü il təvəllüdlü X13 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment Borclu tutularaq X9 ödənilməsi qət edilmişdir. X3 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli № 15 qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X23 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Beləliklə işin faktiki hallarından göründüyü kimi yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4523/2021 nömrəli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmişdir. Bununla yanaşı 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 250 manat müəyyən edildiyi nəzərə alınsa, 170 manat məbləğdə tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində müəyyən olunmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin müəyyən edildiyi vaxta 2021-ci ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4523/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, borclu alimentə dair borcunun olmamasını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Plenum Qərarında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması müəyyən edimiş sabit pul məbləğində alimentin indeksləşdirilməsi həyata keçirilmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də, uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin borclu ikinci dəfə nikaha daxil olmasını bildirsə də, borclu bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-586/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-501/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-501/2025
22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver