Məhkəmə qərarları › İş №8(103)-523/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-523/2020

27.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-523/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu adına “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Tələbin sözügedən əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədə müvafiq hesab edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9654/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması, qərardadın icrasının Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulmuş avtomobil borclunun ailəsinin yeganə gəlir mənbəyidir. Borclu taksi sürücüsü olaraq çalışır. Gəliri stabil deyil. Ölkə ərazisində sərtləşdirilmiş karantin rejimi elan edilərkən, məcburi evə qapanmalarla əlaqədar olaraq 2020-ci ilin mart ayından bu günə qədər maliyyə vəziyyəti xüsusilə pis olmuşdur. Ailə üzvlərindən heç biri işləmir, himayəsində yetkinlik yaşına çatmayan azyaşlı uşaq vardır. Sözügedən qərardadla əmlak üzərinə həbs qoyulması nəticəsində borclu həmin nəqliyyat vasitəsini istifadə edə bilmir. Bu isə gəlirdən məhrum olmağımla nəticələnərək həm onun dolanışığını təmin etməyini, həm də tələbkar qarşısında olan öhdəliklərini yerinə yetirməyini mümkünsüz edir. Borclunun mülkiyyətində olan “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərinə həbsin qoyulması onun öhdəliklərini yerinə yetirməyinə əngəl törətdiyindən, sözügedən qərardad ləğv edilməli və əmlak üzərinə qoyulan həbs götürülməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən borclunun Tələbkar ASC-yə olan kredit borcu restruktruzasiya olunan məbləğlər siyahısına düşmüşdür. Borclunun Tələbkar ASC-yə olan borcu restruktizasiya olunduğundan, halhazırda onun borcu 11437.22 manat təşkil etmir. Belə ki, onun borcu 5800 manat civarında olacaqdır. Borclunun maddi vəziyyəti imkan verdiyi qədər borclarını ödəmişdir. Borclu sözügedən banka olan borclarından birini tamamilə bağlamış, indi isə hazırki borcunu ödəməyə başlayacaqdır. Borclu öhdəliklərindən qaçmır. Bir kredit müqaviləsi üzrə olan borcunu ödəyib bitirməsi bunu sübut edir. Bu səbəbdən də məhkəmə qərar qəbul edərkən onun şəxsiyyətini xarakterizə edən halları nəzərə almalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını və borclunun şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin əmlakın üzərinə həbs qoyulmasına dair qərardadı dəyişdirilməlidir. Belə ki, işin halları və şikayətin məzmunu ilə müəyyən edilir ki, borclu üzərinə həbs qoyulmuş avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur və bu onun yeganə gəlir mənbəyidir. Bununla yanaşı, onun borcun ödənilməsindən yayınması halı müəyyən edilmir. Qeyd edilən halları nəzərə alaraq kollegiya hesab edir ki, borclunu gəlir mənbəyindən məhrum etməməklə sözügedən avtomobilin özgəninkiləşdirilməsi və başqa şəxslərin adına sədənləşdirilməsinin borclu və digər şəxslərə qadağan edilməsinin tətbiqi daha məqsədəmüvafiqdir. Beləliklə apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin, avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı dəyişdirilərək Borclu “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin özgəninkiləşdirilməsi və başqa şəxslərin adına sənədləşdirilməsi Borclu və digər şəxslərə qadağan edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilsin. Borclu məxsus “Naz LF162C 620” markalı, **-TR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin özgəninkiləşdirilməsi və başqa şəxslərin adına sənədləşdirilməsi Borclu və digər şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar