Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-526/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ələm qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadından tələbkar Borclu qızı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə Borclu qızının Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 13 may 2021-ci il tarixli qərarının ləğv edilməsinə və icra məmurunun dəyişdirilməsinə dair ərizəsi daxil olmuşdur. Ərizəçi Borclu qızı məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı 24.01.2020-ci il tarixli icra vərəqəsinə əsasən, 19.07.2015-ci il təvəllüdlü Zəhra Sənan qızı cavabdeh X2 alınıb onun himayəsinə verildiyi gündən alimentin tutulması dəyişdirilərək, cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə 01 fevral 2021-ci il tarixdə icraat başlanmışdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsində həmin tarixdən hal-hazıradək X3 cavabdehdən alınaraq onun himayəsinə verilməsi təmin edilməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarını icra etmir. Bu barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinə etiraz ərizəsi ilə müraciət etmiş, şöbənin 13 may 2021-ci il tarixli “etirazın təmin edilməməsi barədə” qərarı ilə etirazı təmin edilməmişdir. Həmin qərarda qeyd olunanlar obyektiv həqiqəti əks etdirmir. Qızı Zəhra azyaşlıdır, icra şöbəsinə də qızını cavabdeh deyil, keçmiş qaynanası gətirir. Qızı onu görəndə qorxaraq ağlayır, keçmiş qaynanasından qorxaraq çəkinərək onun yanına gəlmir. Qaynanası ali hərbi məktəbdə tibb bacısı işləyir, cavabdeh isə hərbçidir. Uşağa baxa bilmirlər. Onun uşağına kim baxır, kim tərbiyə edir, bilinmir. Keçmiş qaynanası saxta həkim sənədini təqdim edib, icraçı Şəfəq Neymətzadə də saxta sənədi işin içinə qoyub. 2017-ci ildə həmin saxta sənədi o, icra məmurundan almışdır. Qızı Zəhra nənəsinin psixi təsiri altında fikir söyləyir. Uşağın belə bir durumda dindirilərkən onun yanına gəlməkdən imtina etməsi heç də icra sənədinin icrasının qeyri-mümkün olması hesab edilə bilməz. Bu zaman uşağın əsl istəyinin aşkar edilməsi üçün icra tədbirində digər əlaqəli əməkdaşların da iştirakı təmin edilməli, icra tədbiri peşəkarlıqla həyata keçirilməlidir. Amma icra tədbirləri səthi və formal aparılır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 13 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin Xəzər rayon icra şöbəsi tərəfindən deyil, Yasamal, Nizami, Binəqədi və Nərimanov rayonlarından hər hansı birinin icra şöbəsi tərəfindən icra edilməsi, bu mümkün olmadıqda icra məmurunun dəyişdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(003)-176/2021 №-li qərardadına əsasən, Borclu qızının Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 13 may 2021-ci il tarixli qərarının ləğv edilməsinə və icra məmurunun dəyişdirilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tələbkar Borclu qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(003)-176/2021 №-li qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qətnaməsinin icrası ilə bağlı mən hər zaman tələbkar uşağı ilə görüşmək üçün Yavsamal rayonunda Xəzər rayonunda yerləşən Xəzər rayon İcra şöbəsinə 50-60 km məsəfəni qət edərək üç marşrut dəyişməklə, gəlib gedir və hər zaman da məhkəmə qətnaməsinin icrası baş tutmadığı halda onun vaxtı gedir və məsafə uzun olduğundan o, Xəzər rayon İcra Şöbəsinə gəlib-gedə bilmir. X4 adlı uşağının alınıb ona verilməsinə dair icra işi Nemətzadə Şəfəq və Mübariz Abbasova adlı icra məmurlarına həvalə edilmişdir. Hər iki icra məmuru iş üzrə qətnamə icraatlarına daxil olan gündən onu icra şöbəsinə dəvət edərək bildirmişlər ki, uşaq qəti olaraq onu istəmir, ondan imtina edir və onu görmək istəmir. Hər iki icra məmuru 4-5 dəfə uşağı ona yalnız uzaqdan göstərmişlər, uşaq isə psixoloji stres vəziyyətində ona yaxın gəlməmiş və icra məmurları da belə qənaətə gəlmişlər ki, uşaq alınıb ona verilə bilməz. Bildirmək istəyir ki, bütün bunlar hər iki icra məmurunun cavabdehin onlara verdiyi rüşvət əsasında qurulan bir oyun olmaqda qalır. Belə ki, onun dəfələrlə psixoloq tərəfindən və hər iki icra məmurlarına etdiyi şikayət və xahişi nəzərə alınmamış, Şəfəq Nemətzadə isə ona hər dəfə qəti olaraq bildirmişdir ki, uşaq ona verilməyəcək. Hesab edir ki, Bakı şəhəri Xəzər rayonu icra şöbəsinin icra məmurları məhkəmə qətnaməsinin icrasının həyata keçirilməməsində cox maraqlıdırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-176/2021 saylı, 12.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar Borclu qızı şikayətə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X5 və icra məmuru səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin 13 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar X1 icra məmurunun dəyişdirilməsi barədə etirazı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddələrinə əsasən təmin olunmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.2-ci maddəsinə əsasən, icra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa, yaxud icraatın nəticəsində maraqlıdırsa, yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər. Etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir. İcra məmuru Qanunun həmin bəndinə istinad edərək, icra sənədi üzrə artıq icraata başlanıldığını bildirmiş, etirazı təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq bu qənaətə gəlir ki, icra məmuru tərəfindən icra işinin həyata keçirilməsi ilə bağlı ona etiraz verilməsinə əsas ola biləcək hər hansı hal mövcud deyildir. Ərizəçi öz şikayətində icra məmurunun qətnaməni icra edilməsini təmin etmədiyini və uşağının alınaraq ona verilmədiyini göstərsə də, digər tərəfdən uşağının ona yaxın gəlmək istəmədiyini, psixoloji stress yaşadığını bildirir. Göründüyü kimi, qətnamənin icra olunmaması tələbkarla uşağının arasında emosional bağlılığın olmaması, uşağın anada qalmaq istəməməsi ilə bağlıdır. Bu vəziyyət isə icra məmurunun təqsiri üzündən baş verməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-176/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-526/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-526/2021
14.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver