Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-509/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4598/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şiralıyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, qeyd edilən icra sənədinə əsasən BorcluŞiralıyevdən cəmi 10600 manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu Şiralıyevə xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş müddət ərzində tələbin icrası barədə bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Qeyd edilənləri, həmçinin borclunun ölkənin hüdudlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq, təqdimatın təmin edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi haqqında qərardad qəbul etmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tətbiq edilməmişdən əvvəl digər zəruri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı sübut və sənədlər təqdimata əlavə edilməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-599/2020 saylı qərardadından narazı qalan Tələbkar şikayət verərək, həmin qərardadın ləğv edilməsini və icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimata baxan birinci instansiya məhkəməsi düzgün araşdırma aparmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4598/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şiralıyev Borclu Yasamal rayon məhkəməsinə müraciət edərək icra sənədinin icrasına möhlət verilməsini xahiş etmiş, rayon məhkəməsinin qərardadı ilə onun bu xahişi təmin edilmiş, lakin onun şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli həmin qərardadı ləğv edilmişdir. Qeyd edilən bu hal ondan xəbər verir ki, borclu şəxsə könüllü icra üçün bildiriş rəsmi qaydada təqdim edilmişdir. Bundan başqa, icra sənədinin icrası zamanı borclu şəxsin barəsində axtarış elan edilməsi və onun məcburi gətirilməsi barədə qərarlar qəbul edilmişdir. Həmçinin, icra sənədinin üzrlü səbəblər olmadan icra edilməməsinə görə borclu Şiralıyev Borclu AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bütün bunlardan nəticə çıxarmayan borclu yenə də borcunu ödəməkdən yayınmışdır və onun ölkə hüdudlarını tərk etməsi, bir daha geri qayıtmaması ehtimalı böyükdür. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-599/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İcra işi üzrə tələbkar, borclu və təqdimatı vermiş Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından və şikayətə əlavə edilmiş sənədlərin surətindən göründüyü kimi Bakı şəhəri Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4598/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icraat başlanılmışdır. Borclu Şiralıyev Borclu həmin icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə onun ərizəsi təmin edilmiş, lakin Tələbkar şikayəti əsasında həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilərək, ərizə rədd edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə borclu Şiralıyev Borclu barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən işin hallarını və təqdimatın dəlillərini tam araşdırmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə icra sənədi üzrə bütün icra hərəkətlərinin iki ay ərzində aparılmalı olduğu halda, hazırkı iş üzrə icra sənədinin xx.xx.2018-ci il tarixdə verilməsi və icra işinin artıq iki ilə yaxın davam etdiyi müddət ərzində hansı səbəbdən icra olunmaması, bu müddət ərzində icra məmuru tərəfindən hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi məhkəmə tərəfindən araşdırılmamış, zərurət olduqda icranı həyata keçirən orqandan icra işinin tələb edilərək qeyd edilən hallara qiymət verilməmişdir. Halbuki, borclu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məcburi icra tədbiri ilə bağlı məsələ həll edilərkən bu xüsusatların (borclu şəxs barəsində digər məcburi icra hərəkətlərinin görülməsi) araşdırılması zəruridir. Bundan başqa, işə baxan məhkəmə tələbkar şəxsin şikayətə əlavə etdiyi sənədləri də nəzərə almamışdır. Halbuki, həmin qərarlardan borclu şəxsin icra sənədinin mövcud olmasından xəbərdar olması, habelə həmin icra sənədini icra etməklə bağlı icra şöbəsinə gəlməkdən yayındığına görə, barəsində axtarış elan edildiyi aydın görünür. Kollegiya işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq bu qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat bu qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxaraq birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu Şiralıyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatına yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-509/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-509/2020
23.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver