Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-529/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından borclu X3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən, X1 130.000 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. X5, qətnamənin icra üsulunu və qaydasını dəyişərək, hər ay 3000 manat ödəniş olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Borclu, həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, yenidən ərizəyə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı tələbkarla hissə-hissə ödəməsinə dair razılığa gəlmələrinə baxmayaraq, məhkəmə tərəfindən ərizə təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəni rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclunun ərizədə istinad etdiyi hallar icra sənədinin hissə-hissə icra edilməsi üçün kifayətedici əsas deyil. Lakin məhkəmə tərəfindən X5un əmlak vəziyyətinin borcu ödəməyə imkan verməməsi, qazancı barədə sənədlər və s. araşdırılmamışdır. Eyni zamanda, işdən görünür ki, Tələbkar, xx.xx.2020-ci il tarixdə ərizə ilə Yasamal rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu tərəfindən 12.352 ABŞ dolları ödəniş edildiyini və qalan məbləğin hər ay 3000 manatdan az olmamaqla ödənilməsi barədə razılığa gəldiklərini bildirmişdir. Məhkəmə isə, icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəyə baxarkən tələbkarın bu razılığını nəzərə almadan və qeyd olunan məsələləri aydınlaşdırmadan ərizənin rədd olunması barədə qərardad qəbul edilmişdir. Həmin qərardaddan borclu tərəfindən şikayət verilmiş, tələbkar isə bundan xəbərdar olduqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkməyə daha bir ərizə təqdim edərək, borcun hissə-hissə icra olunmasına qəti şəkildə razı olmadığını və əvvəlki ərizəsinin formal xarakter daşıdığını bildirmişdir. Göründüyü kimi, həll olunan məsələ ilə bağlı tələbkarın mövqeyi ziddiyyətli olmaqla, aydın deyil. Rayon məhkəməsi isə, qərardaddan verilmiş şikayətə baxarkən, heç bir hüquqi əsaslandırma aparmadan onun sonuncu ərizəsini əsas götürmüşdür. Belə olan halda, Kollegiya hesab edir ki, icra işi öyrənilməklə borcun icra edilməməsinin səbəbləri aydınlaşdırılmalı, borclunun əmlak vəziyyətinin tam və hərtərəfli yoxlanılması və qətnamənin icrası üçün görülmüş icra tədbirləri araşdırılmalı, borclunun və tələbkarın dəlilləri, habelə icra məmuru dinlənilməklə ərizə həll edilməlidir. Ona görə də, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı və yuxarıda qeyd olunan hallar yoxlanılmaqla ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-594/2020 saylı, 17 sentyabr 2020-cu il tarixli qərardadı ləğv edilsin, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-529/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-529/2020
02.12.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver