Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-506/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, tələbkar “xxxx" ASC-nin nümayəndəsi Natəvan Məmmədovanın, Borclu2 iştirakı ilə, tələbkar “xxxx” ASC tərəfindən verilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)- 2260/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə” ərizəyə dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından tələbkar “xxxx” ASC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-2255/2017 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə ilə qət olunub ki, kredit müqaviləsi üzrə borc Borclu2 və digərlərindən “xxxx” ASC-nin xeyrinə tutulsun və tutma ipoteka predmetinə yönəldilsin. Qətnamə qanuni qüvvəyə minib, icra sənədi verilib, lakin tələbin ipoteka predmetinə yönəldilməsi nəticəsində əldə edilən pul borcun ödənilməsi üçün kifayət etməyib, qalıq borc qalıb. Müraciət və onun həlli: Qalıq borc qaldığına görə də tələbkar ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək xahiş edib ki, qətnamənin icra üsulu və qaydası dəyişdirilsin, tutma borcluların ipoteka predmeti olmayan əmlakına yönəldilsin. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin edilməsin. Şikayət və izahatlar: Tələbkar şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Məhkəmə iclasında iştirak edən, tələbkarın nümayəndəsi Natəvan Məmmədova bildirdi ki, ipoteka predmetindən əldə edilən pul borcun ödənilməsi üçün kifayət etməyib, icra məmuru qalıq borcun tutulması üçün tədbir görmür, nəticədə isə tələbkarın pozulmuş hüququ müdafiəsiz qalıb. Məhkəmə iclasında iştirak edən Borclu2 bildirdi ki, borc alınmış pulun qaytarılması ipoteka ilə təmin olunub və ipoteka yüklü edilmiş əmlak borcun qaytarılmasına yönəldilib. Digər şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Qərardadın yoxlanılması: Qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi imkanı Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsində müəyyən edilib. Həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında “qətnamənin icra üsulu və “qətnamənin icra qayadası” anlayışları müəyyən olunub: qətnamənin icra üsulu iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur, qətnamənin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Hazırkı işdə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə zərurət yoxdur, çünki qətnamədə borcun ümumi qaydada tutulmalı olması qət edilib, ona görə də ipoteka predmetinin realizəsindən əldə edilən pul borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada tutulmalı, borclular qalıq borcu könüllü ödəmədikdə “İcra haqqında” Qanunda müəyyən edilmiş məcburi icra tədbirləri (tələbin borclunun əmlakına, pul vəsaitlərinə, əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi) tətbiq edilməlidir. Belə ki, iddianı təmin edən qətnamə mahiyyətcə müdafiə aktıdır: hüququn, azadlığın və ya maraqların müdafiəsi üçün qəbul olunur. Ona görə də bu kimi məsələlər həll edilərkən əvvəlcə qətnamə ilə nəyin müdafiə olunduğu düzgün təyin olunmalıdır. Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-2260/2017 nömrəli mülki iş üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə ilə bankın əsas, faiz və dəbbə borcunu almaq hüququ müdafiə olunub. Qarşı tərəf əsas, faiz və dəbbə borcunu ödəmək vəzifəsini icra etmədiyinə görə bankın həmin hüququ pozulub, ona görə də qətnamədə əsas, faiz və dəbbə borcunun tutulması qət olunub. Qətnamədə ipoteka hüququ müdafiə olunmur, çünki bu hüquq pozulmayıb, bu barədə qətnamə ona görə qəbul olunub ki, tutmanın ipoteka predmetinə yönəldilməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Odur ki, qətnamənin icrası zamanı ipoteka predmetinin realizəsindən əldə olunan pul borcun ödənilməsi üçün kifayət etmədikdə (o cümlədən ipoteka predmeti satılmadıqda, ipoteka predmeti məhv olduqda və digər bu kimi hallarda) qətnamədə göstərilən borc ümumi qaydada tutulmalıdır. Əks yanaşma ona səbəb olacaq ki, qətnamə ilə müdafiəsi qət olunmuş hüquq (bankın əsas, faiz və dəbbə borcunu almaq hüququ) müdafiəsiz qalacaq. Bank qalıq borcun tutulması üçün yenidən iddia ilə məhkəməyə müraciət etməli deyil. Belə ki, birinci, bu prosessual qənaət prinsipinə uyğun gəlmir, yəni bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş məsələnin təkrar araşdırılması üçün vaxt və məsrəf sərf edilməli deyil. İkinci, əgər qalıq borcun tutulması barədə iddia ərizəsi verilsə məhkəmə həmin iddia ərizəsini qəbul etməkdən imtina edəcək, çünki, Mülki-Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bəzi icra məmurları bu kimi hallarda (ipoteka borcun ödənilməsi üçün kifayət etmədikdə və s.) borcu ümumi qaydada tutmaqdan imtina edirlər. Bu, qanuna uyğun deyil. Belə ki, tutmanın ipoteka predmetinin satışından əldə olunan pulla məhdudlaşdırılması barədə qeyd qətnamədə yazılmayıb. Qətnamənin 1-ci göstərişi (borcun tutulması) məntiqi cəhətdən tamamlanmış müstəqil göstərişdir, həmin göstəriş qətnamənin 2-ci göstərişindən (tutmanın ipoteka predmetinə yönəldilməsindən) asılı deyil. Odur ki, əgər tutmanın ipoteka predmetinin satışından əldə olunan pulla məhdudlaşdırılması barədə qeyd qətnamədə yazılmırsa, bu o deməkdir ki, qətnamənin icrası zamanı ipoteka predmetinin satışından əldə olunan pul borcun ödənilməsi üçün kifayət etmədikdə, o cümlədən ipoteka predmeti satılmadıqda, ipoteka predmeti məhv olduqda və digər bu kimi hallarda borc ümumi qaydada tutulmalıdır. O cümlədən “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Göründüyü kimi, çatışmayan məbləği borclunun başqa əmlakdan almaq hüququ müqavilə ilə məhdudlaşdırıla bilər. Beləliklə, qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-506/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-506/2020
20.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver