Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-528/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)- 1683/2017 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev Borclu məxsus olan avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-359/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli icra sənədinə əsasən, Borclu 13.891 (on üç min səkkiz yüz doxsan bir) avro məbləğində kredit borcu və 19,80 (on doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borcun ödənilməsi girov qoyulmuş “Mercedes Benz-200” markalı, **- RN-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılaraq banka olan kredit borcu ödənilməli, qalan məbləğ Borclu verilməlidir. Satışdan əldə edilmiş pul borc məbləğinin ödənilməsi üçün yetərli olmadıqda tələb borclunun digər əmlakına yönəldilməlidir. İcra sənədi könüllü icra olunmamışdır. İcra məmuru borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular göndərmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2 xx xxxxxx 2016-cı il tarixli məktubuna əsasən Borclu adına “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı, RAF 2203 mikroavtobus minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 200” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, “X1” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21070” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra məmuru qeyd edilənlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-359/2007 nömrəli, xx xxxx 2007-ci il tarixli məhkəmə əmrinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına olan “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı, RAF 2203 mikroavtobus minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES 200” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı, “X1” minik markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21070” minik markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borcun həcmi miqdarında həbs qoyulmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakim G.Əsədova, iş № 8(005)-1683/17) təqdimat təmin edilərək adı çəkilən avtomobillərin, o cümlədən “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar Açıq Səhmdar Cəmiyyəti xx xxx 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadının ləgv olunması və “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsilə Tələbkar Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(005)- 1683/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(005)-1683/2017 nömrəli qərardadının dəyişdirilməsi, Borclu məxsus “Daewoo Espero” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Borclu xx xxxxxx 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayətində qərardadın ləğv olunmasını, icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil, üzərinə qoyulmuş həbs götürüldükdən sonra hərraca çıxarılmışdır. 12000 avroya aldığı avtomobil 1000 manata satılmışdır. Məhkəmə avtomobil üzərindən həbsi götürərkən onu dəvət etməmiş, hərracda iştirakı təmin edilməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə, “Daewoo Espero” minik markalı, **- HU-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsilə Tələbkar ASC tərəfindən alındığından həmin əmlak üzərinə qoyulmuş həbs tələbkarın ərizəsi əsasında götürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qərarlarının icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, icra məmuru tərəfındən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb borclunun əmlakına icra ödənişinin ödənilməsi və icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır və qeyd edir ki, şikayətin məzmunundan da göründüyü kimi borclu hərracın nəticələrindən narazıdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, borclu hərracın nəticələrini ayrıca icraatda mübahisələndirə və hətta mübahisə predmeti barəsində iddianın təmini tədbirinin görülməsini xahiş edə bilər. Göründüyü kimi, bu barədə şikayətdə göstərilən dəlillər əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-528/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-528/2020
25.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver