Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-525/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu Binəqədi rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-946/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüldü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. İcra vərəqəsi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlanılaraq tələbin icrası barədə bildiriş tərəflərə göndərilmişdir. Borclu qeydiyyat ünvanına tələbin icrası barədə bildiriş göndərilmiş, lakin, borclu Bakı şəhər Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş və barəsində olan aliment borcunu ödəməmişdir. Anar Hümbətova məxsus **********, ********** nömrələri ilə əlaqə saxlanılaraq şöbəyə dəvət edilsə də, gəlməmişdir. Anar Hümbətova məxsus nəqliyyat vasitələri üzərinə həbs qoyulması məqsədilə məhkəməyə təqdimatlar verilmiş, o, heç bir məhkəmə iclaslarına gəlməmiş, qərardadlardan apelyasiya şikayətləri vermişdir. Göründüyü kimi, Anar Hümbətov barəsində olan məhkəmənin qanuni qüvvəsini almış aktdan xəbərdardır, aliment borcunun olduğunu bildiyi halda qərəzli olaraq alimenti ödəməkdən yayınmağa çalışır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-215/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 8(103)- 376/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(001)-215/2020 saylı qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin Borclu Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun məhkəmə qətnaməsinin icrasından yetəri qədər məlumatı olmuş, hətta ilkin vaxtlar qətnamənin icrasın da təmin etmişdir. Sonradan borc yarandığı vaxtdan Borclu dəfələrlə zəng edilməsinə baxmayaraq İcra və Probasiya Şöbəsinə gəlməkdən yayınmışdır, bu barədə akt da tərtib edilmişdir, uşaqların mənafeyi naminə qətnamənin icrasına nail olmaq üçün 8(001)- 215/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, qeyd edilən maddənin tərkib hissəsinin yaranması üçün iki haldan birinin mövcudluğu yəni, icra məmurunun çağırışı ilə gəlməmək və yaxud icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilməlidir. Buna görə ilk növbədə icra məmuru icra sənədi daxil olduqda qanunvericiliyin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Eyni zamanda bildirişdə təyin olunan müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İş materiallarından görünür ki, təqdimata Borclu ünvanlanmış xx.xx.2018-ci il tarixli könüllü icra barədə bildiriş əlavə edilsə də, bildirişin borcluya göndərilməsini və borclu tərəfindən bildirişin alınıb-alınmamasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanaraq icra işi tələb edilsə də və həmin məktub Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında icra məmuru iştirak etməmiş və icra işi məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatını təmin etməməkdə haqlı nəticəyə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə, kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsinin mübahisəsiz olaraq vacib olsa da, şəxsin hər hansı hüquqlarının məhdudlaşdırılması zaman qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar mütləq şəkildə gözlənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-215/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-525/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-525/2020
02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver