Məhkəmə qərarları › İş №8(103)-511/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-511/2020

18.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-511/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Tələbkar2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-514/2020 saylı qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səvxan Abasov – Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., 518-ci məhəllə, ev 15, 14 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-5483/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 104958 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 və Tələbkar2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş və borlu Borclu mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., 518-ci məhəllə, ev 15, 14 saylı mənzilin qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-514/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-514/2020 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, o, bu qərardadla razı deyil. Onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinin üzərinə qanunsuz olaraq həbs qoyulmuşdur. Belə ki, həmin mənzii xx.xx.2015-ci il tarixli 364/F-15 saylı kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 364/F-15- 01 saylı ipoteka müqaviləsinə əsasən, “xxxx” ASC-nin Binəqədi filialına ipotekaya qoyulmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 32/2019 saylı qətnaməsinə əsasən qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş cavabdeh Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 58,51 kvm ümumi sahədən ibarət 2-otaqlı 14 saylı mənzilinə yönəldilməlidir. Ona görə də Yasamal rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixidə mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə qanunsuz və əsassız olaraq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar2 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)- 514/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəməyə teleqram göndərərək, işin baxılmasının noyabr ayının 30-dan sonraya təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə gəlməməyinin üzürlü səbəbləri barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, təqdimat vermiş şəxs və digər Tələbkar1 məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarı dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-514/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, e129463/2019-53-17 saylı icra işindəki portaldan çıxarış vərəqəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 14 nömrəli mənzil xx.xx.2011-ci il tarixində qeydiyyatdan keçmişdir və Borclu mülkiyyətindədir. İcra işindəki 8(004)-802/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardada əsasən, Borclu mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 14 nömrəli mənzilin üzərinə həbs qoyulmuş, Borclu qeyd olunan qərardaddan xx.xx.2020-ci il tarixli şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-188/2020 saylı, xx.xx.2020-ci tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin 8(004)- 802/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı üzərinə həbs qoyulmuş əmlakın “xxxx” ASC tərəfindən ipoteka yüklü olması səbəbilə ləğv edilmiş və təqdimata yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İcra işindəki “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” KB ASC, “xxxx” ASC, “xxxx” QSC tərəfinədən gələn cavab məktublarından görünür ki, Borclu qeyd olunan banklarda heç bir hesabı aşkar edilməmişdir. İcra işindəki Milli Depozit Mərkəz və Aqrar Xidmətlər Agentliyi tərəfindən gələn sorğuya cavab məktublarından müəyyən olunur ki, borclunun adına heç bir məlumat mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də boclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” AR Qanununun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. “İcra haqqında” Qanunun 50.1-ci və 50.2-ci maddələrinə müvafiq olaraq icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin nümayəndəsi tərəfindən göstərilən dəlillər Borclu ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin üzərinə həbsin qoyulması barədə təqdimatın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 104958 manat tutularaq tələbkarlar Tələbkar1 və Tələbkar2 xeyrinə ödənilməlidir. Bundan əlavə təqdimata əlavə edilmiş sənədlərdən və icra işindən görünür ki, borclu tərəfindən tələb təmin edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, borcluya məxsus ipoteka ilə yüklü edilən mənzil üzərinə həbsin qoyulması “xxxx” ASC-nin mülkiyyət hüquqlarını və ipoteka saxlayan qismində həmin əmlak barədə üstün mənafeyini pozmur. Əksinə, Borclu tərəfindən “xxxx” ASC-yə olan kredit borcu tam ödənildiyi təqdirdə və bunun nəticəsində mənzil üzərində olan ipotekaya xitam verilərsə həmin daşınmaz əmlak borclu tərəfindən özgəninkiləşdirilə bilər. Bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)- 514/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar