Məhkəmə qərarları › İş №8(103)-514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-514/2021

15.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-514/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhər Nəsimi rayon Məhkməsinin 8(006)-253/2021 saylı, 16.06.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2020 saylı, 08.01.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.03.2019-cu il tarixli, H/010-19-02 №-li əmri ləğv edilməlidir, Tələbkar işə bərpa olunmalıdır, məcburi iş buraxmaya görə aylıq əmək haqqı ödənilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 22.09.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Volvo” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı və “Volvo” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Volvo” minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı və “Volvo” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2021saylı, 16.06.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Volvo" minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı və “Volvo” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. (sədrlik edən: Cəmilə Musayeva). Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2021saylı, 16.06.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 8(006)-253/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2021saylı, 16.06.2021-ci il qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə qalmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Sözügedən Məcəllənin 157.6.-cı maddəsinə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. İş materiallarında olan təqdimatda (i.v 2) yazılmışdır ki, Şərq-Kimya Şirkəti MMCdən 1000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Lakin 17.07.2021-ci il tarixli protokolda (i.v 35)və 17.07.2021-ci il tarixli, 8(006)-253/2021-ci il saylı qərardadda ( i.v 38) isə "xxxx" MMC-nin 17000 ( on yeddi min) manat məbləğində borcunun qalması göstərilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və nəticədə "xxxx" MMC-nin əslində nə qədər borcunun olması dəqiqləşdirilməmişdir. Bundan başqa borclu birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətində qeyd etmişdir ki, hesabına həbs qoyulması ilə yanaşı əmlaka da həbs qoyulmuşdur. Bu isə borca münasibətdə artıq həddin aşılmasıdır. Çünki həbs qoyulan əmlakların qiyməti həddindən artıq çoxdur. Belə ki, üzərinə həbs qoyulmuş avtomobillərin qiyməti tələbkara olan ümumi borcu aşmışdır. Kollegiya apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bu da o deməkdir ki, məhkəmə cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiya həmçinin vurğulayır ki, maşınlardan birinin üzərinə həbs qoyulmaqla da kifayətlənmək mümkün ola bilərdi. Beləliklə, kollegiya yuxarıda qeyd olunan hallara əsasən, qeyd edir ki, borcun təqdimatda göstərilən 1000 ( min) manat məbləğində yoxsa qərardadda göstərilən 17000 manat məbləğində olmasının aydınlaşdırılması, eyni zamanda üzərinə həbs qoyulmuş avtomobillərin dəyərini müəyyən etmək məqsədilə mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-253/2021saylı, 16.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar