Məhkəmə qərarları › İş №8(103)-514/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-514/2025

30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-514/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Suraxanı Rayon Məhkəməsinin e-8(010)-526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı, xx.xx.2019-cu il tarixli (hakim T.Məmmədov) qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı "Asan Xidmət" Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış 3833 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 iddiaçının yanında saxlanılmaları, cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi hər ay 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi, cavabdehdən oğlundan xx.xx.2017-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 3 yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 50 manat məbləğində aliment tutulması qət edilmişdir.

2. Daha sonra müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3131/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çalana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3131/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Borclu xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2019-cu il tarixindən başlayaraq, hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh İmanov X1 rayon məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya məhkəməsinə şikayəti vermişdir. Cavabdehin Apelyasiya şikayəti qismən təmin edilmiş, 3 yaşına çatanadək isə iddiaçının xeyrinə 50 manat alimentin tutulması hissəsində qətnamə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissə dəyişdirilmədən saxlanılmışdır. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanım kifayət etmir. Övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən 2025-ci il üçün uşaqların yaşayış minimumu nəzərə alaraq, öncədən təyin edilmiş alimentin miqdarının artırılmasını və onun tam həcmdə ödənilməsinin maraqlı şəxsdən tələb edilməsini xahiş etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının “Yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat təşkil edir.

4. Suraxanı Rayon Məhkəməsinin e-8(010)-526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

5. Borclunun həmin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

8. Məhkəmə kollegiyası hesab edir ki, borclu şikayəti formal olaraq vermişdir, bunda məqsədi odur ki, iş üzrə mübahisə uzansın, bu yolla təmin olunmuş ərizəçinin tələblərinin və qüvvəyə minəcək məhkəmə qətnaməsinin icrasına maneələr yaradılsın, ərizəçinin hüquqlarının təmin olunması ləngisin.

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

10. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

14. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

15. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin e-8(010)-526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar