Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-518/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Borclunun nümayəndəsi və vəkili X5, Tələbkarın nümayəndəsi X6 iştirakı ilə, X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(005)-203/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, 07.04.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005)-329/2019 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda maddi vəziyyəti yaxşı olmadığından qətnaməni birdəfəlik icra edə bilmir. Hər ay tələbkara 160 manat aliment ödəyir. Qətnaməni yalnız ayda 100 manat olmaqla hissə-hissə ödəməyə imkanı çatır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 8(005)- 203/2021 saylı qərardadı ilə (hakim Kəmalə Əmirxanova) ərizə təmin olunmamış, qərardaddan narazı olan borclu ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, ərizəyə yenidən baxılması üçün iş yenidən həmin məhkəməyə göndərilmişdir. Borclu 16.07.2021-ci il tarixdə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin dəqiqləşdirilməsinə dair yeni ərizə ilə müraciət edərək, borcun ayda 300 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin ərizə üzrə ayrıca icraat başlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 8(005)-465/2021 saylı qərardadı ilə bu iş borclunun 07.04.2021-ci il tarixli ərizəsinə dair 8(005)-203/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(005)- 203/2021 saylı qərardadı ərizə təmin olunmamışdır. Qərardaddan narazı olan borclu ondan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 8(005)- 203/2021 saylı qərardadı təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə gəldiyi nəticəni, yalnız borlunun borcu birdəfəlik ödəmə imkanının olması ilə təsdiq etməyə çalışmışdır. Məhkəməyə təqdim edilmiş əmək kitabçasının surətindən isə görünür ki, o, üç ilə yaxın müddət ərzində işləməmişdir. Lakin həmin üç il müddətində ayda 160 manat olmaqla 6000 manat məbləğində pulu aliment kimi ödəmiş və digər maddi ehtiyacların qarşılanması üçün onda olan pullar xərclənmişdir. Qətnaməni hissə-hissə, yəni ayda 300 manat olmaqla, may ayından başlayaraq ödəyir. Məhkəmə tərəfindən bunların heç biri nəzərə alınmamış, əmlak vəziyyətinin və məişət şəraitinin araşdırılması üçün heç bir addım atılmadan, yalnız əsassız olaraq tələbkarın qərəzli mülahizəsinə əsaslanmaqla ərizəsi təmin edilməmişdir. Nəticədə, icra məmuru tərəfindən borcun guya ki, qərəzli ödənilmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqim edilmiş və məhkəmə barəsində on gün müddətinə inzibati həbs tənbeh növünün tətbiqini qərara almışdır. Bu da öz növbəsində ona iş yerində problemlər yaratmaqla, iş yerindən məhrum olma təhlükəsi ilə üz-üzə qoymuşdur. Əmək haqqından başqa heç bir yerdən gəliri olmadığına görə, işdən çıxarılsa nəinki borcu, hətta alimenti belə ödəmək iqtidarında olmayacaq. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi (vəkili) şikayətin dəlillərini müdafiə edərək, həmçinin bildirmişdir ki, borclu artıq 5 aydır ki, ayda 300 manat olmaqla tələbkara ödəniş edir, eyni zamanda ayda 160 manat da aliment ödəyir. Onun borcu bir dəfəyə ödəmək imkanı yoxdur, 3 ilə yaxın (2017-2020-ci illər ərzində) işsiz olub, hazırda işləsə də, əmək haqqısı daha artıq məbləğ ödəməyə imkan vermir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirk edən tələbkarın nümayəndəsi isə, şikayətə etiraz edərək, bildirmişdir ki, borclunun qətnaməni icra etmək üçün kifayət qədər vəsaiti var. Belə ki, o, əvvəllər 2000 manat maaş almış və 2018-ci ildə həmin işdən çıxan zaman ona 28.000 manat son haqq-hesab ödənilmiş, eyni zamanda qətnamə ilə tutulmalı olan 19245 manat da ona qaytarılmışdır. Lakin borclu hazırda əsassız olaraq qətnamənin icrasından yayınır. Ona görə də, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 267.1-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Həmçinin, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyinə və səmərəliliyinə xələl gətirməsin. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Borclunun hissə-hissə ödəmək istədiyi məbləğ (hər ay 300 manat) ümumi borc məbləğinin uzun müddət ərzində icra olunması ilə nəticələnə bilər ki, bu da qeyd edilən norma və prinsiplərə zidd olmaqla, tələbkarın da mənafeyinə uyğun deyildir. Həmçinin, borclu maddi vəziyyəti ilə bağlı da məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, şikayətin dəlillərini əsaslandırmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə əsassızdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(005)-203/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 8(005)-203/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-518/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-518/2021
05.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver