Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-508/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından tələbkar ləğv prosesində olan Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və Elnara İsayevadan 12.590,25 ABŞ dolları və iş üzrə ödənilmiş dövlət rüsumunun 28,60 manatı tutularaq, Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, borcluya xx.xx.2018-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, o, icranı könüllü təmin etməmiş və icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda, icra sənədi borclu tərəfindən könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı üçün və onun ölkə hüdudlarını tərk etmək ehtimalı nəzərə alınaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqəsədəmüvafiq hesab olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək, həmin qərardadın ləğv, təqdimatın rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, şikayət qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və təqdimat yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qərardad, Borclu icraata başlamaq haqqında qərarı və icra sənədinin könüllü icra edilməsi barədə bildiriş və xəbərdarlığı almasını təsdiqləyən sənədlər təqdimata əlavə edilsə də, sonuncunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi tədbirlərin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmaması və həmin halları təsdiq edən sənədlər əlavə edilməməsi ilə əsaslandırılmışdır. Tələbkar LPO Tələbkar ASC, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etdikdən sonra tələbin könüllü icrası üçün borcluya bildiriş göndərərək, müddət vermiş, həmin müddət bitdikdən sonra məcburi icra tədbirlərinin tətbiq edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular vermiş, hər hansı müsbət nəticə olmadığından, tələbin yönəldiəcəyi əmlak aşkar edilmədiyindən və borclunun ölkə hüdudlarını tərk etməsi barədə məlumat olduğundan, hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə isə qərardadında məhdudiyyətin icra sənədinin icrasına nə kimi təsir edəcəyinin, belə zərurətin yarandığının göstərilmədiyini qeyd edir. Halbuki, məhdudiyyətlə bağlı məcburi icra tədbirinin təsiri olmasaydı, qanunvericilikdə belə bir norma təsbit edilməzdi. İcra sənədinin verilməsindən üç ildən çox müddət keçməsinə baxmayaraq, icrası təmin edilməmiş və borclu tərəfindən hazırkı tarixədək icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Yasamal Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bu məhdudiyyətin tətbiqi üçün qanunvericilikdə əlavə şərtlər də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxx 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 1) könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2) İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. 3) Borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Kollegiya onu da vurğulayır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbiridir. Ona görə də, bu tədbirin tətbiqi üçün borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi barədə icra məmurunda məlumatın olması zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Klark Qordon Morrisin şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli qərarında göstərmişdir ki, “...qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir”. Baxılan işdə, icra sənədi üzrə könüllü icra haqqında bildiriş Borclu xx.xx.2017-ci il tarixdə icra qurumunda təqdim edilmişdir. Borclu, həmin tarixdə Yasamal rayon İcra şöbəsinə ərizə təqdim edərək, əmlakı və gəlirləri olmadığından borcu tam ödəyə bilmədiyini, hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İşdə olan mədaxil üzrə kassa orderindən görünür ki, xx.xx.2017-ci il tarixdə Borclu tərəfindən tələbkarın hesabına 1762 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bundan sonra, Borclu, xx.xx.2017-ci il tarixdə yenidən İcra şöbəsinə ərizə ilə müraciət edərək, hazırda satıcı işlədiyini, aylıq gəlirinin borcu birdəfəlik ödəməyə imkan vermədiyini bildirməklə, hər ayın 10-u tarixində stabil olaraq 300 manat ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, borclu icra sənədinin könüllü icrası müddətində maddi vəziyyəti buna imkan vermədiyindən borcu ödəyə bilməməsi barədə icra məmuruna yazılı qaydada məlumat vermiş və könüllü icra müddətinin bitməsindən cəmi iki gün sonra müəyyən məbləğdə ödəniş etmişdir ki, bu hallar, onun tərəfindən icra sənədinin könüllü icra müddətində üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlməyə imkan vermir. Halbuki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə, “...icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir...bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır.” Eyni zamanda, işdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsin tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********77 nömrəli məktubundan görünür ki, Borclu adına ünvan 2 ünvanında 41 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bu baxımdan, məhkəmə kollegiyası, hesab edir ki, icra məmurunda borclunun mülkiyyətində sözügedən daşınmaz əmlakın olması barədə məlumatın olduğu halda, onun tərəfindən tələbin məhz həmin əmlaka yönəldilməsi ilə bağlı məcburi icra tədbiri tətbiq edilmədən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın verilməsi də yuxarıda adı çəkilən Təlimatın tələblərinə zidd olmuşdur. Odur ki, Kollegiya qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-508/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-508/2020
25.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver