Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-505/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-675/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirərək, 25.04.2013-cü il təvəllüdlü X1 üçün ondan Tələbkar xeyrinə aylıq qazancının (başqa gəlirinin) ¼ hissəsində tutulan alimentin tutulma qaydasını və üsulunu dəyişdirib sabit pul məbləğində olmaqla hər ay 200 manat alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Tələbkar ilə nikahları 20.02.2017- ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, birgə nikahlarından olan bir uşaqları onun himayəsində saxlanmış və uşağın saxlanması üçün onun aylıq gədirinin ¼ hissəsində aliment ondan cavabdehin xeyrinə tutulmuşdur. Nikah pozularkən ərizəçi rəsmi dövlət orqanında işləyirdi və aliment onun iş yerinin mühasibatlığından hesablanıb Tələbkar ödənilirdi. 24.08.2018-ci il tarixdən etibarən o, işdən çıxmış və artıq daimi yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. Alimentin hesablanmasında, məhz hansı məbləğin ödənilməsində çətinliklər yaranır. Onun daimi iş yeri olmadığından gəliri də sabit deyil, odur ki, gəlirinin ¼ hissəsinin müəyyən edilməsi mümkün deyil. Buna baxmayaraq, valideynləri tərəfindən çətinliklə, olsa da təxminən əvvəlki həcmdə aliment ödənilir. O, alimentin tutulma qaydasının dəyişdirilərək, sabit pul məbləğində tutulması barədə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Xətai Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi ilə alimentin sabit pul məbləğində tutulmasını tələb etmək üçün subyektiv hüququ olmadığından iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, belə bir tələbi xeyrinə aliment tutulan şəxs irəli sürə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-675/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı ilə X3 Xətai Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirərək, 25.04.2013-cü il təvəllüdlü X1 üçün ondan Tələbkar xeyrinə aylıq qazancının (başqa gəlirinin) ¼ hissəsində tutulan alimentin tutulma qaydasını və üsulunu dəyişdirib sabit pul məbləğində olmaqla hər ay 200 manat alimentin tutulması barədə ərizəsi təmin edilməmişdir. X2 həmin qərardaddan şıkayət vermiş, şikayətini ərizəsində göstərilən hallarla əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsi tərəfindən şikayətə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-675/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5219/2021 saylı, 06.07.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Tələbkar qarşı 25.04.2013-cü il təvəllüdlü X1 üçün iddiaçıdan Tələbkar xeyrinə aylıq qazancının ¼ hissəsində tutulan alimentin qaydasını dəyişdirərək, sabit pul məbləğində olmaqla hər ay 175 manat aliment tutulması barədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Kollegiya qeyd edir ki, qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Qətnamənin (icra sənədinin) icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin (icra sənədinin) icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə və işin hallarına əsasən hesab edir ki, alimentin sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi şəklində tutulmasını tələb etmək hüququ xeyrinə aliment ödənilən şəxsin hüququ olduğundan, qətnamənin (icra sənədinin) icra üsulu və qaydası bu şəkildə dəyişdirilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Kollegiya qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsas, qətnamənin icrası üçün çətinlik törədən real halların mövcud olması, həmin halların başqa üsulla aradan qaldırılmasının mümkün olmamasıdır. Hazırda isə qətnamənin icrası üçün çətinlik törədən real halların mövcud olması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız apelyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-675/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-505/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-505/2021
28.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver