Məhkəmə qərarları › İş №8(103)-52/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-52/2021

03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-52/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-694/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-6/2019 saylı qərardadının Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsindəki 94 saylı evin 9-cu mənzilinin onun tərəfindən boşaldılaraq “xxxx” QSC-yə təhvil verilməsi hissəsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəni belə əsaslandırmışdır ki, iddiaçı “xxxx” QSC-nin verdiyi iddia ərizəsi əsasında işə baxmış Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixdə qəbul etdiyi qərardad ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər X3 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbinə dair mülki iş üzrə tərəflər arasında ağlanmış barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Həmin barışıq sazişinin 10-cu bəndinə əsasən, o, Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küçəsindəki 94 saylı evin 9-cu mənzilini boşaldaraq “xxxx” QSC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin hazırda onun yaşamaq üçün başqa yaşayış yeri olmadığından üzrlü səbəbdən həmin mənzili boşaldıb Banka təhvil verə bilmir, ona köçmək üçün yaşayış sahəsi tapmağına isə müəyyən müddət lazımdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim S.Ədilova, iş N 8(005)-694/20) ərizə təmin edilməmişdir. Borclu İ.Bəşirova həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Respublika ərazisində baş verən pandemiya nəticəsində sərt karantin qaydalarının tətbiq edilməsi, vətən müharibəsi nəticəsində ölkə ərazisində hərbi rejimin tətbiq edilməsi, maddi vəziyyətinin ağır olması, son zamanlar kirayə mənzillərə tələbatın artması nəticəsində kirayə haqlarının artımı və uyğun mənzil tapmaqda yaranan çətinliklər səbəbindən onun üçün yaşamağa başqa yaşayış sahəsi tapmaq mümkünsüz olmuş və hazırda onun yaşmaq üçün başqa yeri olmadığından üzrlü səbəbdən həmin mənzili boşaldıb tələbkar “xxxx” QSC-yə təhvil verə bilmir. Digər tərəfdən, mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin də mənzilin təhvil verilməsinə razılıqları alınmamış və qısa müddət ərzində onların da köçürülməsi mümkün olmamışdır. Onlar icra sənədinin icrasından imtina etmirlər, lakin qarşıdan gələn bu soyuq qış aylarında onları məcburi çıxarıb azyaşlı uşaqlarla birlikdə küçəyə atmaq qeyri-humanist addım olardı. Onlara sadəcə köçmək üçün yaşayış sahəsi tapmağa müəyyən müddət lazımdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi borclu ilə yanaşı tələbkarın mənafeyini, həmçinin borclu tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutların təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-6/2019 nömrəli qərardadının icrasına möhlət verilməsi barədə borclunun ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxxxx 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutlar təqdim edilməmişdir, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar