Məhkəmə qərarları › İş №8(103)-517/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-517/2020

23.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-517/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-139/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3050/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu MTK-dan 70000 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmuru Heydər Bəxtiyarov Borclu MTK-ya məxsus “THİSA” markalı yeni alınmış liftlərin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu MTK-ya məxsus “THİSA” markalı yeni alınmış liftlərin üzərinə həbs qoyulmuşdur. Borclu MTK-nın direktoru X1 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından şikayət verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, “THİSA” markalı liftlərin Borclu MTK-ya məxsus olması barədə hər hansı sübut təqdimata əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 139/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(010)-684/2019 nömrəli qərardadı ləğv edilmiş və həmin qərardadla liftlərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Daha sonra, Tələbkar tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 139/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-139/2020 saylı qərardadına əsasən qərardaddan Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilməmiş, şikаyət mülki işlə birlikdə bаxılmаsı üçün Bakı Аpelyаsiyа Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-274/2020 saylı qərardadı ilə tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-139/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, İcra və probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-139/2020 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun borclu “Borclu“ MTK-ya məxsus “Thisa” markalı liftlərin üzərinə həbs qoyulması haqqında təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar tərəfindən şikayət verilmiş, qərardadın ləğv edilməsi və liftlərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 70.000 ABŞ dolları və 20 manat məbləğində pulun borclu MTK-dan Tələbkar xeyrinə tutulması barədə qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. xx.xx.2017-ci il tarixdən icraya yönəldilmiş həmin qətnamənin keçən 3 il ərzində qəsdən icra edilməməsi də aşkardır. Borclu MTK tərəfindən Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarının icrasına “barmaqarası” yanaşılması, qərarı icra etməmək üçün adından əmlakların çıxarılması və sair qanunsuz hərəkətlərin edilməsi də ortadadır. İcra məmurunun təqdimatını rədd edən Suraxanı Rayon Məhkəməsi, yalnız bircə sənədə - borclu MTK tərəfindən təqdim edilmiş “Thisa” Asansör İnş.İth.İhr.İç ve Dış Tic.Ltd.Şti tərəfindən tərtib edildiyi qeyd olunan fakturaya istinad etmiş və qeyd etmişdir ki, həmin fakturaya görə, dəyəri 36.000 ABŞ dolları və 21.000 ABŞ dolları məbləğində olan iki lift “xxxx” MMC-yə satılmışdır. Bununla bağlı bildirir ki, icra məmuru sözügedən liftləri “xxxx” MTK-nın həyətində və binasında aşkar etmişdir. Hündürmərtəbəli bina tikən MTK-nın isə başqa şəxsə məxsus liftləri öz ərazisində və binasında saxlaması barədə məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi təqdimata baxılması yeri və vaxtı barədə onu lazımi qaydada məlumatlandırmamış, işə tələbkarın iştirakı olmadan baxaraq onun hüquqlarını kobudcasda pozan qərardad qəbul etmişdir. Göründüyü kimi, Suraxanı Rayon Məhkəməsi həm də işə baxılması zamanı çəkişmə prinsipini də pozmuşdur. Həmçinin Suraxanı Rayon Məhkəməsinin öz qərardadında istinad etdiyi faktura hazırki mübahisənin həllində mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, qeyd olunan sənəddən görünür ki, xx.xx.2018-ci il tarixə aid olan faktura nə göndərən nə də ki, qəbul edən hüquqi şəxslərin nümayəndələri tərəfindən imzalanmamış, yükün göndərildiyi ünvan sahibinin “xxxx” MMC göstərilsə də, həmin əmlakın alıcıya təhvil verilməsini təsdiq edən sənəd, habelə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Qeyd edirik ki, texnikanın inkişaf etdiyi müassir bir dövrdə bu kimi sənədlərin (fakura) tərtib edilməsi hər hansı maraqlı şəxs üçün heç də çətin deyildir. Bundan başqa, həmin liftlərin “xxxx” MMC-yə 2018-ci ildə göndərildiyi qəbul edilsə belə, Suraxanı Rayon Məhkəməsi 2018-ci ildən bu günə qədər liftlərin MMC tərəfindən 3-cü şəxslərə, o cümlədən Borclu MTK-ya satılması ehtimalını yoxlamamış, başqa bir hüquqi şəxsə məxsus olduğu bildirilən əmlakın Borclu MTK-nın mülkiyyətində olan çoxmənzilli yaşayış binasında yerləşdirilməsinin səbəblərini araşdırmamış, bu hal heç Məhkəmədə şübhə də doğurmamışdır. Suraxanı Rayon Məhkəməsinin “diqqətindən yayınan” digər hal isə liftlər üzərinə həbs qoyulması barədə qərardadın Məhkəmənin “mülkiyyətçi” adlandırdığı “xxxx” MMC tərəfindən deyil, Borclu MTK tərəfindən mübahisələndirilməsidir. Əgər Suraxanı Rayon Məhkəməsi həqiqətən lifttlərin əsl mülkiyyətçisi kimi “xxxx” MMC-ni qəbul edirsə, o halda Borclu MTKnınşikayətini subyektiv hüququn olmaması əsası ilə rədd etməli idi və ya əgər “xxxx” MMCnin İftlərinə həbs qoyulmuş olsaydı və liftlər “xxxx” MMC-yə məxsus olsaydı, onda məntiqlə də qərardaddan şikayəti “xxxx” MMC verərdi. Lakin göründüyü kimi Suraxanı Rayon Məhkəməsi açıq-aşkar olan bu uyğunsuzluğa də göz yummuşdur. Bütün bu göstərilənlər onu təsdiq edir ki, Suraxanı Rayon Məhkəməsi liftlərin həqiqi mülkiyyətçisinin müəyyən edilməsində, məhkəmə qətnaməsinin icrasına yönəldilmiş təqdimatın əsaslı olub-olmaması istiqamətində araşdırma aparılmasında ümumiyyətlə maraqlı olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-139/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından Borclu MTK tərəfindən verilmiş şikayət rədd edilməlidir. Belə ki, iş materiallarından üzərinə həbs qoyulması xahiş edilən “Thisa” Asansör İnş.İth.İhr.İç ve Dış Tic.Ltd.Şti tərəfindən 36000 ABŞ dolları və 21000 ABŞ dolları məbləğində olan iki liftin “xxxx” MMC-yə satıldığı görünür. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi sözügədən liftlərin Borclu MTK-ya məxsus olmadığına əsaslanaraq onların üzərinə qoyulmuş həbsi götürmüş, bununla da maddi və prosessual hüququ normalarını pozmuşdur. Belə ki, sözügədən liftlər “xxxx” MMC-nin mülkiyyətində olduğundan, onların üzərinə həbs qoyulması Borclu MTK-nın hər hansı hüququna toxunmur, belə olan halda qeyd edilən qərardaddan məhz şikayətin dəlilində göstərilən əsasla şikayət verməkdə Borclu MTK-nın subyektiv hüququ olmamışdır. Həmin qərardad sözügədən lifltlərin mülkiyyətçisi olan “xxxx” MMC tərəfindən mübahisləndirilə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından Borclu MTK tərəfindən verilmiş şikayət rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-139/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-684/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından Borclu MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar