Məhkəmə qərarları › İş №8(103)-52/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-52/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-52/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İcra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 oğluna məxsus mənzilin üzərinə həbsin qoyulması ilə bağlı iş üzrə (Açar sözlər: borcluya məxsus əmlakın üzərinə həbs qoyulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-194/2024 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Məhkəmə icraatı, iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 336.000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana və 9 saylı cəza çəkmə müəssisəsinə göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün borcluya xəbərdarlıq ünvanlanmaqla icra sənədinin və qanunvericiliyin tələbləri bir daha izah edilmişdir. Lakin borclu icranı təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “EMF” sistemindən əldə edilmiş çıxarışına əsasən, Borclu1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzil aşkar edilmişdir.

3. Borclu1 təqdimata etiraz verərək, onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 28, mənzil 23 saylı, 9 otaqlı, ümumi sahəsi 195,16 kv.metr olan mənzil onun yeganə yaşayış yeridir. Qanuna görə, vətəndaşın yeganə yaşayış yerinin üzərinə həbsin qoyulması və müsadirə edilməsi birmənalı şəkildə qadağan olunmuşdur. Bundan başqa, icra məmurunun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərardan görünür ki, borclu qismində cəlb edilmiş Borclu1 mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmiş, bu səbəbdən də icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Bu qərarı qəbul etdikdən 6 ay sonra icra məmuru borclunun yeganə yaşayış yeri olan və ailəsinin ümumi mülkiyyəti hesab edilən mənzili hədəf seçərək, üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, icra sənədi üzrə tələbkar dəfələrlə əmlakların üzərinə həbs qoyulması və indeksləşdirmə ilə bağlı məhkəməyə müraciət etmiş, lakin sonradan naməlum səbəblərdən ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Sonuncu dəfə tələbkar əmlaklar üzərinə həbs qoyulması barədə tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(006)-47/2024 nömrəli qərardadı ilə onun öz xahişinə əsasən ərizə geri qaytarılmışdır. Bundan başqa, Bakı Hərbi Məhkəməsinin elan etdiyi xx.xx.2017-ci il tarixli, 1(093)-84/2017 nömrəli ittiham hökmündə tələbkara zərərin bilavasitə Borclu1 tərəfindən vurulması öz təsdiqini tapmamış, məhz bu səbəbdən onun həmin icraat zamanı verdiyi mülki iddia baxılmamış saxlanılmışdır. Bu və ya digər əsaslar üzrə zərərin əvəzinin ödənilməsinin bilavasitə ondan tələb olunması və tələbin yeganə yaşayış yeri olan mənzilə yönəldilməsi əsassız və tam qanunsuzdur. İcra məmuru hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl əmlakın tələbin yönəldilə biləcəyi əmlak olub-olmamasını araşdırmalı olduğu halda, bunu etməmiş, bununla da borclunun konstitusion hüquqları olan mülkiyyət və mənzil toxunulmazlığı hüquqlarını pozmuş, təqdimat verərək, məhkəməni də bu qanunsuz əməllərə cəlb etməyə çalışmışdır. Buna görə də iş üzrə ətraflı məhkəmə araşdırması aparılmalı, tələbkarın əsl siması, niyyəti və məqsədi ifşa edilməli, icra məmurunun belə bir təqdimatla məhkəməyə müraciət etməyə məcbur qalmasının səbəbləri araşdırılmalı və bu araşdırmaların nəticəsi olaraq təqdimatın rədd edilməsinə dair məhkəmənin əsaslı, ədalətli və qanuni qərarı qəbul edilməlidir. Göstərilən əsaslarla təqdimata qəti edilir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 194/202 nömrəli qərardadı ilə təqdimat təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkarın şikayəti qismən təmin edilməklə, həmin qərardadın ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən verilmiş borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimata, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 194/2024 nömrəli qərardadı ilə (hakim N.İ.Abbasov) təqdimat qismən təmin edilərək, borclu-xx.xx.1965-ci il təvəllüdlü Borclu1 məxsus olan Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin üzərinə tələb həcmində həbs qoyulması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Borclu1 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

7. Şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur. Borclu1 məhkum olunması barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(093)-84/2017 saylı hökmünün 117-ci səhifəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” xx.xx.2002-ci il tarixli 99 saylı Qərarının tələblərinə əsasən borclu və onun ailəsinin sanitariya normalarıçərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil üzərinə tələbin yönəldilməsinə yol verilmir. İbtidai və məhkəmə istintaqı zamanı müsadirəyə məruz qalan yuxarıda qeyd olunan əmlakların əldə olunma mənbəyi-yəni nə vaxt, nə zaman, hansı vəsaitlə alınması dəqiqləşdirilməli, xüsusi müsadirə predmeti ola biləcək əmlakların məhz cinayət yolu ilə əldə olunması faktı sübuta yetirilməlidir. Bildirir ki, üzərinə həbs qoyulması üçün verilən təqdimatda Borclu1 Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 28 saylı evin 23 saylı mənzili ona Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 31 iyul 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Möhtərəm Prezidentinin göstərişinə əsasən verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu,X6 küçəsi 28 saylı evin ümumi sahəsi 195,16 kv.m, yaşayış sahəsi 127,54 kv.m. olan 23 saylı mənzili Borclu1 adına qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən göstərilən mənzildə mülkiyyəti Borclu1, arvadı K.R.Axundova və iki uşaqları qeydiyyatdadırlar. Mülkiyyətçinin uşaqları X5 və X4 xaricdə təhsil aldıqları üçün müvəqqəti olaraq həmin mənzildə yaşamırlar. Bundan başqa, göstərilən mənzildə Borclu1 85 yaşlı yataq xəstəsi olan anası X2 da həmin mənzildə yaşayır. Bundan başqa, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarının 4.8-ci maddəsinə əsasən birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da ümumi birgə mülkiyyət hesab edilə bilər. Bu halda Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 28 saylı evin ümumi sahəsi 195,16 kv.m, yaşayış sahəsi 127,54 kv.m. olan 23 saylı mənzili Borclu1lə yanaşı, həm də X1 mülkiyyəti hesab edilir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Borclunun ailə üzvlərinin hər birinə məxsus mülkiyyətlərinin olması isə keçirilən məhkəmə prosesinin predmeti olmamışdır. Mənzilin qiymətləndirilməsi ilə bağlı bildirir ki, mənzilə baxış keçirilməmiş və göstərilən 517.174 manat müəyyən edilmiş qiymətin heç bir hüquqi əsası yoxdur. Göstərilən məbləğin hansı meyarlar əsasında müəyyən edilməsi bəlli deyildir. Həmçinin, qərardadda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(006)-3062/2021 saylı qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(103)-3895/2022 saylı qətnaməsi, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(102)-725/2023 saylı qərarına istinad edilərək borcun Borclu1 və Borclu2 tutulması göstərilmişdir. Qərardadın nəticə hissəsində isə borcun yalnız Borclu1 tutulması qərara alınmışdır. Bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadını ədalətli və qanuni hesab etmək olmaz.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

11. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na müvafiq olaraq, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-194/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməli olan məbləğ 336.000 manat təşkil edir.

16. Eyni zamanda, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr üçün 336.000 manat vəsait indeksasiya edilməklə Borclu1 Tələbkar xeyrinə 79.968 manat məbləğində vəsait tutulması qərara alınmış və icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.

17. İşdən həmçinin müəyyən edilir ki, Borclu1 mülkiyyətində Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 195,16 kv.m sahəsi olan mənzil var. “Sərraf-M” Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Borclu1 məxsus Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzilin bazar dəyəri 517.174 manat müəyyən edilmişdir.

18. Borclu mənzilin bu dəyərdən aşağı olması barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

19. Bundan başqa, işdə olan borclu birinci instansiya məhkəməsinə ünvanladığı icra məmurunun təqdimatına qarşı etirazında bildirmişdir ki, ailə üzvləri ilə birgə xüsusi mülkiyyətlərində olan əmlaklarla bağlı aralarında bölgüyə əsasən Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzil onun payına düşmüş, Mərdəkan qəsəbəsi, 475 saylı ünvanda yerləşən bağ sahəsi onun həyat yoldaşının payına düşmüş, ünvan 1 ünvanında yerləşən mənzil qızının payına düşmüş, ailə üzvlərinin razılığı ilə bu pay bölgüsünə əsassən dövlət reyestrində hüquqların dövlər qeydiyyatı aparılmış və buna müvafiq çıxarışlar alınmışdır. Bakı şəhəri Nəsimi rayonu, X6 küçəsində yerləşən 28 saylı evin 23 saylı mənzil anası ilə birgə yaşaya biləcəyi yeganə ünvandır.

20. İş materiallarından həmçinin müəyyən olunur ki, borclunun oğlunun mülkiyyətində də daşınmaz əmlaklar mövcuddur.

21. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan mənzilin üzərinə tələb həcmində həbsin qoyulması barədə düzgün nəticəyə gəlmişdir.

22. Kollegiya bununla bağlı qeyd edir ki, həmin mənzilin müəyyən edilmiş dəyəri ilə icra sənədi üzrə borc ödənildikdən sonra, qalan məbləğ borcluya sanitariya normaları çərçivəsində yaşamasını təmin edəcək mənzil ilə təmin edilməsinə sərf oluna bilər.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 194/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar