Məhkəmə qərarları › İş №8(103)-509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-509/2021

30.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-509/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 8(011)-220/2021 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, alimentin ödənilməsi üzrə borclu X7 tərəfindən 900 manat civarında yığılmış borc məbləğinin indeksasiya olunması və məcburi qaydada ödəməsinin vəzifə kimi qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 855/2019 saylı 01 mart 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması, 07 aprel 2018-ci il təvəllüdlü X6 anasının yanında saxlanılması və uşağın saxlanılması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh Hənifə Dadaşovun alimenti ödəməkdən qəsdən boyun qaçırmasına görə bugünədək 900 manata yaxın borcu yığılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi üzrə 01 iyul 2019-cu il tarixdən 04 aprel 2021-ci il tarixədək olan dövr baxımından əsaslı hesab edilərək məhkəmə aktı ilə ödənilməsi qət edilmiş aliment məbləği indeksasiya edilməklə X2 X5 xeyrinə 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat alimentin tutulması qərara alınmışdır. Həmin qərardaddan X1 şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-220/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qərardadından, 3-cü səhifədə 2-ci abzasda borclu X3 borcun hissə-hissə ödənilməsi və məhkəmə iclasının tarixinə onun 70 manat məbləğində ödənilməmiş aliment borcu qalması yazılarının çıxarılmasını, indeksləşdirmə hesablanma üsulunun qərardadda göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən aparılmış hesablamalara əsasən hansı üsulla indeksləşdirmənin aparılması göstərilməmişdir. Məhkəmənin borcun gecikdirilməsi ilə yanaşı, 70 manat borcun qalması barədə fikri əsassızdır. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş iddiaçının ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, istehlak qiymətləri indeksi 2018-ci il üçün 102,3, 2019-cu il üçün 102,6, 2020-ci il üçün 102,8, 2021-ci ilin yanvar-mart ayları üçün 103,9 müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borclu X4 aliment məbləğini ödəməməsi nəticəsində Esmira Xanəliyevanın hüquqlarının pozulması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən sübuta yetirilmiş, tələbkarın xeyrinə tutulması qət edilən aliment məbləğini cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsində müəyyən edildiyi kimi, 22 oktyabr 2018-ci il tarixdən icra etməmiş, daha sonra icra məmuru tərəfindən borcluya icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt təyin edilsə də, borclu icra sənədini könüllü icra müddətində icra etməmişdir. Göründüyü kimi, məhkəmə aktının vaxtında icra edilməməsi nəticəsində tələbkara ödənilməli olan aliment məbləği dəyərini itirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardadda borclunun 70 manat məbləğində ödənilməmiş aliment borcunun qaldığının hansı əsasla müəyyən edilidiyi əsaslandırılmamış, eləcə də indeksləşdirmənin hansı üsulla həyata keşirildiyi göstərilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə aparılmış hesablamaların indeksləşdirmə üsulunu ətraflı şərh etməli, eyni zamanda borclu şəxs tərəfindən borcun bir hissəsinin ödənildiyini təsdiq edən sübutlar araşdırılmaqla, qalıq borc məbləği müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 8(011)-220/2021 nömrəli qərardadı ləğv edilərək iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar