Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-502/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 2(013)-724/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2987,95 manat əsas, 693,33 manat faiz, 10 manat cərimə-cəmi 3691,28 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, həmin icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə xx xxxx 2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu bildirişi alsa da, tələbkarın xeyrinə ödəniş etməmişdir. Borclu əmlak və gəlirlərinin müəyyən edilməsi üçün “Elektron-icra” informasiya sistemində borcluda tələbin yönəldilə biləcəyi pul vəsaitinin olmasına dair bank hesabının olması, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu müvəqqəti yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X1 ünvana baxış keçirilərkən tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməyərək müvafiq akt tərtib edilmişdir. Borclu xx.xx.2013-cü il tarixdə P5284976 nömrəli ümumi vətəndaş pasportunun olması və sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə sərhədi keçməsi müəyyən olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmamış, həmin qərardaddan icra məmuru K.Mirzəyevin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkarın nümayəndəsi və Binəqədi rayon icra (probasiya) şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından aydın olur ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-724/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2987,95 manat əsas, 693,33 manat faiz, 10 manat cərimə-cəmi 3691,28 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manatın tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi təqdimatı təmin etmədiyi zaman öz qənaətini belə əsaslandırmışdır: “Hazırki halda təqdimatda icra məmuru, belə bir zərurətin nədə ifadə olunduğu, görülməsi xahiş olunan tədbirin icra sənədinin icrasına nə kimi kömək edəcəyini, məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə necə xidmət etdiyini əsaslandırmamış, borclunun xarici ölkəyə çıxışı üçün pasportunun olmasını və sonuncu səyahət tarixini qeyd etməklə kifayətlənmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, borclunun ölkədən getməsinə məhdudiyyət qoyulması, “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilibedilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İcra məmuru da məhz bu halların əsaslandırıldığı təqdimatla məhkəməyə müraciət etməlidir və belə əsaslandırmanın olmadığı təqdimatların məhkəmə tərəfindən təmin edilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №8(103)-502/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-502/2020
18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver