Məhkəmə qərarları › İş №8(103)-513/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-513/2025

06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-513/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə indeksasiya barədə ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Tələbkar Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə indeksasiya barədə ərizəsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(003)-267/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları:

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(003)- 3094/2023 nömrəli qətnaməsinə əsasən həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(003)-1801/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə borcludan hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği uşaqların artan sosial və digər xərcləri üçün kifayət etmədiyindən, aliment miqdarının indeksasiyasına ehtiyac yaranmışdır.

4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(003)- 267/2025 nömrəli qərardadı ilə ərizə təmin olunmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-3094/2020 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının bir uşaq üçün 0,58 misli olmaqla, cəmi 1,16 misli həddində indeksasiya olunması, alimentin indeksasiya edilmiş məbləğdə tutulmasının ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

5. Tələbkar qərardaddan şikayət verərək qərardadın qismən dəyişdirilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Deməli, alimentin məbləği minimum əmək haqqının 0.62 mislini təşkil edir. Bu səbəbdən də, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının bir uşaq üçün 0,62 misli olmaqla, cəmi 1,24 misli həddində indeksasiya olunmalıdır.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-i il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Borclu şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında iki uşağın saxlanması üçün borcludan hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamənin qəbul edildiyi 2023-cü il üçün ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat təşkil etmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının bir uşaq üçün (200:345) 0,58 misli, cəmi (400:345) 1,16 mislini təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab tutulan alimentin məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə işi üzrə Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(003)-267/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə tələbkarın şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki icraat artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulan sabit pul məbləğində alimentin (hər uşağa görə 200 manat) qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil.

16. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə müvafiq olaraq alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün iddianın verilməsinə əsas ola bilər.

17. Şərh olunanlara əsasəm məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Qərardad qanuni və əsaslıdır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(003)-267/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar