Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-524/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 25.192,72 (iyirmi beş min bir yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulmalıldır. İcra sənədi şöbənin icraatına xx xxx 2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzili Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzili üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 8(005)- 577/2020 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbsin qoyulmasına dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar X3 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və icra məmurunun müvafiq təqdimatının təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tam əsassız və qeyri-qanunidir. Ona görə də hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı təmin edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-92/2018 nömrəli icra sənədinin surətindən görünür ki, müvafiq icra sənədinə əsasən Borclu cəmi 25.192,72 (iyirmi beş min bir yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulmalıldır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən xx xxx 2020-ci il taridə 300 (üç yüz) manat, xx xxxx 2020-ci il tarixdə 100 (bir yüz) manat, xx xxxxxx 2020-ci il tarixdə 100 (bir yüz) manat, xx xxxxxxxx 2020-ci il tarixdə 250 (iki yüz əlli) manat, xx xxxxxxx 2020-ci il tarixdə 1.000 (bir min) manat və xx xxxxxxx 2020-ci il tarixdə 1.000 (bir min) manat məbləğində müvafiq icra vərəqəsi üzrə tələbkar şəxsin xeyrinə ödəniş etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumatın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzili Borclu mülkiyyətində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Borclu oğu-satıcı ilə X4-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili 74.000 (yetmiş dörd min) manat məbləğində almağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, təqdimatı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı”nın 1-ci bəndinə əsasən, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) icra sənədi icra olunarkən tələbin həmin əmlaklara yönəldilməsinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməməsi barədə gəldiyi nəticəni üzərinə həbs qoyulması istənilən əmlakın borclunun yeganə yaşayış yeri olmasını, həmin əmlakın artıq digər şəxsə satılması və tələbkarın xeyrinə müvafiq məbləğdə ödəniş etdiyi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzilinin Borclu yeganə yaşayış yerinin olubolmaması, həmin əmlakın satışından əldə edilmiş pul vəsaitindən tələbkarın borcunun ödənilməməsinin səbəbləri lazımi qaydada araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-92/2018 nömrəli, xx xxx 2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 12 nömrəli evin 10 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə təqdimata yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-524/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-524/2020
01.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver