Məhkəmə qərarları › İş №8(103)-516/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-516/2025

06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-516/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1nın icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, X1nın icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 8(006)- 465/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X1 məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1707/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” 24 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir

2. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi tam icra olunmamış, X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilməmişdir. Həmcinin sökülmüş tikili yenidən bərpa edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-465/2025 sayı, 29 avqust 2025ci il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, icra məmurunun 24 may 2024-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi icra şöbəsinə geri qaytarılmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə materialları araşdıraraq müəyyən etmişdir ki, icra sənədi “X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilsin” hissəsində icra olunmamışdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göstərilən əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra hərəkətləri tam şəkildə həyata keçirilməməklə və lazımi icra tədbirləri görülmədiyindən icra sənədinin tələbkara qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Nəsimi rayon icra şöbəsinə qaytarılmalıdır

5. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv, ərizənin isə rədd olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən kobud qanun pozuntusuna yol verilərək işin faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmamışdır. Göründüyü kimi icra sənədi tam icra olunmuşdur. Tələbkarın özü və nümayəndəsi tərəfindən xx.xx.2023-cü iltarixli akt imzalanmışdır. Bundan 2 il sonra tələbkar məhkəməyə şikayət etmişdir. Buna baxmayaraq məhkəmətərəfindən düzgün qərar qəbul edilməmiş, məhkəmə hazırkı iş üzrə sübutların hərtərəfli, tam, obyektiv qiymətləndirməsini həyata keçirməmişdir.

7. Etiraz onunla əsalandırılmışdır ki, iş materiallarında mövcud olan 20 sentyabr 2023-cü il tarixli aktdan da görünür ki, icra sənədi həmin tarixdə “iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzil və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi” hissəsində icra edilmiş, lakin icra sənədi digər hissədə, yəni “iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bəpa edilməlidir” hissəsində icra olunmamış qalmışdır. Bu barədə həmin aktda müvafiq qeyd də aparılmışdır. Tələbkarın şikayəti 1 hissədə olmamış, eyni zamanda tələbkarın nümayəndəsinin verdiyi izahat borclu tərəfin şikayətində tam təkzib olunmuş, şikayətdə guya ki, “tələb barədə borclu və tələbkar arasında qarşılıqlı razılıq əldə edilmiş” kimi absurd fikirlər qeyd olunsa da, əslində tərəflər arasında hər hansı bir razılıq ümumiyyətlə mövcud olmamışdır. Borclu bir neçə dəfə məhkəmə qətnaməsinin icrasından yayınmış, bu səbəbdən icra hərəkətləri təxirə salınmış, bu barədə müvafiq aktlar tərtib edilmiş, nəyahət 20 sentyabr 2023-cü il tarixində Borclu icra vərəqəsini qismən, yəni “iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzil və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi” hissəsində icra etmiş, bu barədə də müvafiq akt tərtib edilmiş, lakin həmin vaxt və ondan sonra da icra vərəqəsinin qalan hissəsi, yəni “iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bəpa edilməlidir” hissəsi icra olunmamış qalmışdır. Digər hissədə də icra vərəqəsinin icrasının təmin olunması üçün tərəfimizdən müvafiq müraciətlər edilmiş, lakin həmin hissədə icra vərəqəsi ümumiyyətlə icra olunmamışdır. Bu azmış kimi, Borclu icra vərəqəsinin birinci hissəsini, yəni torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə və həmin divar boyu inşa olunmuş tikililəri yenidən bərpa etmişdir. (foto şəkillər əlavə olunmuşdur) Nəticə etibarı ilə icra vərəqəsi icra olunmamışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 8(006)- 465/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır Maddə 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana(notarius istisna olmaqla) geri qaytarılır.

10. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı: “Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Birinci instansiya məhkəməsi tərəfindən işin halları ilə bağlı düzgün araşdırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür və həmçinin qeyd edir ki, icra sənədinin qismən - iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzil və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi hissəsində icra olunması tərtib olunmuş akt və icra tərəflərinin izahatları ilə təsdiqini tapır.

13. Lakin digər - “X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyü cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilsin” hissəsində isə icra sənədinin icrası ilə bağlı hər hansı bir məlumat yoxdur.

14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Yəni, qanunvericilikdə icra sənədinin bir tələb üzrə icra olunduğu, digər tələb isə icra olunmadığı halda iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmur. İcra məmuru isə qeyd olunan normanın tələbini nəzərə almadan icra sənədi üzrə icraata tam xitam verilməsi barədə qənaətə gəlmişdir.

15. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 8(006)- 465/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 8(006)- 465/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar