Məhkəmə qərarları › İş №8(103)-513/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-513/2021

07.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-513/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadından Borclu MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Borclu MMC-nin direktoru X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-480/2020 saylı qətnaməsi ilə iddiaçı Tələbkar xeyrinə cavabdeh Borclu MMC-dən 8000 manat məbləğində borcun tutulması qət edilmişdir. Həmin qətnamə qanunvericiliklə müəyyən olunmuş qaydada qanuni qüvvəsini almışdır. Lakin qət olunmuş pul vəsaitinin birdəfəlik olaraq ödənilməsi hazırki maddi vəziyyətlə əlaqədar qeyri-mümkündür. Belə ki, hal-hazırda Borclu MMC pandemiya ilə əlaqədar tam gücü ilə işləmir, işçilərin əmək haqqını və digər vergiləri cətinliklə ödəyir. Bütün bunlara baxmayaraq, qətnamənin icrasını hər ay 1000 manat ödəməklə həyata keçirə bilər. Göstərilən borcunu ödəməkdən heç bir halda boyun qaçırmaq niyyətində deyil. Sadəcə olaraq, maliyyə vəziyyəti nəzərə alınmaqla həmin borc vəsaitinin hissə-hissə ödənilməsinə dair şərait yaradılmasını istəyirlər. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(006)-480/2020 qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(006)-359/2021 saylı qərardadı ilə Borclu MMC-nin direktoru X3 borcun hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. Borclu MMC-nin direktoru X2 Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(006)-359/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 8(006)-359/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi və cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, borclu təşkilatın nümayəndəsi 8000 manat borc məbləğini bir dəfəyə tam ödəyə bilmədiklərini, həmin məbləği ayda 1000 manat olmaqla hissə-hissə ödəmək istədiklərini MMC-nin maddi vəziyyətinin pisləşməsi ilə izah etmiş, lakin bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmənin qətnaməsi icraya yönəldiyi tarixdən keçən bu müddət ərzində borclu tərəfindən icra sənədi üzrə tələbkara hər-hansı ödənişin aparılması müəyyən edilməmişdir. Bütün bunlar isə borclu şəxsin maddi vəziyyətinin həqiqətən də məhkəmə qətnaməsini bir dəfəyə icra etməyə imkan verməməsi ilə bağlı dəlillərinin kifayət qədər əsaslı olmadığını göstərir. Bu zaman məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, 8000 manat borc məbləğinin borclu tərəfindən ödənilməsinin uzun müddət gecikdirilməsi, hazırda isə həmin məbləğin hissə-hissə olmaqla 8 ay ərzində ödənilməsi tələbkarın mənafeyi baxımından da məqbul hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 8(006)-359/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar